DSK inflyasiyanın azaldığını, ekspert isə alternativ ölçünün olmadığını deyir

İqtisadçı: “Şəffaflıq yoxdursa, demək, doğru olmayan nəyisə gizlətməyə ehtiyac var”

2024-cü ilin ilk dörd ayında Azərbaycanda 38181,9 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Bunun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox olduğu bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb.

ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib.

Foto: Meydan TV

Əhalinin hər nəfərinə düşən ÜDM təxminən 3 min 748 manat olub.

Apreldə istehlak qiymətləri indeksi 2023-cü ilə nisbətən 100, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2, qeyri-qida məhsulları üzrə 100,9, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz olub.

Bahalaşan və ucuzlaşan məhsullar

Ötən illə müqayisədə limon, banan, alma, armud, kivi, şabalıd, ağ kələm, şirin bibər, çuğundur, sarımsaq qiymətlərində bahalaşma olub.

Manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun qiyməti isə ucuzlaşıb.

Ərzaq inflyasiyasında 1,8 faizlik azalma var?

İqtisadçı Rövşən Ağayev bildirir ki, rəsmi rəqəmlərdən görünən odur ki, 2024-cü ilin aprel ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə qida səbətinin dəyəri (içki və tütün də daxil) 1,8 faiz azalıb.

“Bazarlardakı qiymətlərin vətəndaşın cibini yandırdığı bir vaxt sadə insanlar sual verir: hansı qiymətlər aşağı düşüb ki, 12 aylıq ərzaq inflyasiyasında 1,8 faizlik azalma var”.

“İnflyasiyanın alternativ ölçümü yoxdur”

Rövşən Ağayev təəssüf edərək deyir ki, ölkədə inflyasiyanın alternativ ölçümü yoxdur. Onun sözlərinə görə, alternativ ölçmə önəmlidir, rəsmi rəqəmlərin etibarlılığı üzərində ictimai nəzarəti təmin etmə üsuludur.

Rövşən Ağayev
Mənbə: Meydan TV

“Rəsmi statistikanın qiymət müşahidəsinə paralel aparılan bu qiymətləndirmə 2 alət vasitəsilə rəsmi inflyasiya göstəricisinin etibarlılığını yoxlaya və öz alternativ rəqəmini elan edə bilir. Bu statistika həm məhsulların səbətdəki xüsusi çəkisinin ev təsərrüfatlarının real istehlak strukturuna uyğunluğunu, həm də rəsmi dərc olunan orta aylıq qiymətlərin nə dərəcədə bazardakı real qiymətlərə uyğunluğunu müəyyən edə bilir. Lakin Azərbaycanda belə bir ölçmə üçün şərait və resurs yoxdur. Bu səbəbdən rəsmi statistikanın öz rəqəmlərinə baxmaqdan başqa çarəmiz də qalmır”.

Statistika nə deyir?

2 ilin aprel ayının müqayisəsinə görə, qida səbətinin ən zəruri məhsullarının qiyməti aşağıdakı kimi dəyişib:

Bahalaşma, Denys Kurbatov/Shutterstock

Bahalaşan məhsullar:

Uzun düyü – 3,8%, buğda unu 6,3%, manna yarması 11,7%, əla növ buğda çörəyi 10%, peçenye 1,8%, vermişel 0,5%, sümüklü mal əti 1%, sosiska 4,5%, yoqurt 3,5%, toyuq yumurtası 21%, kərə yağı 2,3%, qarğıdalı yağı 18,7%, alma 11,7%, xiyar 27%, pomidor 60%, badımcan 88%, kök 10%, kartof 59%, çay 1,6%.

Ucuzlaşan məhsullar

Yumru düyü – 3%, bulka 1,7%, makaron 0,5%, sümüklü qoyun əti – 9%, toyuq əti 1%, mal ciyəri 6%, kolbasa 1,5%, qatıq 2,2%, pendir 0,8%, şor 0,5%, zeytun yağı 5,4%, kələm 2,4%, sarımsaq 15%, şəkər 2,7%, müxtəlif spirtli içkilər 5-10% intervalında, filtrli siqaretlər 15%.

İqtisadçı bildirir ki, bu məlumatlar rəsmi statistikaya əsasən, 2024-cü ilin aprelində 2023-cü ilin aprelinə nisbətən bahalaşan və ucuzlaşan əsas ərzaq və içki məmulatlarının qiymətinin necə dəyişməsini göstərir. Gündəlik bazarlıq edən hər kəs bu məlumatların reallığı nə qədər əks etdirdiyini özləri deyə bilər.

Ət. Foto: Meydan TV

“Əgər alternativ qiymət müşahidəsi olsaydı, bu rəqəmləri müqayisə etmək daha doğru nəticələr çıxarmağa imkan verərdi. Digər tərəfdən, rəsmi statistika inflyasiya hesablayarkən hər məhsul və ya məhsul qrupunun xüsusi çəkisi ilə bağlı hansı göstəricilərə istinad edir? Bu, məlum deyil. Məsələn, bahalaşan düyü və çörək məmulatlarının, kartof və kərə yağının, eləcə də ucuzlaşan içki və tütünün payı istehlakda real olaraq nə qədərdir?”.

Rövşən Ağayevə görə bu məlumatı bilməyimiz ona görə vacibdir ki, məhsulların payına uyğun olaraq artan qiymətlər inflyasiyaya artırıcı, azalan qiymətlər azaldıcı təsir göstərir:

“Statkomun son açıqlamasından belə nəticə çıxır ki, əgər deflyasiya (qiymət azalması) baş veribsə, deməli, istehlakımızda payı yüksək olan qiymətlərdə azalmaların təsiri daha həlleci olub. Qiyməti artan və azalan məshulların siyahısına baxanda bu nəticə inandırıcı görünmür. Amma yenə deyirəm, xüsusi çəki rəqəmləri gizlədildiyi üçün daha obyektiv rəy söyləmək imkansız hala gəlir. Amma dəqiq olan budur ki, qiymət ölçümündə şəffaflıq yoxdur. Şəffaflıq yoxdursa, demək, doğru olmayan nəyisə gizlətməyə ehtiyac var”.

Ən sonda 2023-cü ilin sonlarından başlayaraq Azərbaycanın rəsmi qurumlarının açıqladığı inflyasiya göstəricisi aşağı düşüb. DSK-nın ən son yayımladığı məlumatda qeyd edilir ki, apreldə ötən ilin eyni dövrü ilə müqayisədə inflyasiya göstəricisi 0.7 faiz olub.

Müstəqil ekspertlər bu qurumun yaydığı məlumatları müstəqil və şəffaf hesab etmir. Ölkədə alternativ statistika ilə məşğul olan hər hansı müstəqil qurum yoxdur.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button