Dünəndə saxladığımız sabahımızın adı: Vurğun Əyyub!

Aydın Canıyev

 

Vurğun Əyyubun dünən ad günü oldu – elə özü də dünənimizin adamıdı! Amma həm də… hər sabahımızdı!
Vurğun Əyyub, bütün müəllimlər kimi, azından minəcən tələbənin müəllimidi, fəqət həm də… yüz minlərin “yaşıl işığı”!
Düzdür, bu “yaşıl işığın” tam özü deyil, bir parçasıdı – AXC-Müsavat hakimiyyəti bir pay, Əbülfəz Elçibəy bir pay və Vurğun Əyyub bir pay! Eyni zamanda, heç vaxt öləziməyən bir pay: AXC-Müsavata da vedrə qoşduq, Əbülfəz Elçibəyə də ayama, qadasın aldığım Vurğun bəy bacardı e bu günəcən (və yəqin ki də: son nəfəsəcən!) İşığında sabahları aydınlatmağı.
Vurğun Əyyubun bir tələbəsi ilə bir redaksiyada işləmişəm, Vurğun Əyyubun bir tələbəsi ilə bir evin adamı olmuşam – sevimli müəllimlərdən olub!
Hər ad günü ərəfəsində sosial şəbəkədə bir minnətdarın biri tapılır: bilirsiniz, illərlə qəbul ittihamına gəlib haqsızcasına tələbə biletinə tamarzı qalan nə qədər abituriyent məhz onun rəhbərlik etdiyi Test İmtahanlarından sonra ata-anasına şadlıq, elinə sevinc bəxş etdi. Vurğun müəllimin adına layiq davranıb, bir az daha obyektiv olsaq, deməliyik ki, Vurğun bəy təkbaşına bu uğurun yiyəsi deyil, amma elə Vurğun Əyyub ədalətliliyinə layiq də əlavə etmək vicdan borcumuzdu: elə Vurğun Əyyub olduğu üçün bu töhfə alındı! Çünki AXC-Müsavat hakimiyyətinin çox qəhrəman oğulları tankın qabağında dursa da, pulun qabağında durmadı. Duranlardan birinin və birincilərinin sırasındadı Vurğun Əyyub – tam fiaskoya da uğrada bilərdi!
Pedaqoq abrı var, Müəllim naturası var, mübarizə idimi var bu əziz ad sahibinin yaddaşımızda.
Hərə bir qazanda qaynadı, pıqqıltı salanlarıyla qazan dibində eşələnən çömçələri də gördük, Vurğun Əyyubu da.
Həə, sovet dövründə ilk gizli müstəqillik təşkilatının üzvü olaraq da leqallaşandan sonra özü vampirə çevrilmədi, buqələmun olmadı!
Mənim iki qızımın, saysız-hesabsız qohumlarımın tələbə biletindən boylanır Vurğun Əyyub!
Rayonumun, bölgəmin, ölkəmin hər bir evindən boylanır Vurğun Əyyub.
Və…. heç kimdən heç nə ummadan – ona minnətdar olanlar da var, onu hətta… heç tanımayanlar da!
Vurğun Əyyub, Əbülfəz Elçibəy, AXC-Müsavat, nə qədər qəribə olsa da, Heydər Əliyev haqqında nəsə demək istəyəndə, Çingiz xanın bu möhtəşəm deyimini xatırlamaya bilmirəm:
– Sizlər ən gözəl atları minib, ən dadlı ətləri yeyib, ən füsunkar gözəllərin pəmbə dodaqlarını öpəcəksiniz, amma bunu kimə minnətdar olduğunuzu unudacaqsınız!
Həə, monqollar unutdular öz möhtəşəmliklərini kimə borclu olduqlarını – dünyanın fateh xalqı indi səhra köçəriləridi!
Oğlanlarınızın, qızlarınızın hüquqşünas, şərqşünas, jurnalist, həkim, tarixçi, kimyaçı, riyaziyyatçı olma rahatlığını borclu olduğunuz ünvanları unutmayın! Bəli, o sizin dünəninizdir! Amma hər sabahınızda minnətdar olmalı olduğunuzdu… özü də yaşayan tək biri olaraq!
AXC-Müsavatı, Elçibəyi kayb etdiniz, gününüz ortada, çalışın Vurğun Əyyubun ehtiramını əskiltməyin! Dünəndə saxladığımız sabahımızın adıdır!
Sizin ayaqlar altına, zibil yeşiklərinə atılan apellyasiya şikayətlərinizin bürokratikliyinə tüpürüb də, demokratiya dadızdıran müəlliminizin!
Eşq olsun, Vurğun bəy!
Əlizadə Nuri demişkən,

…Sənin ad gününə qəsdən gecikdim, – 
mən səni bir az da cavan saxladım…

Hərçənd heç 61 yaş da qocalıq sinni deyil – Müdrikliyinizin qədəmləri mübarək!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button