DTX kibercinayətkar dəstənin azərbaycanlı üzvlərinin həbs edildiyini deyir

Yayımlandı: 20 İyun 2024 11:55

Onların Ukraynada saxlanıldığı açıqlanıb

Ukrayna hüquq-mühafizə orqanlarının Azərbaycan vətəndaşları – Rafiq Zöhrabov və Sərdar Niftalıyevi beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri kimi həbs etdiyi bildirilir.

Bu barədə iyunun 20-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Bildirilir ki, məsuliyyətə cəlb olunan hər iki şəxs transmilli mütəşəkkil dəstənin törətdiyi cinayət əməllərinin iştirakçısı olub.

DTX həmçinin qeyd edir ki, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlər hazırlanıb:

Bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb“.

Məlumatda cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələrin müəyyən edildiyi vurğulanıb:

“Həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub və cinayət əməllərinin qarşısı alınıb. Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib. Köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilən investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib“.

DTX hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlərin davam etdirildiyini bildirib.

Meydan TV Rafiq Zöhrabovun və Sərdar Niftalıyevin vəkilləri və yaxınları ilə əlaqə saxlaya bilməyib, onların ittihama münasibəti də məlum deyil.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button