DON KİXOT

Seymur Baycan

Hər dövrün öz iblisi var…

Heydər Əliyev

AZTV-də nümayiş olunan kadrları öz gözlərimlə görmüşəm. Heydər Əliyev Hüseyn Cavidin ev muzeyində Turan xanımla söhbət etdi. Köhnə fotolara, əlyazmalara baxdı. Birdən fikirə gedərək qəfildən dedi: “Hər dövrün öz iblisi var”. Bu söz ümumilikdə iblis mövzusuna, haqqında kitablar, məqalələr yazılmış “İblis” əsərinə verilmiş dəqiq, sərrast, dahiyanə tərifdi. Milan Kundera deyir: “Sözün kim tərəfindən deyilməsi çox önəmlidir. Kantın dilində hətta “Sabahınız xeyir” kəliməsi belə fəlsəfi səslənirdi”.

“Hər dövrün öz iblisi var” sözünün məhz Heydər Əliyevin dilində səslənməsi bizi (özü də Cavidin ev muzeyində) yaxın keçmişimizdə baş verən hadisələrə daha yaradıcı yanaşmağa vadar edir. Bəlkə də böyük Cavidin ruhu bu sözü deməyə Heydər Əliyevi məcbur etmişdi. Mənim üçün “hər dövrün öz iblisi var” sözü yaxın keçmişimizdə baş verən hadisələri anlamaq üçün açar rolunu oynayır.

 

Hər dövrün öz Don Kixotu var…

S.B.

 

Əbülfəz Elçibəyə o vaxtlar kimin Don Kixot ayaması qoşduğunu bilmirəm. Amma ruhum və enerjimlə Əbülfəz Elçibəyə Don Kixot ayamasının qoşulmasının arxasında xoş niyyətin dayanmadığını hiss edirəm. Ümumiyyətlə, mümkün olmayan bir işə girişən adama, hər hansı romantik notlu cəhdə “Don Kixot” ayamasının qoşulması, “Don Kixotluq” adının verilməsi bir adət halını alıb. Yəqin ayama qoşmağı sevən bu adamların çoxu əsəri oxumayıblar. Oxusalar da, əsərin ruhunu tutmayıblar. Çünki bu adamlar nədənsə Don Kixot mərhəmətini, onun xoş niyyətini, xeyirxahlığını unudurlar. Mən isə Don Kixotun mərhəmətini, xoş niyyətini, xeyirxahlığını əvvəlcədən xatırladaraq deyirəm:

Əbülfəz Elçibəy bizim zəmanəmizin Don Kixotu idi…

Servantesin qəhrəmanı, əbədiyaşar Don Kixotun atı arıq idi. Don Kixot kəndli qızı Dulsineyanı özünə uğur ilahəsi seçmişdi. Don Kixot cəngavər dəbilqəsi əvəzinə, başına dəllək ləyəni keçirmişdi. Ortadan qırılan nizəsini iplə bağlamışdı. O, reallıq hissini itirmişdi. Cəngavərlik romanları onu yanlış bir vatxda cəngavərlik etməyə, dulları, yetimləri, bakirə qızları qorumağa, haqsızlığa qarşı öz köhnəlmiş silahları ilə vuruşmağa sövq etmişdi. Ona gülürdülər.

Bütöv bir şeytan ordusu onu gülünc obyektinə çevirmək üçün əlləşirdi. Lakin böyük Viktor Hüqonun dediyi kimi, müəllif, yəni Servantes ürəyinin dərinliyində Don Kixotun tərəfində idi…

Sanço öz ağası Don Kixotu əsərdə belə xarakrerizə edir: “O, ürəyi açıqdır. O, heç kəsə pislik etməyə qabil deyil. O, yalnız yaxşılıq edir. Məkr deyilən şeydən onda heç tük qədər də yoxdur. Hər bir uşaq günün günorta çağı onu inandıra bilər ki, bu saat gecədir. Bax bu sadəliyinə görə də mən onu canımdan artıq sevirəm və hər hansı sarsaqlığına baxmayaraq, istəsəm də ondan ayrılıb gedə bilmirəm”.

 

xxx

 

“– Siz xoşbəxtlərə məxsussunuz, yoxsa kədərlilərə?

– Kədərlilərə. Kədər, bəla, bədbəxtliklər mənim qəlbimdə möhkəm yuva qursa da, qəlb özgələrin bədbəxtliklərinə rəhm duyğusundan ayrı deyil, – Don Kixot cavab verdi”.

 

Əbülfəz Elçibəy Kələkiyə qaçışı ilə xeyli mərd, xoşniyyətli, vətənpərvər, təmiz insanları şərə qulluq edənlərin qarşısında başıaşağı etdi.

Təmiz, vətənpərvər insanlar şərə qulluq edənlərin gülüş və qınaq obyektinə çevrildilər. Dünyada ən əzablı şeylərdən biri kinayəylə deyilmiş “gördün?” sözünü eşitməkdir. Əbülfəz Elçibəy öz tərəfdarlarını bu sözü dəfələrlə eşitməyə məcbur etdi.

Bir insanı tez-tez xatırlayıram. B. rayonuna gedəndə o mənim yol yoldaşım olmuşdu. Bizim söhbətimiz tutdu. Əbülfəz Elçibəy haqqında söhbət etdik. Onun bütün danışdıqları, sifəti, kədəri dəqiq yadımdadır. İndi onun o vaxt danışdıqlarını daha yaxşı anlayıram. O deyirdi: “Mən xalq hərəkatına qoşulanda atam qəti etiraz etdi. Moskvada oxumuşdum. Atam elə hey “boş şeydir” deyirdi. Elçibəyə gülürdü. Bizi “quru bəylər” adlandırırdı. Mən onunla çox mübahisə edirdim. Elçibəyə gülməsinə, Elçibəyi təhqir etməsinə dözə bilmirdim. Bir gün bərk mübahisə etdik. Dalaşdıq, xeyli küsülü qaldıq…

Eçibəy Kələkiyə qaçanda atam gülə-gülə mənə “gördün?” dedi. Mən hələ də o sözü yeyə bilmirəm”.

Sakit, həlim, insanpərvər müəllimin sinfində dərs zamanı quş buraxan, müəllimin oturduğu stula mıxça düzən şagirdlər, əzazil, adamdöyən, qəddar müəllimin dərsində quzu balası kimi sakit otururlar. Naqis adamlar dövrlərini lağa qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Şərə qulluq edənlər, başdan-başa çirkab içərisində olanlar təmiz adamların ən kiçik səhvlərini belə bağışlamırlar. Dəmir əl axtaranlar Elçibəyin təmizliyinə, sadəlövhlüyünə, təvazökarlığına gülürdülər. Bəziləri – Elçibəyin evinin olmamasını Elçibəyə qarşı arqumentə çevirmişdilər. Onlar “evi olmayan adam bizə nə gün ağlayacaq?” deyirdilər. Tacir təfəkkürlü bu əxlaqsızlar üçün prezidentin evinin olmaması ən böyük nöqsan idi. Bəziləri isə “təmiz adamdır, amma ondan prezident olmaz” deyirdilər.

Elçibəy isə bütün bu təhqirlərə, şəbədələrə, şərlərə mərdliklə dözürdü. Çünki Don Kixot kəndli qızı Dulsineyanı özünə uğur ilahəsi seçdiyi kimi, Elçibəy də Azərbaycan xalqının əslində gözəl, nəcibətli, təmiz olduğuna inanırdı. Don Kixot Dulsineyanın cadügərlər tərəfindən tilsimə salındığına inanırdı. O deyirdi: “Onu eybəcər hala saldınız. Ona cır-cındır geyindirdiniz. Heç olmasa, onun ətrinə toxunmayardınız”. Don Kixot sona qədər öz uğur ilahəsinə sadiq qaldı. Hətta Dulsineyanın ağzından sarımsaq iysi gəlməsinin də günahının tilsimdə olduğuna inandı. Hətta Ağ Cəngavər Don Kixotu məğlub edib nizəsini Don Kixotun sifətinə dirəyəndə o, zəif və tutqun səslə dedi: “Dulsineya dünyada ən gözəl qadındır, mən də dünyanın ən bədbəxt cəngavəriyəm, lakin mənim gücsüzlüyüm bu həqiqəti laxlatmamalıdır”.

Elçibəy nə qədər təhqir olunsa da, O, xalqın namını heç vaxt vermədi. Onun xoş cəhətlərini üzünə qəbahət kimi deyənlərə axıra qədər dözdü…

Mən Kələkiyə qaçışına görə, Elçibəyi xeyli söysəm də, qınasam da, ürəyimin dərinliyində həmişə Elçibəyin tərəfdarı olmuşam. Hətta mübahisə edəndə, arqumentim olmayanda ürəyimdə davamlı olaraq “ola bilməz” sözünü təkrar etmişəm.

Xeyir və Şər arasında gedən mübarizədə insan ürəyi döyüş meydanıdır. Mənim ürəyimdə Əbülfəz Elçibəy daim şəksiz qələbə qazanıbdır. Vaterloo məğlubiyyərdən yararlanıb meydanda qalmış meyitləri soymaqla məşğul olan tenardyeləri ürəyimdən qovmağa həmişə güc tapmışam. Həqiqətlə deputat mandatı arasında çabalayanların Elçibəyə atdığı şərlər heç vaxt inamımı sarsıtmayıb.

Əlbəttə, məğlub edilmiş cəngavərə çaqqallar hücuma keçirlər, onu eşşək arıları sancır, donuzlar tapdalayır…  məğlub edilmiş cəngavərin tərəfdarlarına şərə qulluq edənlər kinayə ilə “gördün?” deməyi sevirlər. Gəlin, Don Kixotun Sançoya dediyi sözləri xatırlayaq:

“ – Mənim bədənimi adyalda atıb-tutanda, sən hasarın o tayında qalmışdın. Baxırdın ki, mən havaya necə uçuram, amma bununla belə bir damcı da ağrı hiss etmirdim.

– Sanço, sən demək istəyirsən ki, səni adyalda atıb-tutanda mən buna yanmamışam?

Bax, əgər sən bunu demək istəyirsənsə, onda belə demə və bu cür fikirləşmə, çünki o vaxt mənim qəlbim sənin bədənindən daha bərk ağrıyırdı. Əgər səni bir dəfə adyalda atıb-tutdularsa, məni yüz dəfə kötəklədilər. Lakin bu söhbəti hələlik özgə vaxta saxlayaq, sonra biz bütün bunları bir də müzakirə edərik.

Qısası, Əbülfəz Elçibəyin dediyi kimi:

“Hər şeyin zamana ehtiyacı var”.

 

 

xxx

 

Xeyir və şər savaşında şər çox zaman qalib gəlir. Ona görə ki, şər məqsədinə çatmaq üçün hər şeyi vasitəyə çevirə bilir. Şər üçün dəyər deyilən bir anlayış yoxdur. Şər dəyərləri asanlıqla tapdalayır. Özünə oxşayanları asanlıqla ətrafına yığmağı bacarır. Şər artistdir. Özünü xəstəliyə vurur, ağlayır, vədlər verir… Bu gün ateistdirsə, sabah mömin olur. Şər bilir ki, onun bütün qurşaqdan aşağı zərbələrini, pis əməllərini, dəyərsizliyini, artistliyini şərə qulluq edənlər, anadan kölə doğulmuşlar siyasət kimi qələmə verəcəklər…

Xeyir isə həyalıdır. Xeyirin dəyərləri var. Xeyir məqsədə çatmaq üçün hər şeyi vasitəyə çevirə bilmir. Hər kəsə eyni gözlə baxmağa çalışır. Xeyir qurşaqdan aşağı zərbələrdən özünü qoruya bilmir. Tilsimlər, cadular, hoqqabazlıqlar xeyiri çaşdırır. Və məğlub olur…

 

xxx

 

Don Kixot əsərinin ən gözəl hissələrindən biri Don Kixotun artistlərə rast gəlməsi səhnəsidir: “Müxtəlif, qeyri-adi şeylərlə və fiqurlarla dopdolu arabada sürücü əvəzinə bir eybəcər iblis oturmuşdu. Arabanın üstü açıq idi, nə parçadan örtüyü vardı, nə də böyürləri örtülmüşdü. İmperator arabada ayaq üstə dayanmışdı. Onun yanındakı cəngavər başına dəbilqə əvəzinə şlyapa qoymuşdu. Arabada bir də cürbəcür geyimli, müxtəlif simalı çoxlu, özü də hər cür məxluq gedirdi. Bu gözlənilməz vaqiə Don Kixotu yüngülcə həyəcanlandırdı, Sançonu isə qorxutdu. Lakin Don Kixot dərhal qəlbən sevindi və belə kəsdirdi ki, onu yeni, təhlükəli sərgüzəşt gözləyir və bu fikirlə də o istənilən təhlükəyə ürəkdən hazır vəziyyətdə arabanın lap qabağında dayanıb bərkdən və hədələyici şəkildə qışqırdı:

“- Sən istər arabaçı ol, istər sürücü, istərsə də lap elə iblisin özü, kim olursansa ol, elə bu saat mənə ərz elə görüm kimsən? Hara gedirsən və bu arabada apardığın nə camaatdır?”

Arabada gedənlər həqiqi ölüm mələyi, həqiqi imperator, həqiqi cəngavər deyildi. Onlar aktyorlar idi. Kəndlərdə tamaşalar göstərirdilər. İyirmi kənddə tamaşa göstərmişdilər. Soyunub-geyinməkdən yorulmuşdular. Tamaşa göstərəcəkləri növbəti kənd yaxınlıqda olduğundan paltarlarını dəyişməmişdilər. Don Kixot məsələdən hali olanda aktyorlara dedi:

“- Səyyar cəngavər namusuna and içirəm, sizin arabanızı görəndə düşündüm ki, məni hər hansı böyük bir sərgüzəşt gözləyir, amma indi başa düşürəm ki, gözünə görünən şeyə bir balaca əl vuran kimi yanlışlıq dərhal dağılıb gedir.”

 

xxx

 

Əgər Don Kixotla Əbülfəz Elçibəy arasında ədəbi paralellər aparırıqsa, onların qəhrəmanlığı arasında da əlaqə tapmalıyıq. Don Kixot nə qədər gülünc vəziyyətə düşsə də, nə qədər reallıq hissini itirsə də, nə qədər kötəklənsə də, hər halda vəlvələdən, ya da zələlədən qəhrəmanlıq da göstərə bilmişdi. Don Kixot şiri qəfəsə salmağı bacarmışdı. Biz Don Kixotun bu qəhrəmanlığını Əbülfəz Elçibəyin rus qoşunlarını Azərbaycandan çıxarması ilə əlaqələndirə bilərik.

 

xxx

 

28 may günü Novxanıda Rəsulzadənin heykəli ətrafına yığışmış adamlar 18 il əvvəl gördüyüm adamlardı. Nimdaş geyimli, dişləri tökülmüş bu adamlar mövcud reallıqda övladlarına düz-əməlli gün ağlaya bilmədilər. Şərə qulluq edənlər, onları nə qədər əzsələr də, məhv edə bilmədilər. Hətta telefon zəngi belə adam haqqında nəyisə deyir. Onların telefonuna zəng gələndə böyük Üzeyir Hacıbəyovun “Koroğlu” üvertürası səslənir. Təkcə bu fakt onu göstərir ki, xeyirlə-şərin davası hələ də davam etməkdədir.

 

xxx

 

Həqiqi cəngavərlərin tilsimlərə, cadulara, sehirbazlara qarşı qoruyucu vasitələri vardı. Onların bəzilərinə ox batmazdı. Bəzilərini ancaq və ancaq bədənin bir nöqtəsinə zərbə vurmaqla öldürmək olurdu. Bəzilərinin yarası çox tez sağalırdı. Don Kixotun heç bir qoruyucu vasitəsi yox idi. Dərisi də zərif idi. Atı o qədər arıq idi ki, güclə yeriyirdi. Silahı, zirehi işə yaramırdı. Don Kixot deyirdi: “Bütün bu sehirbazlara, iblislərə, cadugərlərə qarşı mənim yalnız bir silahım var. Bu, mənim azadlıq sevgim və xoş niyyətimdir.”

 

xxx

 

Dostoyevski “Don Kixot” əsərinə belə qiymət vermişdi: “Bu, insan dühasının yaratdıgı bütün əsərlər içərisində ən böyük və ən kədərli kitabdır.”

Dostoyevski “Don Kixot” əsərini belə xarakterizə etmişdi: “Don Kixot öz xəyallarının məhv olmasına dözə bilməyərək, inkarçı və satirik olan dəllək tərəfindən məğlub ediləndə sakitcə, qəmgin təbəssümlə, bütün dünyanı sevə-sevə, göz yaşı axıdan Sançoya təskinlik verə-verə ölür… Eyni zamanda öz müqəddəs qəlbində qoruyub saxladığı böyük məhəbbət qüvvəsi ilə başa düşür ki, DAHA BU DÜNYADA ONLUQ BİR İŞ QALMAYIB…”

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il


 

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button