
DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, bu gün, mayın 26-da Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanıb.
Xidmətin açıqlamasına görə, “dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan dövlət sərhədini pozması cəhdinin qarşısı alınıb”.
Məlumata görə, nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanıb.
DSX-nın bildirməsinə görə, “qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar”.
Amma, hələlik, bu açıqlamaya Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona ( Zəngilan rayonu daxil) nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.