Dövlət Müdafiə Komitəsi necə və niyə yarandı-TARİXİ FƏRMAN

Elçibəy hökumətinin Baş Naziri Pənah Hüseyn facebook səhifəsində maraqlı sənədlər açıqlayır. Dünən Dövlət Müdafiə Komitəsinin gizli protokolunu açıqlayan sabiq Baş Nazir, bu gün də Dövlət Müdafiə Komitəsi haqqında suallara cavab verib. “Bu adla orqan Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ildə də yaradılmışdı. 1992-ci ildə A.Mütəllibov istefaya getdikdən sonra bu adla orqan 1992-ci ilin martın 12-də xüsusi qanunla təsis olundu. DMK haqqında qanunun ilkin variantında Prezident, Dövlət Katibi, Baş Nazirin 1-ci müavini (müdafiə sənayesinə və müdafiə ilə bağlı digər məsələlərə məsul) hüquq məsələləri üzrə dövlət müşaviri tərkibə daxil deyildi. DMK Prezident yanında məşvərətçi orqan yox icra səlahiyyətlərinə malik orqan kimi nəzərdə tutulurdu. Sonradan qanununa bir sıra dəyişiklik və əlavələr edildi” deyə yazan Pənah Hüseyn Qanunun ilkin variantını dərc edib. Xural.com Qanunu təqdim edir:

 

Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

1. Azərbaycan Respublikasının suverenliyini, dövlət təhlükəsizliyini və ərazi bütövlüyünün qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi yaradılsın.

II. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin tərkibinə daxil olur:
1) Azərbaycan Respublikası Ali Sovetinin sədri;
2) Azərbaycan Respublikasının Baş Naziri;
3) Azərbaycan Respublikasının Müdafiə naziri;
4) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri;
5) Azərbaycan Respublikasının Daxili İşlər naziri;
6) Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahının rəisi;
7) Bakı şəhəri İcra hakimiyyətinin başçısı;
8) Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən təklif olunmuş 4 nümayəndə.

III. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

IV. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin qərarları Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır.

V. Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi Azərbaycan Respublikasının müdafiəsi və təhlükəsizliyinin qorunması sahəsində dövlət siyasətini müəyyənləşdirir və hökumətin həmin siyasəti həyata keçirməsinə nəzarət edir.

VI. Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin fəaliyyəti bu Qanun və Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi statusu haqqında Azərbaycan Respublikası Ali Sovetinin təsdiq etdiyi Əsasnamə ilə nizama salınır.

VII. Bu Qanun qəbul edildiyi andan qüvvəyə minir.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Y. MƏMMƏDOV

Bakı şəhəri, 12 mart 1992-ci il,
№ 84

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button