Dondurma uğrunda qan donduran savaş!

«AER» yenə də bazarda saxta mallar satır, bu şirkətin məhsullarından zəhərlənənlər var…

Mövsümi olmasına baxmayaraq, ölkənin dondurma bazarında böyük pulların dövr etdiyi, bu pulların sahibi olmaq uğrunda isə hər zaman böyük savaşların getdiyi hər kəsə məlumdur. Sərinləşdirici içkilərdən tutmuş, dondurma biznesinə qədər böyük bir müstəvidə pul qazanmaq üçün iş adamlarının timsalında dövlətin ən ali qurumlarının başçılarının iştirakı ilə hər zaman savaş olub… Bu gün də var.

Mətbuat düşməni Mübariz Mənsimovun «Paldad»ı…

Bu savaşlardan biri barədə – dondurma bazarına sahib olmaq üçün gedən mübarizənin cəmi 2-cə illik tarixini araşdırdıq. Cəmi iki il ərzində bu bazarın sahibi olmaq üçün nə qədər qaranlıq məqamların baş verdiyini araşdırmağa başladıq. Ötən il dondurma bazarına böyük bir inhisarçı daxil oldu. Bu, Türkiyədə yaşayan azərbaycanlı iş adamı, məşhur mətbuat düşməni Mübariz Mənsimovun «Palmali» holdinqinin «Pal» Süd fabrikinin istehsalı olan «Paldad» dondurmaları idi. Lakin bizim işimiz bunda deyil. Bu günlərdə redaksiyamıza AER dondurmaları ilə bağlı kifayət qədər şok məlumatlar daxil olub. Bu məlumatlara həm də Bakının Səbail rayonun Bayıl qəsəbəsi ərazisində yerləşən dükanlarda satılan zəhərli AER dondurmaları da əlavə edilmişdi. Sakinlər həmin dondurmaları soyuducularında saxlayaraq redaksiyamıza təqdim etdilər. Bu dondurmalardan Bayıl qəsəbəsində xeyli insanın zəhərləndiyi məlum olurdu.

Kimdir Azər Şükürov?!

Lakin biz AER-in dondurmalarının üzərində olan telefon nömrələrinə nə qədər telefon etsək də, bu telefonlara nəinki cavab verən olmadı, ümumiyyətlə, operator belə bir nömrənin aktiv olmadığını dedi.

Lakin bu zəhərli dondurmalar yazının əvvəlində qeyd etdiyimiz kimi bizi iki il əvvələ qaytardı.

Deməli, ötən ilin iyul ayının 19-da AER-in prezidenti Azər Şükürov həbs edilmişdi. Bu barədə çox xəsisliklə məlumat verən mənbələr və hüquq-mühafizə orqanları nədənsə, açılan cinayət işinin məhkəməyə göndərilməsinə qədər olan dövrdən bəhs edirlər. Sonrakı mərhələdə isə bu barədə heç bir məlumata rast gəlinmir.

Qeyd edək ki, ötən ilin iyul ayında “AER” şirkətinin rəhbəri Azər Əkbər oğlu Şükürovun həbsindən sonra bu şirkətin gününün qara olacağı şübhə doğurmurdu. Çünki Baş Prokurorluq və İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən şirkətə və onun rəhbərinə qarşı irəli sürülən ittihamlar kifayət qədər ciddi idi. Şirkət öz məhsullarının saxlama müddətini saxtalaşdırıb, bu məhsullarda tərkibində bağırsaq çöpləri qrupundan bakteriyalar aşkar edilib, onlar keyfiyyətsiz və təhlükəli olub, üstəlik, Şükürov vəzifə saxtakarlığı edib və s.

Bundan əlavə, müəssisədə istehsal edilən “Flaminqo”, “Oazis”, “Oreşek”, “Çyornoye zoloto”, “Lipetskiy”, “Maqnat”, “Komandor”, “Daşa”, “Belıe noçi”, “Mitya”, “Boqatır”, “Perezaqruzka”, “Plombir”, “Lubimım”, “Piramida”, “Lakomka”, “Maqnoliya”, “Beloçka”, “Snequroçka”, “Cornella”, “Zimaletta”, “Sfinks”, “Anata”, “Ptiçye moloko”, “Futik”, “Vernisaj”, “Oryol”, “Aysberq”, “Klimanka”, “Zimuşka-Zima” ticarət markalı dondurmaların satışı əvvəl qadağan edilmişdi. Buna baxmayaraq dondurmalar satışdan yığışdırılmamışdı.

İndi isə cinayət işinə diqqət yetirək…

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Şükürov Azər Əkbər oğlunun direktoru olduğu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 21 saylı ünvanda fəaliyyət göstərən “AER” firmasında dondurma məhsullarının istehsalı və satışının qanunauyğunluğunun yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2, 200.2.3 və 308.1-ci maddələri ilə cinayət işinin başlanması barədə İqtisadi İnkişaf Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən 6 iyul 2010-cu il tarixdə birgə məlumat verilib. Lent.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Azər Şükürov “AER” firmasının icraçı direktoru vəzifəsində işləyərkən, yəni vəzifəli şəxs olduğu halda öz xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq rəhbərlik etdiyi müəssisədə istehsal olunmaqla satılan dondurma məhsullarının normativ-texniki sənədlərə əsasən maksimal saxlanma müddətin 1-2 ay olduğu halda 6-12 ay göstərilməsini təşkil edib.

O, istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girərək satışa hazır 17 çeşiddə ümumi çəkisi 19 ton 318 kiloqram olan dondurmaların etiketlərində, habelə ümumi çəkisi 5 ton 607 kiloqram olan bükmə materiallarında saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan müddətlərdən artıq yazdırıb.

İstintaqla həmçinin müəyyən edilib ki, İqtisadi İnkişaf Nazirliyinin yanında Antiinhisar Siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti tərəfindən “AER” firmasında 10-29 iyun 2010-cu il tarixlərdə yoxlama aparıldığı zaman həmin firmanın istehsal etdiyi 12 çeşiddə dondurmalarda yağın və quru maddələrin ümumi kütlə payının normadan az, mikroorqanizmlərin sayının isə normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan bakteriyaların olduğu aşkar edilərək qeyd olunan məhsullardan istifadənin təxirə salınmadan dayandırılması, dondurma istehsalının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, həmin məhsulların Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti altında məhv edilməsi və bu dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə “AER” firmasına müvafiq göstərişlərin verilməsinə baxmayaraq, buna əməl edilməyib.

Keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olan qida məhsullarının istehsalını və satışı davam etdirilərək malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları aldadaraq, külli miqdarda ziyan vurmaqla istehlakçı olan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə istehlak bazarını tənzimləyən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Bundan sonra Azər Şükürov sair şəxsi niyyətlə, yəni törətdiyi cinayətini gizlətmək və göstərişlərin icrası barədə təsəvvür yaratmaq məqsədilə 4 ton 760 kiloqram dondurma məhsullarının guya “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda məhv edilməsi barədə rəsmi sənəd olan 18 iyun 2010-cu il tarixli aktda, həmin tarixli yük nəqliyyatı üçün yol vərəqəsində və qaiməsində bilə-bilə yalan məlumatların daxil edilməsini və “Təmiz Şəhər” ASC adından saxta ştampın vurulmasını təşkil edərək vəzifə saxtakarlığı edib.

Törətdiyi cinayət əməllərinə ğörə Şükürov Azər Əkbər oğlu Cinayət Məcəlləsinin 200.2.2 (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü maddələri (vəzifə saxtakarlığı) ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Şükürovu azadlığa kim buraxıb?

Bundan sonra biz geniş araşdırmalar apararaq əslində Azər Şükürovun harada olduğunu neçə il azadlıqdan məhrum edildiyini dəqiqləşdirməyə başladıq. Məntiqlə bu şirkət daha bazarda heç bir məhsul istehsal edə bilməzdi. Amma düşündüyümüzün əksinə oldu. «AER» şirkətinin məhsulları hətta A.Şükürov həbs edildiyi zamandan sonra da satışda oldu. Araşdırmalarımız zamanı qarşımıza çıxan ilk informasiya bu oldu ki, «AER»-i prokurorluq orqanlarında çalışan yüksək vəzifəli bir şəxs alıb və şirkətin fəaliyyətini davam etdirib. Lakin sonradan məlum oldu ki, əslində Azər Şükürov bu təkliflə razılaşmayaraq azadlığa çıxmaq üçün çabalar göstərib. Və qardaşının bu şirkəti idarə etməsiylə daxili bazarda öz mövqelərini qoruya bilib. Bu ilin yazında isə Azər Şükürovun artıq azadlığa çıxdığı və yenidən «AER»-i işlətməyə başladığı barədə daxil olan xəbərlərdə deyilir. Məlumatlara əsasən, şirkətin prezidenti çox böyük məbləğdə pul müqabilində azadlığa çıxıb. Bu pulun qanunla müəyyən edilmiş qaydada girov kimi qoyulduğu və ya rüşvət olaraq verildiyi barədə isə heç bir bilgi əldə edə bilmədik. Lakin yuxarıda qeyd etdiyimiz kimi bunca saylı cinayət maddələri ilə ittiham edilən iş adamının ən azından 7 illik həbsdən bir neçə ay ərzində qurtula bilməsi bizdə haqlı suallar yaratmaya bilməzdi.

Həm də bu xəbərlərdən sonra düşünmək olardı ki, Azər Şükürov yəqin ki, həbsdən çıxandan sonra həbsə düşdüyü səbəbləri bir daha təkrarlamaz. Amma bizə təqdim edilən dondurmalar əslində bu ehtimalımızı da alt-üst edir.

Daş karxanasında qalmaqal və «AER» şefinin bıçaqlanan qardaşı

Uzun zamandır ki, mətbuatda bununla bağlı məlumatlar yer almaqdadır. Söhbət Qaradağ rayonu ərazisində yerləşən «Gülbaxt» karxanasından gedir. Bu karxananın sahibi isə «AER» prezidenti Azər Şükürovun qardaşı Akif Məmmədovdur. İnformasiyalarda karxana uğrunda savaşın prokurorluq orqanlarından himayə edilən qrupla iş adamı arasında getdiyi deyilir. Və xüsusi olaraq Akif Məhərrəmov bu informasiyalarda YAP-çı iş adamı kimi  təqdim edilir. Amma maraqlıdır ki, A.Məmmədovun YAP-dan bir müddət öncə çıxarılması barədə artıq informasiyalar mətbuata ötürülməyə başlayıb. Bu qalmaqalın nədən qaynaqlandığı barədə informasiyalar isə bizə kifayət qədər dərin mətləblərin açılmasında köməklik edəcək.

Beləliklə, son informasiyada deyilir: «Qaradağ rayon prokuroru Fəxrəddin Pənahov qanunlara məhəl qoymur. Ağır cinayət hadisəsi baş verdiyi halda cinayəti işləyənlər azadlıqda gəzir”. Bu sözlər YAP üzvü olan iş adamı Akif Məmmədovun xalası oğlu Cəmil Fərzullayevə aiddir.

C.Fərzullayevin sözlərinə görə, iyun ayının 11-də Akif Məmmədov P.S.S. Mühafizə Xidmətinin əməkdaşları və Hüseyn Abdullayevin adından istifadə edən şəxslərin, eks-spikerin qohumlarının və bir fəhləni öldürmüş Əlövsət Orucovun hücumuna məruz qalıb. Əlövsət Orucov və kriminal aləmdə yaxşı tanınan Əlizamin Akif Məmmədova bıçaq zərbəsi ilə yaralayaraq, ölümcül hala salıblar.

Bu barədə şikayət və ekspertiza rəyi olsa da, hər dəfə süründürməçiliklə üzləşən Akif Məmmədova bu dəfə də Qaradağ prokuroru Fəxrəddin Pənahov maneçilik törədir.

C.Fərzullayev bunları bildirir: “CPM-nin 126.1 maddəsi ilə fakt üzrə cinayət işi açılaraq, iş başlanılsa da, Fəxrəddin Pənahov hansısa maraqlara görə, işi batırmaq istəyir. Cinayətkarlar hər gün Akif Məmmədova zəng edərək, onu ölümlə hədələsələr də, Fəxrəddin Pənahov Rəsul Quliyevin qohumları barədə tədbir görmək niyyətində deyil.

Prosses barədə bizə heç bir məlumat verilmir və cinayətkarlara meydan verilir. Əlövsət Orucov da bu qanunsuzluqdan bəhrələnərək, şikayətini geri götürməyəcəyi halda Akif Məmmədovu öldürə biləcəyini belə iddia edir”.

Maraqlıdır ki, bizə çatan məlumatlara görə, ötən il həbs edilən Azər Şükürov azadlığa çıxacağı təqdirdə bəzi adamlara pul, bəzilərinə də obyektlərinin bir qismini vəd edibmiş. Sonradan məlum olub ki, A.Şükürovdan gərəkiləndən daha çox əmlak istənilib və əmlkalardan biri olan «Gülbaxt» karxanası əslində A.Şükürova yox, onun qardaşına məxsus imiş. Maraqlıdır ki, anlaşmadan sonra bəzi adamlar bu obyektə sahiblənmək üçün işə başlayıblar. Və təbii ki, bu karxana davasında iki qardaşın da münasibətlərində böyük bir sərinləşmənin yaşandığı deyilir. Bundan başqa, maraqlı məqam odur ki, Azər Şükürov karxananı adamlara hədiyyə etsə də, qardaşı özünü YAP-çı iş adamı kimi təqdim edərək bu obyekti əlində saxlamaq istəyir. Bu informasiyalarda Qaradağ rayon prokurorunun adının müəmmalı hərəkətlərdə çəkilməsi də, Azər Şükürovun məhz Baş Prokurorluq tərəfindən həbs edilməsi də böyük bir araşdırma mövzusudur. O səbəbdən də araşdırmalarımız davam edir.

İntiqam Adiloğlu

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button