Dövlət terrorudur, baş verənlər

Əvəz Zeynallı

Həbsxanadan ikinci yazı…

Repressiyanın hədəfində artıq kəndim də var

Prezident Administrasiyasının rəhbəri, hörmətli Ramiz Mehdiyev və onun adından mənə qarşı repressiya dalğalarını idarə edən ictimai-siyasi şöbənin müdiri Əli Həsənov (Qaragilə) başlatdıqları repressiyanı «uğurla» davam etdirirlər. Tam da təxmin etdiyim kimi iş indi deputat-üzəduran Gülər Əhmədovanın dəlilləri olmadığından, yeni «işlər» tapmaqla onu bu işin içindən çıxarmaq prosesi gedir. İndi mənim üzümə duranların sayı bir neçə nəfərə çatdırılıb. Onların arasında Sumqayıt Maşın Bazarının sahibi Sabir Tarverdiyev, «Kurort» ASC-nin keçmiş direktoru Akif Məmmədovun dəstəsi ikmi üzümə durdurulan bir neçə kəndlilərim… Sırada Gəncə şəhər Polis İdarəsinin çiçəyi burnunda generalı Rasim Musayev, Gəncə şəhər icra hakimiyyətinin çiçəyi burnunda başçısı Elmar Vəliyev ola bilər. İstintaqın gedişindən onların qoxusu da gəlir. Nə istirahətləri, nə də gecə-gündüzləri var. Qoca bir dövlətin bütün səlahiyyətində olan vasitələr üzərimə yeriyir. Mən, ailəm və nəslim hədəfdədir. Mənə təsir etmək üçün qardaşımı işdən çıxardılar. Bəs etmədi. Sonra dayım oğlu Rəşad Zeynalovu işdən çıxardılar. Ürəkləri soyumadı. Məni biabırçı və qəddarcasına formada həbs etdilər, gözləyirdim ki, artıq dincələrlər. Olmadı. Mətbuatdan oxuyuram ki, «Xural»ın əməkdaşı, həm də xalam oğlu Kamran Zamanlının avtomobilinin üzərinə maşın sürüblər. Kamran cəsur oğlandır, hələ ki, ötüşə bilib. İşin bu çərçivədə qalması da bunların – Ramiz Mehdiyevin ürəyini soyutmayıb. Kinlərinin və nifrətlərinin hüdudu yoxdur. İndi də kəndlilərimi üzümə qoyurlar. Əvəz Zeynallının özü, ailəsi, nəsli ilə yetişmədilər, indi tarix boyu bir adamın üzə durmadığı bir kənddən olan kimlərisə gətirir və «mən Əvəzə pul verdim» deyə izahat alırlar. Mən üzləşdiyim adamların hamısının zorla gətirildiyini bilirəm və hədə-qorxuya məruz qaldıqlarını müşahidə edirəm.
Məni dinləmək haqqında sanksiya verilib. Məni bir müddət dinləyiblər. Heç bir şey əldə edə bilməyiblər. Sonra həbs ediblər və telefonlarıma əl qoyublar. İndiyə qədər telefonlarım kimlərdədəir, bilinmir. Məndə olan məlumatlara görə, həbs olunan gündən indiyədək telefonlarıma zəng çatır.
Əllərinin hər yerdən üzüldüyünü görəndə mən zəng edənləri istintaqa cəlb etməyə başlayıblar. Dünya tarixində bu cür dövət zorunun və dövlət namərdliyinin misli-bərabəri görünməyib. Mənim telefonumda kimlərin zəngi qəbul olunubsa, onları araşdırıb Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırırlar. Kiminin boynuna 100, kiminə 200, kiminə 1000 manat yükləyirlər və mənə pul verdiklərinə dair onlardan zorla ifadə alırlar. İnsanlar hətta nələrin baş verdiyini anlaya bilmirlər.
Məxsusən İctimai Palatanın, Redaktorlar Birliyinin, tərəqqipərvər Azərbaycan cəmiyyətinin avanqard kəsiminin aktiv və ardıcıl müdafiəsindən sonra bunlar lap çılğına dönüblər. Aldatdıqları prezidentlərinin birdən hər şeyi öyrənə biləcəyindən ehtiyatlanırlar. Ona görə bir ailəni, bir nəsli, indi də bir kəndi repressiya dişlərinin arasına veriblər. Cəmi bir müstəqil qəzetin bu boyda dövlət məmurlarını nə günə saldığını görürəm və acı-acı gülürəm. Gülər Əhmədova sevinc və həyəcan içində bəzi həmkarlarıma zəng edərək, qürrələnirmiş: «gördün, nə etdim» deyə. Dəhşətdir. Ölkə bunun «Sevgiladə»liyindən, «üzəduranlığından» danışır, bu qürrələnir. Gör bu hakimiyyət insanları hansı həddə gətirib. Gülər açıqca deyib ki, daha bir xeyli adam Əvəzin üzünə duracaq və məbləğ 100 min manata çıxacaq. Günlər əvvəl Gülər Əhmədovanın dedikləri bir-bir olur – bal kimi siyasi sifarişdir və bu sifarişin cındırından cin hürkür.
Bir addım da olsun geri çəkilmək düşüncəm yoxdur. Ən azı beş böyük dövlət quruluşu ilə qarşı-qarşıyayam – Prezident Administrasiyası, onun bütün qurumları, Milli Məclis, Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq. Sırada Ramil Usubovun ola biləcəyi ehtimalı da var. Çünki bu nazir mənə iş otağında prezidentin əleyhinə yazı yazmamaq müqabilində hər şey – rüşvət təklif edib. Qəbul etmədiyimi bütün Azərbaycan bilir. Ona əsəbləşiblər. Ki, bəs bu adam pulu haradan alıb, qəzet çıxarır. Bunların məntiqincə, biz bunların icazəsi olmadan nəfəs belə almamalıyıq.
Bir daha deyirəm, bir addım belə geri çəkilmək fikrim yoxdur. Bu dövlətin çarxlarını əllərində tutanlar bunu belə də bilsinlər. Ucrunda canımı qurban verməyə hazır olduğum dövləti mənə kimsə cəhənnəm etməməlidir. Hamısının cavablarını verəcək, hər şeyin hesabını soruşacağam. Hər kəs əmin olsun!
Bir də… Bu çox ağır və şərəfli bir savaşdır. Əsəbləri və iradələri yerində olmayanlar geri çəkilə bilər. Mən tərəqqipərvər Azərbaycan cəmiyyətinin avanqard kəsiminə inanıram.

05.11.2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button