Dövlət İncəsənət Universiteti kökündən sökülməli…

Bir neçə kəlmə kinomuz haqda…

Bəzən TV və böyük ekranlarda nümayiş olunan yeni filmlərə, teleseriallara baxarkən xəcalət çəkirik. Niyə?
Təsəvvür edin ki, stadionda futbol matçı keçirilir və azarkeşlər böyük bir emosionallıqla oyunu izləyirlər… Əlbəttə, bu azarkeşlərin əksəriyyəti bəzi məqamlarda özünün meydançadakılardan daha yaxşı futbolçu olduğunu zənn edir və: “Ehh, mən daha yaxşı vurardım”, “Ay zalım, sağa, sağa ötür topu!”, “Vay dədəm,vay! Alə, bu nə qayırır, alə?!”, “Qapıya, qapıya vur, ay çolaq!”, “Ə, bu kasoy oynaya bilmir ki!” və sair bu kimi replikalar atır, – qışqırır, bağırır, göstəriş verir… Əgər hansısa möcüzə sayəsində, o cür fikirləşən adamları götürüb oyunçularla əvəz etsən… matçın hansı vəziyyətə düşəcəyi, yəqin ki, hər kəsə aydındı…
Eyni ilə buna bənzər vəziyyət televiziya seriallarında və milli kinomuzda baş verir. Yəni elə bil, gözəgörünməz bir əlin işarəsiylə kinematoqrafiya adlandırdığımız görüntü sənətinin “yüyəni” peşəkarlardan alınıb həvəskarlara peşkəş edilib.
Zaman-zaman təmtəraqlı “premyerası” keçirilən “bezdarnıy” kino filmlər: “Super!”, “Əla filmdi!”, “Molodes!”, “Şedevr kinodu!” və s. kimi epitetlərlə möhürlənir. Amma təəssüf ki, “milli” kino və Tv məhsullarında mövzu bəsitliyi, obrazların, süjet xətti, konfliktlərin primitiv təqdimatı və həlli, kino estetikasına tamam yad nümunələr, ideyasızlıq, o cümlədən bəsit traktovkalardan doğan anti-sanitar kino epizodları, kobud montaj qüsurları, bayağı musiqi seçimləri, səviyyəsiz aktyor oyunu, eləcə də səriştəsiz operator, rejissor işi, və s. və i.a. aşkar pintiliklər ört-basdır edilərək “kadr arxasında” qalır.
Görünür, bu vəziyyət görüntü sənəti industriyasına cavabdeh olan şəxsləri qane edir. Görünür, əsas məqsədi televiziya və kinoda çalışacaq sənət adamları yetişdirmək olan Azərbaycan Dövlət İncəsənət universitetinin kökündən sökülüb yenidən qurulmasının vacibliyi heç kimin vecinə deyil!.. Və görünür, Mədəniyyət və Turizm nazirliyi, kor tutduğunu buraxmadığı kimi, ölkə üçün turizmin (oxu: gödəniyyətin) mədəniyyətdən daha əfzəl olduğu qənaətindən əl çəkmək istəmir. Nəhayət və ən başlıcası: görünür, bu hakimiyyətə zövqü korlanmış, intellektsiz, estetik baxışlardan məhrum və dünyaduyumu korşallaşmış kütlə instinktləriylə yaşayan tamaşaçı lazımdır.
Amma bütün bunlara baxmayaraq, şəxsən mən ümid edirəm ki, bu gün bədii kino sahəsini işğal altında saxlayan qeyri-peşəkarlıq müvəqqəti bir hal, yaxud mərhələdir və nə vaxtsa keçib gedəcək. Yəqin ki, və ya bəlkə də, heç bu mərhələsiz keçinmək də mümkün deyilmiş…
Və yəqin ki, səlahiyyət sahibləri nə vaxtsa çörəyin məhz çörəkçiyə verilməsinin zərurətini anlayacaqlar!.. Çünki kino sənəti mənəviyyatımızın tərkib hissəsidir və onun ölümə məhkum edilməsi çox ağır faciə ilə nəticələnər…

(“Ağrı” silsiləsindən…)

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button