“Dövləti yönləndirənlərin  yalan siyasəti ölkənin gələcəyini qeyri-müəyyən duruma salır”

Əli  Əliyev

Əli  Əliyev

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri  

Azərbaycan hakimiyyətinin yüksək rütbəli məmurları yalan danışmaqdan çəkinmirlər. Yalan bütün mövzuları-seçki, soisal, maliyyə, iqtisadi, hərbi və s. sahələri əhatə edir. Azərbaycanda hər işin real və irreal görüntüsü mövcuddur.

Televiziyalar, çap və elektron mətbuatın əksər nümayəndələri məmurların və deputatların dili ilə hər işin əla getdiyini, böhranın mövcud olmadığını, yaranmış vəziyyətin daxili deyil, xarici amillərdən asılılığına hamını inandırmağa çalışırlar. Konkret nümunələr necədir?

Həqiqi durumun necə olduğuna keçməmişdən əvvəl, yalan barədə Allahın yaratdıqlarına göndərdiyi son müraciət toplusu, müsəlmanların yaşam Konstitusiyası olan müqəddəs Quranın nə söylədiklərinə də paralel olaraq diqqət yönəldək. Unutmayaq ki, Dövlətimiz müsəlman ölkəsidir. Bizi idarə edənlər də Quran ehkamlarını nəzərə almalı, bacardıqca ona əməl etməlidirlər. Düzdür, əsas məmurlarımızdan bəzilərini vaxtaşırı dini ayinlərin icrasında görsək də, onların bir hissəsinin kommunist olduğunu, yəni rəsmən Allahsız olduğunu da unutmamalıyıq. Zatən “azanın ləğvi” kimi əndrəbadi qərarlar, məhz bu iqtidarın icadlarındandır.

Müqəddəs kitabımız, yalanın kimin xasiyyəti olması barədə belə deyir: İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin sizə yalan danışdım…” (İbrahim surəsi, 22). Yaxud yalan barədə belə deyir:”Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!”( Nəhl 105). Başqa bir ayədə isə belə söylənir:”…Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz”. (Zümər – 3).

Ümumiyyətlə, ciddi dövlət xadimlərinin, insanların etimadı ilə rəftar etməli olanların yalan danışması əxlaqsızlıq, sayğısızlıq, müqəddəs Kitabımızdan göründüyü kimi həm də Allahsızlıq və şeytana bənzərlikdir. Xüsusən, son dövrlər yüksək səviyyədə çəkinmədən bütün insanlarımızı aldadan bəyanatların şahidi oluruq. Məsələn, ölkədə parlament seçkiləri kütləvi şəkildə pozuntu və müdaxilələrlə saxtalaşdırılır, insanların siyasi iradəsi və taleyi zorlanır. Seçkilər barədə danışan görəvlilər isə yalan danışaraq, “ədalətli seçkilər”in keçirildiyini deyirlər. Belə çıxışlar, hakimiyyət nümayəndələrinin mandatın pul ekvivalentli olması barədə faktlar (Elşad Abdullayev) aşkarlaması, danışıq yolu ilə müxalifətin parlamentə “yerləşdirilməsi” haqda (Siyavuş Novruzov) etirafları fonunda baş verir.

Başqa nümunədə, Milli Bank sədri Elman Rüstəmovun, devalvasiya axşamı əhalini açıq şəkildə aldatması ilə müşayiət olunan televiziya açıqlamasını yada salaq. Bütün dünyada bankirlər cəmiyyətin dürüstlük simvolu sayılır. Aparıcı dünya banklarının gəlişməsinin səbəbi, onların yaradıcılarının şəxsi və peşəkar “təmizlikləri” olub. Maliyyəçinin peşə kodeksi, ona müştərinin etimadı ilə sui-istifadəni qadağan edir. Bu tabunu pozmuş əsl, şərəfli bankirlərin, həyata müxtəlif yollarla vida etməsi barədə tarixdə yüzlərlə misal var.

2008-ci il böhranı zamanı əslən alman, investisiya şirkətinin rəhbəri layihəsinin bankrot olması və şirkətin payçılarının etimadını doğrultmadığına görə özünü qatarın altına ataraq, suisid etmişdi. Mən kiməsə özünə qəsd təklifi etmirəm, bu əməl dinimizdə qadağandır. Lakin bütün vətəndaşları aldatmış baş bankirin məqamında qalmasının izahı yoxdur.

Digər qabarıq yalan nümunəsi maliyyə naziri Samir Şərifovdan gəldi. Ötən ayın sonlarında Britaniyanın İndependent nəşri Azərbaycan hökümətinin kredit alınması məqsədilə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə təmaslarda olduğunu yazmışdı. Eyni məlumatı RBK TV kanalı da fevral ayının 4-də nüsxələmişdi. RBC TV belə danışıqların Avropa İnkişaf və Yenidənqurma bankı(AİYB) ilə aparıldığını da bildirmişdi. Bu məlumat milli mətbuata sızan kimi, nazir Şərifov heç kəslə kredit alınması üçün əlaqəyə girmədikləri barədə açıqlama verdi.

İctimaiyyətdə haqlı suallar doğuran bu maliyyə əməliyyatında qeyri-adi bir tərkib olmasa da, ölkəni böhrana soxmuş hökümət, sanki gözbağlayıcı kimi əlamətləri gizlətməyə çalışır. Şərifovun bəyanatını təkzib, xarici mətbuatı təsdiq edən məlumatlar çox keçmədən üzə çıxdı. İqtisadi İnkişaf naziri Şahin Mustafayev 12 fevral tarixində Londonda AİYB-nin prezidenti Suma Çakrabati ilə 2017-2020-ci illərdə qarşılıqlı əməkdaşlıq barədə görüş keçirib. trend.az

Eyni məlumat mənbəyində Beynəlxalq Valyuta Fondunun rəhbəri Kistin Laqardın açıqlaması yer alır. PUNCH nəşrinə istinadən yayılan xəbərdə xanım maliyyəçi, Azərbaycan iqtisadiyyatını tərifləməklə yanaşı, Fondun yaranmış beynəlxalq konyukturada Dövlətimizə yardım göstərilməsini öz təşəbbüsü kimi təqdim edir. Maraqlıdır, xanım Laqarda nə düşüb ki, belə təşəbbüsə can atır. Həqiqətənmi, BVF bütün ölkələrə belə həssaslıqla yanaşır, bütün problemli ölkələrə “kömək” təşəbbüsü nümayiş etdirir? Yox, əlbəttə ki, yox. Yayılmış məlumat, daha çox hökümətin yaranmış maliyyə “açlığını” ört-basdır cəhdinə bənzəyir. Laqardın açıqlamasında kredit götürülmənin şərtləri açıq şəkildə səsləndirilib.

Beləliklə, Dövləti yönləndirənlərin bu yalan siyasəti ölkənin gələcəyini qeyri-müəyyən duruma salır. Tibb mütəxəssisləri yaxşı bilir ki, xəstəliyi “daxilə” qovmaqla, gizlətməklə müalicə etmək olmaz. Onu aşkar etmək və dərhal aradan qaldırmaq lazımdır. Yalanın dövlət siyasəti səviyyəsinə qaldırılmasının fəsadlarını təkcə hökümətin dadacağına əmin olsaydım, susardım. Təəssüf ki, onların etdiklərinin acılarını ölkə vətəndaşlarının hamısı çəkir, belə görünür ki, hələ xeyli müddət çəkəcək də.

Sonda bir daha Qurani-Kərimə müraciət edərək, Tanrının bu barədə dediklərinə bir də baxmaq istərdim. Uca yaradan bütün müsəlmanlara tövsiyədə bulunaraq belə deyir:”murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin” (Həcc – 30). Başqa ayədə: “..Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!”( Ali imran – 61). Yaxud bu ayədə göstərilən kimi:

““Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməlidir).” (Nur – 7). İqtibas olanlar mənim deyil, Uca Yaradanın tövsiyyə və göstərişləridir. Fikrimcə, insanlar yalan danışmamalı, hakimiyyət nümayəndələri isə ondan 2 qat çəkinməlidirlər. Əlbbəttə ki, Allahın qüdrətinə və Axirətə inanırlarsa…”

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button