Dövlət Dəmir Yollarında “kürəkən” sindromu

Çingiz Məmmədovun kürəkəni Ramil obyektlərin yoxlamasında hansı səlahiyyətlə iştirak edir?

Hələ mərhum Heydər Əliyev zamanından ölkədə saraydaxili mübarizə zaman-zaman özünün pik həddinə çatıb, lakın birincinin xarizması alovu anındaca söndürmək iqtidarında olduğu üçün hadisələr indiki qədər siyasi qarşıdurmalar səviyyəsində deyildi. Qəribədir, iqtidar mənsubları mətbuatda bir komanda olduqlarını usanmadan bəyan etsələr də, lakin həqiqət deyilənlərin əksinədir. İş o həddə çatıb ki, iri çaplılar molekulları belə bir araya gətirməklə qarşılıqlı əzələ nümayiş etdirirlər. Diqqətli Oxucu xatırlayırsa, ötən saylarımızda Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin İnzibati Binaların və Qurğuların Təmiri–Tikintisi departamentinin rəisi Çingiz Məmmədovla bağlı redaksiyamıza daxil olan məlumatları dərc etmişdik. Onu da qeyd edək ki, mətbuat olaraq daim ölkənin birinci şəxsi, eyni zamanda ayrı-ayrı sahələrə rəhbərlik edən nazirlərlə bağlı daxil olan informasiyalara əsasən araşdırmalar aparmışıq. Lakin bu gün nə mətbuatın, nə də geniş ictimaiyyətin diqqətini cəlb etməyən elə dövlət strukturları var ki, həmin şəxslərin sərvətləri haqda gələn məlumatlar milyonları da aşır və insanın ağlı çaşır. Bunların xırda məmurları bu qədər talançılıq edirlərsə, gör “yuxarılar” nə edirlər?

“Xural” olaraq bu şəxslərlə bağlı araşdırmalarımız davam edir. Diqqətli Oxucularımız, “Xural”sevərlər şahidi olduqları məlumatları redaksiyamıza təqdim etməkdə davam edirlər. ADY QSC-də departament rəisi olan Çingiz Məmmədovun ötən saylarımızda respublikanın ayrı-ayrı bölgələrində nə az, nə çox düz 12 villasının olduğunu qeyd etmişdik. Həmin məqalələrdən sonra redaksiyamıza edilən zənglərdə həmin villaların şəkillərinin dərc olunmasını xahiş edən dəyərli Oxucularımızın diqqətinə onu da çatdırmaq istəyirik ki, artıq bu prosesə start vermişik. Çingiz Məmmədov da daxil olmaqla bəzi bu tipli çinovniklərin fəaliyyətlərinin araşdırılmasına çalışacağıq. Bu, ən azından ölkə rəhbərinin diqqətini bu məsələyə yönəltməklə korrupsiya və rüşvətlə mübarizəyə “Xural” olaraq dəstəyimiz olardı. İndi isə qayıdaq Çingiz Məmmədova…

Haqqındakı araşdırmalarımızın çapından sonra cənab Məmmədov “Xural” və onun rəhbərliyinə edəcəkləri ilə bağlı hind filiminə bənzər iki seriyalı bir ssenari danışıb. Adam gəncliyində yəqin hind flimlərinin aludəçisi olduğu üçün özünü Şaka hesab edir… Qeyd etmişdik ki, sayın Məmmədov “Vorovski” adlanan ərazidəki Misir fironlarının sarayına bənzər villasının ikinci mərtəbəsinə qalxan pilləkəndən sonra seyflərin divara gizlədilməsi tapşırığını verir. Seyfi peşəkarlıqla gizləyən usta onun yerini iş icraçısına da söyləmir və rəisə öz peşəkarlğını göstərmək istəyir. Villasına qayıdan Çingiz Məmmədov seyfi tapmadıqda əsəbiləşərək, Namiq adlı iş icraçısına hücum edib onu döyməyə başlayır. Ustaların müdaxiləsindən və seyfi tapandan sonra sakitləşən Ç.Məmmədov hər kəsi həyətə düşürür və seviml seyfini açıb yoxlayandan onra sakitləşir. Onu da qeyd edək ki, Ç.Məmmədovun Mərdəkan, Bilgəh, Novxanı, Nabran, Şabran, Quba və Gəncədə toplam 12 ədəd villası var. ADY QSC-nin ərazisi olan, eyni zamanda anbar funkiyasını daşıyan bina da “Fioletov” adlanan ərazidə Ç.Məmmədov tərəfindən xanımının adına özəlləşdirilərək mənimsənilmək ərəfəsindədir.

Mənbəmiz onu da qeyd edir ki, cənab Ç.Məmmədov kifayət qədər zövqlü adamdır. Onun departamentdə “ilham pərisi” də var. Məmmədov istirahətini səmərəli keçirmək üçün öz “ilham pərisi”ni Sabunçuda və şəhərin ayrı-ayrı hissələrində bir neçə mənzillə, hətta qapısı pultla açılıb bağlanan qarajla da təmin edib. Şəhərdə isə qaraja yəqin ki, toyuq-cücə salmırlar.

Mənbəmiz bildirir ki, Çingiz Məmmədov prezidentin rayonlara səfəri zamanı da kifayət qədər vəsait əldə edir. Belə ki, heç kimə sirr deyil ki, ölkə başçısının rayonlara səfəri zamanı gedəcəyi ünvanlar abadlaşdırılır. Mənbəmiz bildirir ki, prezident köməkçisi ilə şəxsi münasibətlərindən istifadə edən Ç.Məmmədov həmin işlərin ona tapşırılmasına nail olurmuş.

“Nayomniklər” adlanan ştatdankənar işçilərin hesabına görülən işlərin hesabatı iki ayrı-ayrı vərəqdə aparılır. Yuxarılara verilən hesabatla daxili hesabat arasında bir neçə dəfə fərq olmasına baxmayaraq, “nayomnik”ə verilən pulun böyük hissəsi Ç.Məmmədov tərəfindən mənimsənilir. Prezidentin bütün səfərləri cənab Məmmədov üçün çox “uğurlu” olur. Belə ki, yarımçıq ödənilən zəhmət haqlarından sonra Ç.Məmmədov həmin şəxslərdən “zəhmət haqqımı aldım” deyə izahatlar alır. O, bununla özünü sığortaladığını zənn etsə də, məlumat həmən kuluarlarda müzakirə mövzusuna çevrilir. Lakin işlərini itirəcəklərindən qorxan həmin şəxslər bu etirazları rəisə deməyə cəsarət etmirlər. Çünki Ç.Məmmədovun həmin işlərini görmək üçün qəbuluna düşmək istəyən onlarla şəxs var.  Bundan əlavə, rəhbərlik etdiyi departamentdə heç bir rəsmi vəzifə daşımayan Ramil adlı kürəkəni hər kəsin yanında “hələ çox oğlanların papağı boş qalacaq” deməsi, hər kəsi öz papağının hayına qalmağa vadar edib. Ramil həmin şəxslər üçün həm də qorxulu yuxudur. Çünki Ç.Məmmədovun rəhbərlik etdiyi əksər obyektlərin yoxlamasını da məhz Ramil (?-red.) aparır. Allah etməmiş, səhv edən iş icraçısının aqibətini düşünmək cox çətindir. Məmmədov onu ömürlük “zakona” qoyar.

Ötən yazılarımızda qeyd etmişdik ki, Ç.Məmmədov fəaliyyətini əsasən prezident köməkçisi ilə əlaqələndirir. O, hətta qürurla köməkçinin Bilgəhdəki villasını qoruyan itlərin də gündəlik yeməyini ozünün təşkil etdiyini söyləyir. Belə ki, mənbəmizin verdiyi məlumata əsasən, hər gün itlər üçün böyük miqdarda yeni kəsilmiş iribuynuzlu heyvanların qara ciyərləri gətirilir. Daim bağda olan həkimin nəzarəti altında ciyərlər qaynadılır, dərmanlanaraq itlərə verilir. Lakin deyilənə görə, son zamanlar Ç.Məmmədov üzünü yavaş-yavaş prezident köməkçisindən digər tərəfə çevirib. Mənbə onu da qeyd edir ki, artıq son bir neçə aydır ki, Ç.Məmmədov yaxın çevrəsi vasitəsilə bu informasiyaları dövriyyəyə buraxır. Ola bilsin ki, bu, cənab Məmmədovun növbəti planının tərkib hissəsidir.

Həmin plan isə tam olaraq artıq “Xural”dadır…

“X” Analitik Qrupu

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button