DSK: Azərbaycanda əhali qazancının çoxunu ərzağa xərcləyir

Yayımlandı: 24 May 2024 12:52

“Xərclərin 20 faizdən çoxunu ancaq qidalanmağa ödəyən insan yoxsul sayılır”

Bu ilin ilk dörd ayında Azərbaycan pərakəndə ticarət şəbəkələrində 17 milyard manatlıq alış-veriş edilib. Bunun yarıdan çoxu – 9,6 milyard manatı ərzaq məhsulları içki və tütün məmulatlarına xərclənib. Yerdə qalan 7,4 milyard manatlıq alış-verişlə qeyri-ərzaq malları alınıb. Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, ərzaq məhsullarına xərcləmələr ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artıb.

Ərzağa çox pul xərclənməsini müstəqil ekspertlər kasıblıqla əlaqələndirir. Bildirirlər ki, insanların xərcləmələrinin 20-30 faizindən çoxunun ərzağa yönəldilməsi yoxsulluqdan xəbər verir.

Natiq Cəfərli, Foto: Meydan TV

İqtisadçı Natiq Cəfərli deyir ki, hökumət açıqlamalarında ölkə əhalisinin cəmi 5 faizinin yoxsul yaşadığına israr edir, ancaq elə öz statistikası əksini göstərir:

“Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub. Həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2%-i ərzaq məhsullarının payına düşüb. Yəni, əhali xərclədiyi hər 100 manatın 51 manat 20 qəpiyini ancaq ərzağa ödəyib”.
İqtisadçı deyir ki, bu, əsl yoxsulluq göstəricisidir. İnkişaf etmiş ölkələrdə xərclərin 20 faizdən çoxunu ancaq qidalanmağa ödəyən insan yoxsul sayılır:

“İnkişaf etmiş ölkələri qoyaq kənara, Çində belə vətəndaşın ərzağa xərclədiyi vəsait ümumi xərclərinin 15 faizini keçmir:

“Onu da deyim ki, Azərbayanda məhəllə meyvə-tərəvəz dükanlarından, kiçik marketlərdən, yol kənarlarından və s. alınan ərzaq məhsulları statistikaya düşmür, yaxud təqribi hesablanır. Onları da hesaba qatsaq, 51,2 faiz deyil, 60-65 faiz xərclərimizin ərzağa getdiyi görünər. Bu da, hardasa, Burkina Faso, və ya Niger göstəricilərinə yaxındır”.

Adambaşı düşən xərcləmələrə gəlincə, DSK qeyd edir ki, xərcləmələr ayda adambaşına 416,5 manat düşüb. Ümumi məbləğin 235 manatı ərzağa xərclənib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button