DSK bu il açılan iş yerlərinin sayını açıqladı: 80 faiz Bakının payına düşür

Yayımlandı: 3 İyun 2024 15:35

“İşğaldan azad edilmiş regionlarda cəmi 292 yeni iş yeri açılıb”

2024-cü ilin ilk üç ayı ərzində Azərbaycanda 22,5 min yeni iş yeri açıldığı bildirilir.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Məlumata əsasən, bu dövrdə yaradılmış iş yerlərinin 94,1 faizi qeyri-dövlət sektoruna məxsusdur.

Həmin iş yerlərinin harada olmasına gəlincə, 80 faizinin Bakıda olduğu bildirilib. Yerdə qalanların 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,3 faizi digər regionların, o cümlədən 5,5 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,6 faizi Şirvan-Salyan, 1,4 faizi Şəki-Zaqatala, 1,1 faizi Qazax-Tovuz, 1,1 faizi Quba-Xaçmaz, 1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Qarabağ, 0,6 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Foto: Meydan TV

İqtisadçı Natiq Cəfərli deyir ki, rəqəmlər açılan hər 10 iş yerindən 8-nin Bakının payına düşdüyünü göstərir:

“Bunun qarşılığında məsələn, işğaldan azad edilmiş regionlarda cəmi 292 yeni iş yeri açılıb. Fərqi, mənzərəni təsəvvür edirsinizmi? Həmişə demişəm, indiki idarəetmə sistemi, iqtisadi model qalsa, Qarabağ və Şərqi Zəngəzura orqanik köç çətin olacaq. Hətta ilk mərhələdə köçənlər sonradan Bakıya dönməyə çalışacaq. Çünki məhz bu modelə görə müstəqillikdən üzübəri regionlardan Bakıya axın var, köç bitmir, bitməyəcək də… Çünki bütün iqtisadi, mədəni, sosial fürsətlər Bakıda cəmlənib. Bu da başqa nəticə doğura bilməz”.

Natiq Cəfərli
Foto: Meydan.TV

İqtisadçı Azərbaycanda yeni iş yerləri ilə bağlı statistikanı “delfin statistikası” adlandırıb. Deyir, dünyada delfinlərin indiyədək dəniz və okeanlarda batan neçə nəfəri xilas etməsinin statistikası aparılır. Amma delfinlərin sahilə yox, dənizin-okeanın dərinliklərinə apardıqları insan sayı, məlum deyil:

Bizdə də belədir: iş yerləri açılanda xəbər olur, qapanan iş yerləri ilə bağlı heç bir məlumat verilmir, yaxud bağlanmanın səbəbi müzakirə edilmir…”.

Hökumət rəsmiləri, statistika 2003-cü ildən bu yana Azərbaycanda kütləvi yeni iş yerlərinin açıldığını deyir. Müstəqil ekspertlər isə bunun “gözdən pərdə asmaq” olduğunu düşünür və açılan iş yerlərinin uzun müddət davam gətirmədiyini bildirirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button