Doqquzuncu adam

Qənimət Zahid

«Azadlıq» qəzetinin baş redaktoru

V yazı

Rahibin sözü ağzında yarımçıq qaldı. Əvvəlcə qapının düz ortasındakı “kormuşka” şaqqıltı ilə açıldı. Dəhlizin yarımqaranlıq işığı kameraya dürtülməyə macal tapmamış “kormuşka”nın deşiyini alaqaranlıq bir sifət kölgəsi tutdu:
– Zahidov var?
– Zahidovun burada olması lazımdır, – dedim.
Qapının cəftəsi ciyilti ilə hərləndi və starşinanın uzun heykəli görünən kimi dərhal yana çəkildi. Onun yerində böyük bir bağlama peyda oldu. Ağ mələfəyə bürünmüş bu bağlama mənim üçün gətirilən yorğan-döşək idi. Evdən gətirmişdilər. 24-25 yaşında gənc dustaq bağlamanı qapının ağzında mənə təhvil verdi. Mən bağlamanı da, onun dalınca həmin gənc dustağın qapının ağzına qədər sürüdüyü iri zənbili də qəbul etdim. Zənbilin üstündə uzun bir siyahı vardı. Gənc dustaq mənə izah etdi ki, bu siyahının altında, altında yer yoxdursa, o biri üzündə “qəbul etdim” yazıb imza atmalıyam. Mən imzanı atana kimi artıq qapı bağlanmışdı, ona görə də bu dəftərxana işlərinin yekun əməliyyatlarını “kormuşka”dan icra etməli olduq. Gənc dustaq siyahını məndən alanda dişlərini ağardaraq “bir qutu siqaret götürdüm, halal edərsənmi?”, dedi və “kormuşkanı” bağlamaq istədi.
Mən:
– Siqareti sənə halal edərəm, amma bundan ötrü starşinanı geri gətirməlisən,- dedim.
– Qaqaş, elə deyil e, burada hamı bizə hörmət eləyir, “yol pulu”dur də. İstəyirsən, qaytarım.
– Yox, yavrum, heç nəyi qaytarmaq deyil, sadəcə, starşinanı çağır,- deyib, əlimdə fırlatdığım yarımçıq siqaret qutusunu da ona uzatdım.
Starşina gəldi.
– Hə, müəllim, məni axtarmısan?
– Hə, axtardım. Mənə elə gəlir ki, biz burada qala bilməyəcəyik.
Artıq min illik dustaq yoldaşları kimi Rahibin və Nəbinin adından, həm də onlarla məsləhətləşmədən qərar verdiyimin həmin anda fərqinə vardım. Bu tezliklə “biz” deməyin bir xatası çıxa bilərdi. Amma daha gec idi.
– Niyə, müəllim?
– Burası çox darısqaldır. Başa düşürəm, həbsxana kamerası otel odası deyil, amma yəqin sizin rəhbərliyin də nəciblik duyğuları imkan verər ki, bizim hər üçümüzün ibadət etdiyimizi nəzərə alaraq bizə daha geniş bir kamera ayırsınlar.
Starşina şəhadət barmağını burnunun üstündə elə hərlədi ki, sanki burnunu çöldən qurdalayırmış kimi bir görkəm yarandı. “Bu dəqiqə”, deyib qapının o üzündə itdi. Nəbi təlaşla sifətimə baxdı. “Gərək deməyəydin” ifadəsini üzündən oxudum. Amma lal həyəcanla kifayətlənmədi: “Müəllim, bu bir iş açacaq bizim başımıza. Eybi yox, birtəhər girələnərdik də…” “Narahat olma. Bizi ya burada saxlayacaqlar, ya da başqa kameraya aparacaqlar. Birinci halda nəciblik hissləri yoxdur demək olacaq. İkinci halda isə həmin hissləri mövcuddur anlamına gələcək”. Ümumiyyətlə, bu vaxta qədər və bu vaxtdan ta axıra qədər Nəbi mənim bu ibarəli cavablarımın və şərhlərimin tən yarısını başa düşürdü. O biri yarısı isə onu narahat etməzdi.
Starşina 15-20 dəqiqə sonra rəis müavini ilə birlikdə peyda oldu. Rəis müavini açıq qapının ağzında dayandı. Furajkasını bir əlində səliqə ilə tutub o biri əli ilə başının arxa tərəfini qaşıya-qaşıya üzümə baxdı:
– Hə, müəllim, gələn saatdan problem yaratmağa başlamısan da… Səni düz eləyib tutublar, əslində.
– Problem yaratmıram, rəis, problemləri həll etmək üçün variantlar təklif edirəm. İstəmirsizsə, bu problemi həll etməyə də bilərsiz. Zatən bəşəriyyətin bundan qat-qat ağır problemləri var və onların heç biri həll olunmur.
Cavab rəis müavininin xoşuna gəldi. Gülümsəyib:
– Yox, problem varsa, onu həll etmək lazımdır,- dedi. Qapını yarıya qədər örtüb orada starşina ilə xosunlaşmağa başladı. Bir-iki qapı o tərəfdə nəsə şaqqıltı-çıqqıltı yarandı. Daha bir neçə dəqiqə sonra starşina yenidən bizim qapımızın ağzında peyda oldu:
– Müəllim, əşyalarınızı da özünüzlə götürün. Hə, hamınız,- deyib Rahiblə Nəbinin də üst-başını baxışları ilə seyr etdi.
Biz çox sürətlə bağlamalarımızı götürüb dəhlizə çıxdıq və iki qapı daha dərinliyə doğru getdik. 123! Bu bizim yeni qapımızdır və yaxşı əlamətdir: 1, 2, 3. Starşina qapını üzümüzə açdı. Burası geniş meydançalı bir kamera idi. İçəridə divar üç boyu ikimərtəbəli çarpayılar (“şkonka”lar) düzülmüşdü. Ortalıqda isə 3×2 ölçüsündə bir meydança vardı. Əsl mən istəyən kamera!
Ən iri yük məndə idi. Yorğan-döşək bağlaması və iri bir zənbil. Kameradakılar dərhal irəli atılıb yükdən yapışdılar. “Dustaq həmrəyliyi!” Bağlamanı çarpayıların birinin üstünə atdılar. Rəis müavini içəridəkiləri və sanki birinci dəfə görürmüş kimi baxdığı kameranın bütün divarlarını nəzərdən keçirdi:
– Hə, müəllim, xoşuna gəlir?
– Əlbəttə. Dustaq olanda da belə kameraya düşəsən. Əsl mənim arzuladığım bir yerdir,- dedim.
– Yox, müəllim, adam belə şeyi arzulamaz…
– Arzulamaq həmişə yaxşıdır. Hətta həbsxanada da.
– Burada bilirsən kim olub?
– ?
– Sənə deyəcəklər yəqin. Hələlik başqa bir arzun var?
– Nərd istəyirəm. Ya da domino.
Rəis müavini starşinanı, starşina da qapını çəkib getdilər.
Açığı, mənim rəis müavini ilə belə sərbəst və ərkyana söhbətimi kameranın köhnə sakinlərinin çox maraqla müşahidə etdiklərinin yalnız indi fərqinə vardım. Onların baxışlarından aşkar hiss olunan anlaşılmazlıq yağırdı. “Bu da kimdir və haradan peyda oldu? Beləsinə inanmaq-güvənmək olar, ya yox?” şəklində bir anlaşılmazlıq. Amma buna baxmayaraq, hamısı kəmali-ədəblə, həbsxana etiketinin bütün detallarına uyğun şəkildə tanışlıq verməyə başladı:
– Rahim, Masallıdanam, Ərkivandan. Oğurluq üstündə tutulmuşam.
– Şamxal, Masallıdanam, Xıldan. Oğurluq, amma iri oğurluq üstündə tutulmuşam!
– İlqar, Lənkərandanam. “Milli statya”.
– Rasim, Lənkərandanam. Oğurluq, amma çox xırda oğurluq.
– Şamil, Xələcdənəm, yəqin, elə ora da qayıdacam. Dava-dalaşa görə tutuldum.
– “TT” Natiq. Bakıdan. “Milli statya”. Ölənə qədər də belə olacaq!
Biz də özümüzü təqdim etdik. Eyni kamal və ədəblə.
Kameranın ortasına bərkidilmiş “zolotoy”un ətrafına toplandıq. “Zolotoy” burada stola deyirlər. Rasim “Tefal”ın ipini dartıb cərəyandan ayırdı: “Çayımız da hazırdı. Qardaşlara bir çay verək”, deyib orada qurdalanmağa başladı. Biz yenicə gəlmişdik deyə hələ qurdalanmağımıza dəyməzdi. Buradakıların nisbətən yaşlısı kimi görünən Şamilin sifətinə baxıb sonra öz zənbilimə işarə etdim: “o zənbildə şirniyyat-filan olmalıdır” dedim.
Rasim hamıya çay süzdü. Stəkanlara yapışmaq barədə hətta qiyabi qərar verməyə macal tapmamış qapı yenidən açıldı və starşina içəri təpilib barmağını “TT”-yə tuşladı:
– Sən! Əşyalarını da götür, təcili çıx! Başqa kameraya gedirsən.
Sonra mənim üzümə baxıb:
– Müəllim, bura 8 nəfərlikdir. Siz isə 9 nəfərsiz. Bu uşağı buradan götürməliyik. Rəis belə məsləhət gördü.
“TT” ildırım sürəti ilə hazırlaşıb bir-iki sellafon paketi də qoltuğuna vurub kameradan çıxdı. Amma uşaqlar ikiqat heyrət içində donub qalmışdılar. Mən bu “şok”u başa düşmədim. “Nə baş verib”, deyə maraqla soruşdum.
– Müəllim, çayını iç e, elə bir şey yoxdur,- bunu Şamil dedi.
– Yenə də, olsun.
– Sən kimsən ki, müəllim?
– Dustaq, hamı kimi.
– Müəllim, burada hər dustağa “müəllim” demirlər, bu bir. 8 nəfərlik kameradan doqquzuncu adamı çıxarmırlar, əksinə, onuncu-on birinci adam da gətirə bilərlər, amma sənə görə bircə nəfər artıq adamı buradan götürdülər, bu iki. Rəis müavini burada nərd sifariş vermək üçün deyil, bu üç. Sir-sifətdən də bizim kimi savadsız adama oxşamırsan, bu dörd…
Bu müqayisə-sual elementlərinin uzanmasına imkan vermək istəmədim. Çay içmək istəyirdim. Bu “bir, iki, üç,..”lər mənim susuzluğumu söndürəcək keyfiyyətlərin daşıyıcıları deyildi. “Onlara başqa vaxt da cavab vermək olardı, bu da beş”, düşünüb tələsik cavab verdim:
– Mən jurnalistəm.
Hamının sifətinə bir rahatlıq çökdü. Hətta çay içməyə də başladılar. Bu, indiki mərhələdə mənim ən çox arzuladığım ritual idi:

Çay!

941-ci il

Ərdəbilin işğalı və “127”-nin üçüncü dustağının hekayəti

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button