Dövlət Sərhəd Xidmətinin əsgəri intihar edib?

Sentyabrın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) Balakən rayonundakı sərhəd zastavasında xidmət edən Hüseyn Fəxrəddin oğlu Qurbanov vəfat edib.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgərin nəşi sentyabrın 14-də yaşadığı Xaçmaz rayonuna gətirilib və ailəsinə təhvil verilib. Onun hansı səbəbdən öldüyü haqda dəqiq məlumat yoxdur.

“Gah deyirlər, intihar edib, işgəncə hallarına, haqsızlığa dözməyib. Başqa sözlər deyən də var. O söhbət də gəzir ki, onu başqası öldürüb, intihar donu geyindiriblər. Cəmi 19 yaşı var idi. Evin tək oğluydu və cəmi 3 ay əsgərlik çəkdi. Dövlət Sərhəd Xidmətində qulluq edirdi. Ölümünün səbəbi tam açıqlanmayıb. Ancaq əsgərlər, polis, icra hakimiyyəti nümayəndələri – hamısı tökülüşüb gəlmişdilər. Bu gün dəfn etdilər”, – mərhumun adının açıqlanmasını istəməyən yaxını Meydan TV-yə deyib.

Hüseyn Qurbanovun ölümü ilə bağlı sosial şəbəkələrdə də məlumatlar yayılıb.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Xaçmaz Rayon Bələdiyyəsi və Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Hər iki qurumdan bildiriblər ki, əsgərin ölümünün təfərrüatları barədə yalnız Dövlət Sərhəd Xidmətindən məlumat almaq olar. DSX-dan isə bu barədə məlumat verə bilməyəcəklərini deyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button