Dnestryanıdakı separatçılar Rusiyadan 'qoruma' istəyirlər

Moldovanın separatçı Dnestryanı bölgəsinin liderləri Rusiyanı onları “qorumaq” üçün tədbirlər görməyə çağırıblar. Separatçılar Moldovanın qərbyönlü hökumətinin təzyiqi gücləndirərək iqtisadi müharibə həddinə çatdırdığını iddia ediblər.

Belə bir çağırış fevralın 28-də Tiraspolda separatçı regionun lideri Vadim Krasnoselskinin çağırdığı nadir toplantıda səslənib. Toplantı “Dnestryanı Xalq Deputatları Qurultayı” adlandırılıb.

30 il öncə müstəqillik elan edən Dnestryanı bölgəni heç bir legitim dövlət tanımayıb. Dünənki tədbirdə rəsmən Rusiya ilə birləşmə xahişinin olunacağı ilə bağlı spekulyasiya vardı. Bu gün – fevralın 29-da isə Rusiya prezidenti Vladimir Putin ölkəsinin deputatları qarşısında çıxış edəcək.

Toplantıda uzun bir şikayət siyahısı açıqlanıb, ilk öncə Moskvaya, daha sonra beynəlxalq qurumlara Moldovanın iddia olunan təzyiqi, separatçıların hüquqlarının pozulmasından giley-güzar edilir. Bəyanatda separatçı regionda azı 220 min Rusiya vətəndaşının yaşadığı iddia olunur.

Moldova hökuməti dünənki iclasda səslənən “propaqanda” bəyanatlarını rədd edib. Baş nazirin müavini Oleq Serebrian Telegram-da yazıb ki, “Dnestryanı bölgə bütün vətəndaşlar üçün faydalı olan sülh, təhlükəsizlik və Avropa İttifaqı ilə iqtisadi inteqrasiya siyasətindən yararlanır”.

Kişineu hələ tədbir başlamamışdan Tiraspoldakı bütün müzakirələrin “fırıldaq” olduğunu bildirib.

Prezident Maya Sandu daha öncə deyib ki, Moldova dondurulmuş Dnestryanı münaqişəni dinc yolla həll etməyə qərarlıdır, regionun iqtisadi reinteqrasiyası üçün “kiçik addımlar” atılır.

Separatçıların görüşündən bir gün öncə ABŞ-ın elçisi Kristofer Smit (Christopher Smith) Tiraspola gedib, Krasnoselski ilə danışıb. Sonuncu amerikalı diplomata Kişineunun regiona iqtisadi təzyiq göstərəcəyini deyib.

Kişineu və Tiraspol arasında sonuncu dəfə gərginlik Moldova 2022-ci ildə Aİ ilə üzvlük danışıqlarını açmağa dəvət olunanda başlanıb. Moldova yanvarda Dnestryanıya yeni idxal, ixrac rüsumları tətbiq edib ki, bu da separatçı rəhbərlərin etirazına səbəb olub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button