Dövləti də, idmanı da eyni qaydalarla idarə edirlər

Gültəkin Hacıbəyli

Bu hakimiyyətin dövlət idarəetməsilə idman idarəetməsi arasında heç bir fərq yoxdur. İkisi də tapındıqları ən ali dəyərlərinə- pul, korrupsiya maraqlarına söykənir. Üç-dörd gün öncə Almaniya televiziya kanallarının birində Efiopiya mənşəli idmançı Layeş Abdullayevanın başına gətirilənlərdən utancverici bir veriliş hazırlanmışdı. Azərbaycanlı idman məmurları onu ölkəyə dəvət edərkən vəd etdikləri pulun heç üçdə birini də verməyiblər, Layeşi aldadıblar və s. Ölkə adına yalnız xəcalət! Və bu proqram efirə gedəndən az sonra elə həmin məmurların ölkədən didərgin saldıqları, hələ “fəraridir, Azərbaycana gələn kimi tutub əsgərliyə göndərəcəyik” (maraqlıdır, görəsən, Əli Həsənovun nəvəsini əsgərliyə göndərmək heç onların ağlına gəlibmi?!) deyərək hədələdikləri Ramil Quliyev 200 m məsafəyə qaçışda Türkiyə millisinin tərkibində dünya çempionu olmaqla bütün Türk Dünyasını qürurlandırdı. Ramil Quliyevi niyə ölkədən qaçaq saldılar? Az öncə 18 aydır maaş ala bilmədiklərinə görə etiraz edən Olimpiya və dünya çempionlarımız Toğrul Əsgərov və Rəsul Cunayev niyə diqqətdən kənarda qalıb? Niyə idman federasiyalarımız öz idmançılarımıza yox, mövsümi legionerlərə daha həvəslə pul xərcləyirlər?! Bu sualların cavabını Layesh Abdullayeva Almaniya televiziyasına danışıb: ona vəd etdikləri 1000 dollar əvəzinə 150 dollar pul verirlərmiş! Xarici idmançılardan pul yemək, onların adına milyonlar silmək daha rahatdır axı! Azərbaycan korrupsiya adlı xərçəng xəstəliyinə tutulub! Bu xəstəlik ölkənin təhsil sistemini də məhv edib, idmanını da. İqtisadiyyatını çökdürüb, maliyyə-bank sistemini müflis edib. Səhiyyəsini İrana möhtac qoyub, yoxsul vətəndaşlarını Allahın ümidinə buraxıb. Bu xəstəlik ölkə idarəetməsinin bütün sahələrini içindən gəmirib və artıq metastaz verməyə başlayıb. Və bu ölkənin xilasını düşünmək, bunun üçün əməli işlər görmək artıq kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşınıın şərəf borcuna çevrilib!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button