DÖVLƏTİN UNUTDUĞU DÖVLƏT ADAMI –İlyas İsmayılov 80 – i haqladı

Aydın CANIYEV

Xüsusi olaraq “Strateq.az” üçün

 

ZƏRURİ GİRİŞ1999-cu ildə Moskvada, Köhnə Arbata girəcəyin sol qolunda – Lermontov, 3-də Azərbaycan dövlətinə məxsus qədim mülkdə qədim azərbaycanlı, sabunçulu, Stalinin müharibə dövründəki yanacaq naziri, sonralar isə SSRİ-nin Plan Komitəsinin beyni-sədri Nikolay Konstantinoviç Baybakovla görüşdüm.

Etiraf edim ki, mən rəhbər vəzifələrdə çalışmış partiya-sovet nümayəndələrindən həmişə qaçmışam – milli azadlıq hərəkatı və müstəqilliyin ilk illərində qəribə bir allergiyam yaranmışdı və həm də yanlış bir qənaətim vardı: tam əksəriyyətini buqələmun, “kommunist”, “leytenant Şmidt”, “Voroşilov atıcısı”, “Pavlik Morozov” hesab edirdim. Üstəlik də tanıdıqlarımı izləyərkən onların əksəriyyətinin xaraktersiz, direktiv və təlimat robotları, özgürlükdən, müstəqil fikirdən, azad düşüncədən, xarizmasız konveyer məhsulları olmaqlarını görmüşdüm. Zaman müəyyən həddəcən haqlı olduğumu sübut etsə də, cənab Baybakovla söhbət sonsuz bir yanğıyla içimdə “görkəmli ictimai-siyasi xadim”i axtarmaq atəşini alovlandırdı. Özü də ittifaq miqyasında. Əlbəttə, Nərimanovla təsəlli tapmaq olardı, fəqət arxivdə eşələnmək və onun məhv edilmiş, korlanmış obrazını dəyişməyə tutarlı faktlar tapmaq lazım idi. Mənə həmin Qəhrəman diri lazım idi.

Bu istək isə ondan yarandı ki… Nikolay Konstantinoviç Baybakovu – “qoca qurdu” iki saat danışdırmışdım, adamı özündən çıxartmaq, nokauta salmaq, sovet dövlətinə qəzəbimi əyalət təfəkkürümlə belə “ölümcül zərbə” – sualla darmadağın etmək idi. Və o sualı mən vermişdim! Və Baybakov etiraf etmişdi: “Mı do etoqo ne dodumalis!”

Sağollaşdıq və müsahibə sabaha hazır olmalıydı, cənab Baybakov baxmalıydı, mən də rəhmətlik Əkrəm Əliyevlə – müstəqillikdən sonra o vaxt üçün Rusiya Federasiyasında çıxan qəzetlərin içində yeganə azərbaycanlı baş redaktorla, “ÇP – Çrezvıçaynoe Proisşestvie” qəzeti, nazirliyin orqanı, – “Azərbaycan XXI əsr” qəzetini başqa bir azərbaycanlı baş redaktorun – Berezovskinin himayəsində olan “Novıe İzvestiya”, – qəzetinin redaksiyasında səhifələməli və çapa verməliydik “Molodaya qvardiya” nəşriyyatında.

Diktofondan müsahibəni köçürmək istəyəndə… xışıltıdan başqa heç nə eşitmədim. Ayaqlarımın suyu qaçdı!

Bir yandan Baybakovun zəhmi və sadəliyi, bir yandan Frenk Elkaponinin proqnozlaşdırılmayan münasibəti, bir yandan “sovetin ittifaq əhəmiyyətli komsomolu” Əkrəm Əliyevin “çuşka” ironiyalı tənəli baxışı, bir yandan “Novıe İzvestiya”ya və “Molodaya qvardiya”ya artıq ödənilmiş pulların batmaq təhlükəsi…

Hamını və hər şeyi ödəmək olardı, əvəzini çıxmaq olardı, amma axı ortada Baybakov vardı və mən bilirdim ki, onu Azərbaycan rəhbərliyi “neftyanik və planovik” kimi necə “leleyat”-əzizləyirdi.

Adam istəyəndə nəyisə, Allah yardım edir. Bütün gecəni yatmadan… Nikolay Konstantinoviçlə söhbəti bütün incəlikləri xatırlaya-xatırlaya yaddaşımdan vərəqlərə köçürdüm. İnanmayan inanmasın, mən heç bu gün də bilmirəm ki, o danışığı o dəqiqliklə, – həm üslub, həm qrammatika, – o gözəlliklə necə rus dilində xatırladım və yazdım. Təbii ki, həmin o cavabı aldığım sualı da yazıb… özümdən getdim. Bir də Baybakov ofisə gələndə oyatdılar. Gözlərimi ovuşdura-ovuşdura,ölümünə yorğun sifətdə, əl-üzümü yumağa imkan tapmamış qəbul otağına getdim. Hamı bu əcaib durumdan şokdaydı. Təkcə Baybakov… Baybakov… görkəmli sovet partiya və təsərrüfat fəalı çox rəğbətlə gülümsəyərək “bu müsahibə sənin bütün sokunu çəkib, indi otur görüm necə hazırlamısan” deyəndə baxışlar dondu!

Mən suallarımı və cavabları oxuyurdum!

Baybakov heç nəyə etiraz etmirdi, heç bir düzəlişi olmadığını deyirdi. Təkcə, mənim “şah sualıma” çatanda, cavabı gözləmədən “hər şey gözəldi, razıyam, son sualı və cavabı bir daha heç harda səsləndirməmək şərtiylə, təşəkkür edirəm” deyəndə… hamının üzü işıqlandı.  “Xilası mümkün olmayan Fəzl” xilas olmuşdu! Həmin gün məni xeyli tərifləməsi, hamının məsuliyyətsizlikdə ittiham etdiyi birinə elə o hamının yanında “çox məsuliyyətli və dəqiq adamdır, başı işləyir” deməsi çox dividendlər gətirdi və biz ikilikdə xeyli söhbət etdik.

İçimdə Allaha minnətdarlıqla istəyimin ardınca düşdüm.

Kimin ağlına kim gəlirsə “görkəmli dövlət, ictimai-siyasi xadim” deyəndə özü bilər və deyim də ki, yanlış bilər! İttifaq miqyasında ən son belə təmsilçimiz İlyas Abbas oğlu İsmayılovdur. Mənim ağlıma bu həmin 1999-cu ildə gəlmişdi – Baybakovla söhbətdən sonra. Amma İlyas müəllimlə necə və nə adla görüşməli? “Azərbaycan XXI əsr” qəzetindən baş redaktorluqdan gedəndən sonra mənim hərəsi bir qəzetdə baş redaktor olan tələbə və qrup yoldaşlarım məni heç korrektor götürmürdülər işə, tək bircə Şahvələd Çobanoğludan başqa (bu ayrı mövzudu). Mən bilirdim ki, İlyas İsmayılovdan sonsuza qədər yazacam, məhz həmin ifadənin tam təsdiqini verəcəm! Bunu mən bilirdim və buna doğru gəlirdim.

2001-ci ildə “Millətin səsi” qəzeti açılanda Şahbaz Xuduoğlu dəvət etdi və ümid yarandı məndə ki, hə, burda yazmağa başlaya bilərəm. Çünki həyatda ilk dəfə məni elə İlyas İsmayılovla Şahbaz Xuduoğlu görüşdürmüşdü. Demokrat Partiyasının qərargahında – 1995-ci ildə: “Gedək İlyas İsmayılovla görüşək. Böyük insandı”. Səhv etmirəmsə, kitab aparmışdıq.

Qəzet nəşrə təzə başlayırdı, mən redaksiyanın kreativ yaradıcı kollektivinin təşəbbüsüylə “Yurd yeri” layihəsini işləyirdim. Siyasətçilərin siyasətəqədərki həyatı – məktəb, tələbəlik, hərbi xidmət və ictimai-siyasi fəaliyyət dövrlərini yazırdım.

İlyas İsmayılovdan yazacağım epopeyanın ilk yazısına yaşıl işıq gözləmədiyim yerdən yandı. Qəzetimizi izləyən Gülağa Ağazadə, artıq onda Ədalət Partiyasının Tovuz təşşkilatının yaradıcısı, fədakarı, İlyas İsmayılovun özünə də, şəxsiyyətinə də, faəliyyətinə də böyük rəğbət bəsləyən təmənnasız bir insan mənə bələdçi oldu.

Mən 2001-ci ildə İlyas İsmayılovun oxuduğu Puşkin adına məktəbdə Onun ibtidai sinif müəlliməsi olmuş gözəl insanla görüşdüm. Qardaşı, qaynı, həmyerliləri danışdı. Əleyhdarları danışdı, giley edənlər oldu. Ki… nə olsun, yerliləri üçün heç nə etmədi, nə bilim nə. Və onda həm mən özüm, həm də məni müşayiət edən Gülağa Ağazadə hazırcavablığıma heyran qaldıq: “Siz əyalət təfəkkürlü adamlarsınız, İlyas müəllim SSRİ miqyaslı görkəmli ictimai-siyasi xadim. Nəinki Tovuz, SSRİ bütünlükdə onun həmyerliləridir! Tovuzu SSRİ qədər böyütmüş, Tovuzun adını SSRİ Baş Prokurorluğunun arxivinə salmış bir nəhəngi istəyirsiniz Xınna dərəsinə dartıb gətirəsəniz. İndi siyasətə qədərki həyatını yazıram, siyasətdə və vəzifədə olduğu dövrü yazanda onda danışarsınız, onu da yazaram”.

Beləliklə… yazılar yazılmağa başladı!

2003-cü ildə prezident seçkiləri ərəfəsində namizədlərin ən layiqlilərini təhlil etmişdim “Xural” qəzetində və niyə İlyas İsmaılovu ən ləyaqətli prezident kimi gördüyümü əsaslandırmışdım: “Gözün başı xarab olub”. Onda İlyas müəllim axtarıb tapdırmışdı. Üz-üzə oturduq. Tanış olduq. Nə onda, nə bu yazını oxuyacağı ana qədər bilmədi və bilmir ki, məndə bu rəğbət hardandı, nədən qaynaqlanır! Və onun haqqında bu qədər sevgini yükləndirən nədir!

Sonra bir də yazdım: “Ayrılmağın İlyas İsmayılov modeli”.

Daha bir yazım oldu: “Üzünüzə Günəş gülsün, arxanızca yellər əssin”…

… Sonra yenə!

… Sonra yenə… yenə… yenə!

Doymadan! Bitmədən! Tükənmədən!

Sevgiylə, rəğbətlə, hörmətlə!

Dörd il də “Geopolitika XXI əsr” qəzetində hər həftə müsahibələr!

İlyas İsmayılova getdikcə rəğbəti artıran nüanslar belə möhtəşəmdi!

Mən Onu pedaqoq kimi də tanıdım – hamı Onu sevimli müəllimi hesab edir!

Mən Onu Azərbaycan və rus dillərini gözəl bilən, qənirsiz redaktə qabiliyyəti olan vətəndaş, yazar, müəllif, siyasətçi kimi də tanıdım. Heç bir halda elmi, bədii, siyasi, iqtisadi yanlışlıq ola bilməz nə müsahbələrində, nə də özünün yazdıqlarında. İlyas müəllim normal ölkə və normal mətbuat olsaydı, tarixi, siyasi, hüquqi mövzularda ən parlaq töhfələrin müəllifi kimi də sevilərdi: Şarl de Qolldan, ibn Sinadan yazılarının üstündən 15 il keçməsinə baxmayaraq, hələ də elə bilirəm ki, bu an oxumuşam!

Həmişə haqqında nəyləsə bağlı yazı yazanda, lap belə müsahibə götürəndə Onun özünə ləzzət edirmiş kimi xüsusi qabardıram hüquq elmləri doktorluğunu – özü savadı, zəhməti, intellekti hesabına bu elmi dərəcəni alıb: Bakıda tapşırıqla, vəzifə səlahiyyətindən sui-istifadə etmədən… Leninqradda qazanıb!

Qənirsiz hüquqşünas imicini SSRİ boyda məmləkətdə etiraf etdirib!

… Heç vaxt yadımdan çıxmaz özümə ləzzət edən faktlar: dəmiryolçuya, özü də “axı sən kommunistsən” iradına sarısını udan kontingentə rəhbərlik etməyə nə var ki? Oğul ona deyərəm o boyda ölkənin “türemşik”lərini idarə et – ağlına haçan nə gələcək, ağzından nə çıxacaq bilinməyən residivistləri nəzərdə tutmuşdum. Üstəlik də… Azərbaycanın azadlıqda olan vətəndaşları canını götürüb Sibirəcən qaçdığı halda, ortaya mövqe, məntiq qoyaraq, azərbaycanlı məhbusları Sibirdən üzü belə Azərbaycana gətirməkdən danış. Ki… iqlim şəraiti fərqli olan ölkələrdə cəzanın çəkilməsi dözülməzdir, cəzanı ikiqat artırmaqdır!

Respublika Prokuroru ola-ola SSRİ Ali Məhkəməsinin Plenumuna çıxıb şərlənmiş günahsız azərbaycanlını Ukraynadan Vətənə gətirib və azad etməkdən danış!

İlyas Abbas oğlu həm də varlığının o tərəfi ilə gözəldi ki, Onu tanımaq, onun yanında olmaq, Onunla işləmək şərəfdir!

Məhz İlyas İsmayılovdan yazdığım, onun yanında olduğum, onunla işlədiyim üçün kifayət qədər elitar, kübar, zəngin mənəviyyatlı, xeyirxah və mərd insanları tanıdım, məni gördülər, dəyər verdilər, yüksək tutdular! Məhz İlyas İsmayılovla uzunmüddətli əməkdaşlıq çoxlarını susdurdu, eynən Nikolay Konstantinoviç Baybakovun bir günün içində tanıyıb dəyər verib, rəy yaratdığı kimi: hamıya – “Aydın məsuliyyətsizdir, ipinin üstünə odun yığmalı deyil, çılğındır, alkoqolikdir, meşşandır” deyənlərə cavab oldu!

Əlbəttə, birgə işləməyə başladığımız vaxtdan üç ay sonra özü şahid yanında bildirib ki, belə deyirdilər. Mən də etiraf etdim: Düz deyiblər, İlyas müəllim, çünki özləri məsuliyyətsiz olublar, sözlərinin yiyəsi olmayıblar və s. və ilaxır. Amma siz dediyinizə əməl edirsiniz və mən də vicdanlı bir vətəndaş olaraq öhdəliyimə əməl edirəm. Mənim öhdəliyim hər həftə müsahibə, bir köşə yazısı, bir səhifəlik pyblisistik yazı və mənə ayrılan səhifələrin redaktəsidi! Nə çətin iş var ki, ipimi kəsim, məsuliyyətsizlik edim, bir halda ki, hər ay dediyiniz gündə 150 dollar maaşımı, 20 dollar qonorarımı verirsiniz, hələ üstəlik xeyirxah bir insanın da kirayə haqqıma yardımçı olmağını təmin etmisiniz.

Bəli, təşkilat rəhbəri kimi də çox punktual insandı – 1997-ci ildən bu hökümətdə iş yerim olmayıb, onlarca redaksiya ilə əməkdaşlıq etmişəm, yalnız iki nəfər, İlyas İsmayılov və “APA-holdinq”in rəhbəri Vüsalə Mahirqızı lent.az-la əməkdaşlğa cəlb edərkən vəd etdiklərini artıqlamasıyla dedikləri vaxtda veriblr!

İlyas İsmayılovun respublika prokuroru kimi fəaliyyətini bir faktla bu ölkənin hüquq tarixinə də, genefonduna da xilas kimi yazmaq lazımdır və vacibdir ki, bütün hamı sussun: məhz İlyas İsmayılov öz nüfuzu və xarizması ilə Azərbaycanı “Qdlyan-İvanov faciəsi”ndən xilas edib! Bu birbaşa olanıdır, dolayısı ilə isə həm də…

2011-ci ildə “Xural” qəzetində silsilə yazılar yazırdım Lənkərandan və yazılarımın birində vurğulamışdım: İlyas İsmayılov ölkənin baş prokuroru olsaydı, bu cinyaətkarlar azadlıqda qalmazdılar! Və mən şərlənib həbs olunanda mənə eşitdirdilər ki, İlyas İsmayılov deputatdı, tanıyırsa, xahiş elətdir, səni buraxdırsın. Qayıtdım ki, nə deyim gedib desinlər? Desinlər ki, Aydın içib məscid pəncərəsi sındırıb?  Siz kimi kim hesab edirsiniz? Ədalətli olsalar layiq olduğum cəzanı verərlər – ya islah işləri, ya da dəyən zərəri ödəmə, olmasalar da, cəhənnəmə ki! Elə hesab edərəm üç şüşə sındırmağa görə cərimə yox, sanksiya beş il azadlıqdan məhrumetmədi!

Bax, İlyas İsmayılovu yaxından tanımaq budu: adam öz vicdanını tapdamır! Tapdamağa cəsarət etmir! Adam Onu tanıdığı üçün “qanunu tapdala məni tanıdığına xatir” deyə bilmir. cəsarət etmir. Bax budur İlyas İsmayılovu tanımaq: cinayətə cəsarət edirsən, amma İlyas İsmayılova “mənim cinayətimi bağışla” deməyə cəsarət etmirsən, hətta prezidentə də deyə bilirsən, amma ona yox!

Mən tanıyıram axı: qaynına belə güzəştə getməyən hüquq, ədalət simvoludu Ədalət Partiyasının sədri!

Orasını da deyim ki, bu qədər punktual, xarizmalı insan olmasına baxmayaraq, insan ruhunu və azadlığını öz şəxsiyyətinin böyüklüyü altında əzmək, aşağılamaq, qadağalarla çərlətmək ona min kilometrlərlə uzaqdı!

2006-ci ilin bu aylarında boşanırdım. Lənkəranda icra hakimiyyəti, məhkəmə, polislə qırğındaydım. Gəldim ərizə yazdım ki, mən çıxıram işdən. Niyəsini soruşdu, vəziyyəti izah elədim. Bildirdim ki, ayaması eşşək olan narkomanların rəbərliyiylə üz-üzəyəm, hər an həbs elətdirə bilərlər, qoy adınız hallanmasın ki, İlyas İsmayılovun işçisi Lənkəranda xuliqanlığa, yaxud da ictimai asayişi, yaxud da dövlət strukturlarında iş rejimini pozmağa görə həbs olunb. Təəssüflə “saqqallı uşaqsan” deyə bildirdi. Təmkinli və müdrik olmağı məsləhət gördü. Ailəni qorumaq üçün misallar gətirdi. Gördü inadımdan dönmürəm. Buraxdı. Bir neçə aydan sonra problemi yoluna qoydum, gəldim qəbuluna. Bir kəlmə dedim: mən problemi həll etdim. Qayıtmaq istəyirəm. Öz əvvəlki işimə bərpa etdi! Daha iki il işlədik!

Dörd il çəkən bu əməkdaşlıq zamanı mən minlərlə kitab oxumuş oldum İlyas İsmayılovla təmasdan – tanımıram ikinci elə bir mütaliəsi olan dövlət məmuru, deputatı!

İntellektə, zəngin biliyə, nəhayətsiz informasiyaya, qiymətli məlumatlara, elmi, hüquqi, tarixi, siyasi faktologiyaya malik ikinci elə bir siyasətçi də tanımıram! Görmədim! Görünmədi!

Və mən sevinirdim ki, düz otuz il məndən böyük bu İnsanla, Görkəmli İctimai-Siyasi, Dövlət Xadimi ilə təmasdayam. Arada rəğbətimi ifadə etmək istəyirdim. Etiraz edirdi: Məni tərifləmə!

Mən heç bir halda mənim haqqımda mənfini müsbətə döndərmiş belə dəyərli bir insanın düşüncəsində təbəddülata yer verə bilməzdim: “İlyas müəllim, siz məni ona görə yanınıza dəvət etdiniz ki, mən həmişə həqiqətləri demişəm. Mənim bu həyatda doğru sözümdən başqa heç nəyim yoxdur. Əlbəttə, yalan danışdığım yüzlərlə adam var. Amma axı… Siz! Tərifləməyə qalsa, Filankəsi və Filankəsləri (bir neçə ad çəkdim) filankəslərdən 55 dəfə artıq tərifləyərəm, heç yaltaqlığın izi-tozu bilinməz, mənim də evim olar, maşınım da, pulum da həmçinin. İndi mən gedim hardan tapım SSRİ miqyasında ikinci bir İlyas İsmayılovu və haqqında yazım ki, adam möhtəşəmdir? Mənim burdan bura özümü Xanoğlan Əhmədova etiraf etdirməyim ilyarım çəkdi e”…

Təbəssümlə: “saqqallı uşaqsan ki, varsan!”

Həm də etiraf edim: məndən İlyas müəllimə şikayət edənlər çox olmasa da, ikisi-üçü olmuşdu, dəqiq bilirdim, hətta məni redaksiyada görmək istəməyəndən tutmuş, ta əxlaqi naqislikdən giley edib ittiham etməyəcən!

İlyas Abbas oğlu İsmayılov Ləyaqət nümayiş etdirirdi: ÖZÜNDƏN ASILI OLAN istənilən situasiyada ən doğru qərarı verirdi!

Bax bu mənim rəğbətimi, qürurumu, fərəhimi artırırdı.

Baybakovu xatırlayırdım!

Sevinirdim ki, ikinci elə bir imza AZƏRBAYCANLIDIR! TOVUZLUDUR! SSRİ boydadır! Özü də görkəmli ictimai-siyasi dövlət xadimi olaraq!

Dövlət Adamı olaraq!

Bu zövqü bizə yaşatdığı üçün 80 yaşı bəxş etmiş Allahımızın hələ bizi yenə də illərlə xoşbəxt etməkdə davam edəcəyinə inanırıq!

Tanıyın, ehtiram göstərin, dəyərləndirin İlyas İsmayılovu! Siz bu etirafda bulunsanız, Sizin dəyəriniz artacaq, dəyərli insanlar dəyərinizin ölçüsünü bilib qiymətləndirəcək!

30 illik jurnalistlik fəaliyyətindən, oxuduqlarımdan, anladıqlarımdan, danışılanlardan, gördüklərimdən sonra bu qənaətdəyəm: İlyas İsmayılov qənirsiz vəzifə adamıdı, amma və lakin… hakimiyyət adamı olmadı! Bəlkə də İlyas İsmayılov hakimiyyət adamı kimi də yaxşı ola bilərdi, amma tərəddüdüm ondadı ki, hakimiyyət adamında bir az da olsa əclaflıq olmalıdı!

İlys İsmayılovda hakimiyyət adamı olmaq üçün bax o əclaflıq çatmadı!

Ən azından elə buna görə təbrik etmək olar Görkəmli İctimai-Siyasi Xadimi!

SÖZARDI: SSRİ-nin Baş prokuroru olmuş Suxarev deyirmiş ki, İlyas İsmayılov deyəndə gözümün qabağına Azərbaycan gəlir!

Bu ölkədə Prezidentdən tutmuş kimə istəyirsən ya rüşvətlə, ya da qəbuluna düşməklə istədiyini elətdirən çox möhtəşəm kişilərdən biri İlyas İsmayılovun da qəbuluna gəlir Baş prokuror olanda. Qəbuldan çıxandan sonra təbii ki, qanunsuz xahişi eşidilmir və soruşanlara deyir: “İlyas İsmayılov qorxaqdır! Qanundan qorxur… başqa heç kimdən və heç nədən!”(strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button