Dissident şair İsfəndiyar Coşğunun şeirləri ilk dəfə strateq.az-da-“SANDIQ ƏDƏBİYYATI”

Məhəmməd Hatəmi Tantəkinin vəsiyyəti millətin ixtiyarında…

İsfəndiyar Coşğun Azərbaycanın XX əsr tarixinin önəmli şairlərindən biridir. Əslən Cənubi Azərbaycandan olan şairin Milli Azadlıq Hərəkatında da xidmətləri olub. Onun milli hissləri tərənnüm edən, yadların millətimizin başına açdığı oyunları nəzmə çəkən şeirləri 1988-ci ildə başlayan “Meydan” hərəkatında dillər əzbərinə çevrilib. Xüsusilə, rusların Azərbaycana etdiklərini sərt dildə səsləndirən şair, heç nədən qorxmadan hələ Sovet dövrünün “dəmir pərdə”sinin güclü olduğu zamanlarda bu gerçəkləri millətinin diqqətinə çatdırıb. O zamanlar təbii ki, bu cür şeirlər və əsərlər nəinki qadağan idi, hətta onu oxumaq, dinləmək də hünər tələb edirdi. Amma İsfəndiyar Coşğun qorxmadan bu şeirləri yazır, milli düşüncəli insanlar isə əzbərləyir, beləcə, bu şeirlər dillərdən-dillərə nəsillərdən-nəsillərə ötürülürdü. İsfəndiyar Coşğun zəmanəsinin dissident şairi idi və özü demiş, “o saf cığırla tək gedən” də elə özü idi.

Uzun illər İsfəndiyar Coşğunun şeirləri elə gizlin də qalıb. Amma bu günlərdə bir təsadüf İsfəndiyar Coşğunun “sandıq şeirləri”nin bir hissəsini rastımıza çıxarıb. Belə ki, onun külliyyatının bir hissəsi tarixin əmanətçiləri tərəfindən bizə təqdim olunub. Milli Azadlıq Hərəkatının görkəmli liderlərindən biri olan Məhəmməd Hatəmi Tantəkinin şəxsi arxivinə məxsus olan bu böyük sərvəti, onun qardaşı Tomrid Hatəmi Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Nemət Pənahlıya təqdim edib. (Qeyd edək ki, İsfəndiyar Coşğunun şeirlərinin bir surəti də şairin özü tərəfindən Nemət Pənahlıya təqdim olunub və onun millətə çatdırılması vəsiyyət edilib. Ancaq 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Nemət Pənahlının evində aparılan axtarış zamanı həmin şeirlər götürülüb və qaytarılmayıb). Bu təqdimat da rəhmətlik Məhəmməd Hatəmi Tantəkinin vəsiyyəti əsasında olub. Bu sətirlərin müəllifi Məhəmməd Hatəmi Tantəkinin son günlərində həmin vəsiyyətin şahidi olub və bu minvalla İsfəndiyar Coşğunun şeirləri bizə qədər gəlib çıxıb. Nemət Pənahlı isə dərc olunmaq və millətə çatdırılmaq üçün İsfəndiyar Coşğunun şeirlərini mənə təqdim edib.

Məhəmməd Hatəmi Tantəkinin vəsiyyətini həyata keçirmək üçün İsfəndiyar Coşğunun şeirlərini eksklüziv olaraq strateq.az saytında yayımlamağa başlayırıq. Zaman-zaman dərc olunacaq bu şeirləri bəlkə bir gün kitab halında da Oxucuların ixtiyarına vermək olar və inanıram ki, o günü görəcəyik.

Milləti ayaqda saxlayan şeirlərin müəllifi dissident şair İsfəndiyar Coşğuna, bu külliyyatı göz bəbəyi kimi qoruyub qardaşı Tomridə əmanət edən Məhəmməd Hatəmi Tantəkinə Allahdan rəhmət diləyir, bu qiymətli əsəri qoruyub Nemət Pənahlıya verən Tomridə və nəhayət, onu əsl sahibinə çatdırmaq üçün mənə əmanət edən Nemət Pənahlıya təşəkkür edirəm. Və bu böyük əsərin ilk şeirini onun əsl sahibinə – Uca Millətə təqdim edirəm.

Əvəz Zeynallı

Xüsusi olaraq “Strateq.az” saytı üçün

 

Mirzə Ələkbər Sabirə

 

 

Nə əcəb ki, sağ deyilsən sən bizim zamanda, Sabir

Yoxsa ki, hava gələrdi başına bir anda, Sabir.

Saldığın o saf cığırla tək mənəm gedən nə fayda,

Yazdığım nə varsa, çünki çürüyür pünhanda, Sabir.

 

Əvvələn, o vaxt yatanlar, eləcə yatır bu gün də,

Necə ki, batırdı millət, o sayaq batır bu gün də,

Üstəlik araq düşüb dəb, başları qatır bu gün də,

Xalq içib olur tamam məst, yaşayır dumanda, Sabir

Nə əcəb ki, sağ deyilsən sən bizim zamanda, Sabir.

 

Fikrinə nə gəlsə idi, tez yazıb bəyan edirdin,

Doğma xalqı hər bir işdən yerbəyer əyan edirdin,

Doğrudur, bu işdə çox vaxt sən cana ziyan edirdin,

İndi biz o ixtiyarı etmirik güman da, Sabir

Nə əcəb ki, sağ deyilsən sən bizim zamanda, Sabir.

 

Qorxunun gücündən indi tərsinə yazır yazanlar,

Tərsinə yazanda həm də ağzadək dolur qazanlar,

Mən bilən həmən səbəbdən artır hey yolun azanlar,

Yoxdur heç şeirdən indi başqa şey uman da, Sabir

Nə əcəb ki, sağ deyilsən sən bizim zamanda, Sabir.

 

1968-ci il

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button