Diqqət: Bütün diktatorların övladlarına!

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

 Atalarınızdan imtina edin. Nə qədər gec deyil, imtinanı rəsmiləşdirin. Artıq dünya öz düzənini dəyişib. Daha zaman diktatorların xeyrinə deyil. Əgər yetkinlik yaşına çatmısınızsa, müstəqil həyata başlayın. Mənsub olduğunuz millət sizə sahib çıxacaq. Həm də atalarınızdan daha yaxşı. Yox, əgər həddi-büluğa çatmamısınızsa, uşaq evlərinə üz tutun. Millətiniz sizləri yetim kimi böyüməyə qoymayacaq. Bir şəxsin atası millət olarsa, o, əbədiyaşar olar. Əbədiyaşarlıq şansınızı itirməyin. Diktatorların mərmər sütunlu saraylarında yatmayın. Onların saraylarındakı qablarda yemək yeməyin, su belə içməyin. Kimsə diktatorları sevmir. Sevənlərin sevgisində belə məqsədli riya gizlənir. Ətraflarındakı hər kəs onlardan vasitə kimi istifadə edir. Diktatorlar qorxaq olurlar. Onların ətrafındakıların qorxusu isə artıq çoxtərəfli fobiyaya çevrilib. Məhz qorxaq böyüməmək üçün çıxın o saraylardan. Diktatorlar çox qorxulu xəstədirlər. Çünki diktatorluğun özü xəstəlikdir. Bütün dünya bu xəstəliyə qarşıdıır. Bu xəstəliyin epidemiyaya çevrilmə şansı çox böyükdür. Evlərinizdən çıxın. Nə qədər ki, o xəstəliyə bulaşmamısınız, həmən uzaqlaşın o saraylardan. Özünüzlə heç nə götürməyin. Hətta yeni qiyafə alan kimi əyninizdəkiləri çıxarın və yandırın. Diktatorlar sonda ölürlər. Lakin hamı kimi ölmürlər. Yaşam tərzlərinə uyğun olaraq öldürülürlər. Hətta bütün öldürülənlər kimi də öldürülmürlər. Diktatorların çoxlu sərvətləri olur. Lakin o sərvət hələ heç bir diktatoru öz faciəli sonundan xilas etməyib. Əksinə, sərvət bolluğu diktatorun cəlladı olub. Həmin sərvət diktatorların övladlarına da yetişmir. Çalışın, gözünüzü heç nə qamaşdırmasın. 50 ilə yaxın Suriyada rəhbərlik edən Hafiz Əsəd özündən sonra çox pis ənənə qoydu. Oğlunu – Bəşər Əsədi Suriyanın başına bəla olaraq qoydu və getdi. Unutmayın, Bəşər Əsəd də saray həyatına aldanaraq qalan və sonucda diktatorluq xəstəliyinə bulaşan diktator övladlarındandır. Amma Suriya xalqı 3.000 deyil, lap 30.000 min də qurban versə, Bəşər Əsədi devirəcəklər. Lap Hüsnü Mübarəki misirlilər devirən kimi. Hafis Əsəd dünyada bəlkə də ən pis ata və babadır. Xalq Bəşər Əsəd rejimini devirəndən sonra nəinki onun özünün, hətta övladlarının belə taleyi şübhə altındadır. İnanmıram ki, normal baba öz övladlarına bu qədər zülm edə. Hüsnü Mübarək dünyanın ən varlı diktatoru idi. Adamın sərvəti 80 milyarda çatırdı. Amma bu gün hər bir sahibsiz dustaq kimi nəinki özü, hətta övladları belə “balanda” içir. Olmazdımı 32 il deyil, məhz qanunun icazə verdiyi qədər millətinə rəhbər olasan. Qənim deyil, məhz rəhbər. Səddam Hüseynin sonluğu isə əsl faciə idi. Adam 28 il xalqına zülm etdi. O, əsl diktator idi. Çağdaş dünyamızın əsl diktatoru. Adam qızıl xəstəsi idi. Hər əşyasını qızıla tutmuşdu. Amma bədbəxt idi. Sonunu düşünməyən bədbəxt. Həbs olunanda bütün dünyaya meydan oxuyan diktator bir it yuvasında gizlənmişdi. Süfrəsindən quş südü əskik olmayan bu insan qatilinın “daxılında” 2 pomidor, 3 xiyar, 5 banan və quru çörək var idi. Adamı normal ölməyə belə qoymadılar. Bunları xatırlatmaqda xeyir var. Məhz ona görə xatırladıram. Səddamın oğulları da atalarının xəstəliyinə bulaşmışdılar. Elə ona görə də onlara toxunmadan parça-parça etdilər. Ən dəhşət saçan güllələrlə. Hətta körpə nəvələrinə belə rəhm edilmədi. Liviya diktatoru Müəmmər Qəzzafi hakimiyyəti naminə övladını belə qurban verdi. Bu, sizin üçün bir siqnal olmalıdır. Övladına belə rəhm etməyən ata sizə lazımdırmı? Əsla. Adam 42 il idi ki, millətinə zülm edirdi. Düz 42 il idi ki…

Bu 42 rəqəmi mənə heç də xoş olmayan nələrisə xatırladır…

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button