Direktor: “Ölən uşağın ailəsinin klinikaya olan borcu silinib” – Yenilənib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev bu səhiyyə ocağında 5 yaşlı uşağın ölüm faktı ilə bağlı açıqlama yayıb.

Xural.com-un report.az-a istinadən verdiyi xəbərə görə, S.Musayev bildirib ki, 5 yaşlı Hövsan sakini Ömər Fətəliyev martın 7-də saat 19:36-da Ə.Qarayev adına 2 saylı Bakı Şəhər Klinik Uşaq Xəstəxanasının reanimasiya şöbəsindən ağır vəziyyətdən Tədris Terapevtik Klinikasına köçürülüb.

O qeyd edib ki, həmin vaxt uşaqda komatoz vəziyyət qeyd olunub, bəbəklərin işığa, bədənin ağrı qıcığına reaksiyası olmayıb:

“Uşaq demək olar ki, heç bir fizioloji reflekslərə cavab verməyib, hətta həkimlər tərəfindən zondla qidalandırılırmış. Valideynlərin dediyinə görə, uşaqda martın 4-də bağçadan evə gələn zaman yüksək hərarətlə müşayiət olunan qusma halı baş verib. Anası ilkin tibbi yardım kimi uşağa qızdırma salan “Nurofen” adlı dərman vasitəsi verib. Dərman kömək etmədiyindən, gecə təcili tibbi yardım çağırıblar, onlar uşağa müəyyən köməkliklər ediblər. Martın 5-də uşağın vəziyyəti yaxşılaşmadığı üçün poliklinikaya, oradan da Əmircandakı xəstəxanaya göndərilib. Sonra həkimlər edilən müdaxilələrin yersiz olduğunu başa düşdükləri üçün uşağı 1 saylı Şəhər Klinik Xəstəxanasına göndəriblər. Burda rentgen, USM müayinəsi aparılaraq, heç bir cərrahi problem olmadığı deyilib. Sonra onu Qarayev adına Uşaq Xəstəxanasına gətiriblər. Burada reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman həkimlər uşaqda yüksək hərarət və onun huşunun alaqaranlıq olduğunu aşkar ediblər. Sabahı gün isə uşaq koma vəziyyətinə düşüb”.

S.Musayevin sözlərinə görə, Qarayev adına Uşaq Xəstəxanasında edilən müdaxilələrin heç bir nəticə vermədiyini görən valideynlər onun Tibb Universitetinin Tədris Terapevtik Klinikasına köçürülməsi üçün müraciət ediblər:

“Uşaq reanimasiya şöbəsinə yerləşdirilən zaman onun vəziyyətinin ağırlaşdığı və yaşama şansının çox aşağı olduğu haqda valideynlərinə məlumat verildi. Buna baxmayaraq, valideynləri uşağın Klinikaya qəbul olunması üçün xahiş etdilər. Klinikada həkimlər tərəfindən bütün intensiv reanimasiya tədbirləri görüldü, təcili müayinələr aparıldı. Amma buna baxmayaraq, ayın 9-da saat 7 radələrində uşaq həyatını itirdi”.

Direktor vurğulayıb ki, Klinikada olduğu iki gün müddətində uşağa ensefalit, beyin ödemi, (plevrit və pnevmoniya), sepsis diaqnozu qoyulub. Həmçinin uşaqda poliorqan (qaraciyər, ağciyər və ürək çatışmazlığı) aşkar edilib:

“Uşaq eyni zamanda Klinikaya köçürülməzdən əvvəl valideynlərinə Klinikanın Nazirlər Kabinetinin 1 dekabr 2010-cu il tarixli 361S saylı sərəncamına əsasən, özünümaliyyələşdirmə prinsipi ilə (təsərüfat hesablı olduğu) fəaliyyət göstərdiyi bildirilib. Valideynləri bu barədə heç bir problem olmadığını qeyd edərək, müvafiq müqavilə imzalayıblar”.

S.Musayev onu da qeyd edib ki, qaydalara əsasən, Klinikada ölüm hadisəsi baş verdikdə və ya xəstə evə yazılan zaman borcların olması haqda həmin şəxslərə məlumat verilir.

5 yaşlı Ömər Fətəliyevin klinikaya 409 manat borcu qalıb. Surxay Musayev həmin borcun artıq silindiyini deyib:

Ailə getməmişdən qabaq burada hər kəslə halallaşıb borcu qaytaracaqlarını demişdilər. Mən isə ailəyə borcun silinməsi ilə bağlı məlumatın çatdırılmasını istədim. Uşağın nənəsi Təranə xanıma bu məsələ deyilib. Onunla danışanda ailənin bütün üzvləri yanında olub. Mən direktor kimi əmr imzalamışam və borc silinib. Çünki ölüm halları olanda adətən imkansız ailələlərə belə edirik”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button