Dünənki və bu günki rəhbərlik

 Bu gün Bakı – dünənki Bakı deyil. Amma rəhbərliyi dünənkidir.

Bu gün Azərbaycan da dünənki Azərbaycan deyil. Amma Azərbaycanın da rəhbərliyi dəyişməyib.

Bir məsələ isə dəyişib. Dünən bu rəhbərliyə və onların sözünə inananlar bu gün inanmırlar. Axı, necə inansınlar? Bu dəyişməyən rəhbərliyin 18 ildə bizə dediklərinin heç biri düz çıxmayıb, axı!

Elə götürək bizim hamımızın ağrısı olan Qarabağ məsələsini. Düz 18 ildir eşidirik ki, bu il bu məsələ həll olunacaq. Amma nə olur? Həll olunan bir şey varmı?

Qarabağ danışıqları günü-gündən uzanır və uzandıqca Qarabağın özü bizdən uzaqlaşır. Artıq Qarabağı gözüylə görən və o torpaqlarda gəzən nəsil yavaş-yavaş bu dünyaya əlvida deyir.

Bu 18 ildə bizə Azərbaycanın tam olacağını, çiçəklənəcəyini deyiblər, yenə deyirlər. Amma “çiçəklənən Azərbaycanı” bizə göstərə bilmirlər. Artıq beş ildən çoxdur regionların iqtisadi inkşaf proqramı qəbul olunub. Hanı o inkşaf etmiş regionlar? Əgər varsa, niyə bizim xəbərimiz yoxdur? Niyə o “inkişaf etmiş” regionların sakinləri bütün dünyaya qazanc dalınca səpələniblər? Axı, region inkişaf edibsə, deməli, iş yerləri açılıb; iş varsa, deməli, qazanc da var. Əgər qazanc varsa, onda doğma ev-eşiyi qoyub, qürbətə qazanc dalınca bu camaat niyə gedir?..

Əslində, “regionun inkşaf planı” – məmurların “varlanma planına” çevrildi. Regionlar və xalq bu plandan bəhrələnə bilməsələr də, məmurlar çox gözəl bəhrələndi.

Bəs Bakı? Hasarlar, tikintilər və dağıdılmış yollar şəhəri Bakı?

Bu gün Bakı 1) hasarlar, 2) tikintilər, 3) dağıdılmış yollar şəhəridir.

Hər yer hasarlanıb. Azərbaycandan başqa heç yerdə görülməyib ki, dəniz hasara alınsın. Bu gün dəniz də hasara alınıb. Xəzərlə xalqın arasında bir Çin səddi qurulur. Dünən Xəzərin xalqa məxsus olduğunu deyən Prezident bu gün elə bil hasarlanmış dənizi görmür. Hacıbala Abutalıbov Xəzəri kimlərinsə arasında bölüb, Azərbaycan 18-ci əsrdə xanlıqlara bölünən kimi. “Min bir gecə”, “Eldarado”, “ Dostluq”, “Kreysen Biç” və sair xanlıqlar.

Bəs yollar? Hacıbala müəllimin təzə salınmış asfalt örtüyü dağıdıb qazmaq şakəri hamıya məlumdur, – onun Gül Bayramına olan xüsusi məhəbbəti də. Amma nədənsə onun fontanlara olan məhəbbəti bulvarda milyonlara başa gələn işıqlı, musiqili fontanlar kimi yoxa çıxıb. Yox, elə bilməyin ki, fontanlar yoxdur, əsla; fontanlar yerindədir, amma onları bahalı edən işıq və musiqi effektləri nədənsə yoxdur.

Nə olardı, yolları dağıdmaq xobbisi də Hacıbala müəllimin yadından çıxaydı! Bəlkə onda Bakı və Bakının sakinləri bir az rahatlanaydılar.

Bakının ən böyük problemlərindən biri olan, bizə bu gün bəh-bəhlə sırınan yollardır. Mən bu yollardan nə yazım? Görünən dağa bələdçi lazımdırmı? Keçən il təhvil verilən yollar bu il bərbad olurlar. Hamının yadındadır keçən il təriflə təhvil verilən Azadlıq küçəsinin Neft Akademiyasının qabağından keçən hissəsi. Bu gün ora bombardman olunmuş cəbhə xəttinə oxşayır. Bəs, bulvarın qırağı ilə uzanan Neftçilər prospekti? Hər il təmirinə küllü miqdarda pul xərclənən bu yol bu gün dağılır.

Bakını gözəl şəhərə çevirəcəyini deyən məmurların gözəllik estetikası, görəsən, xarabalıqlarla müqayisə olunur? Onların gözəllik anlayışı səkiləri yemiş, üst-üstə qalanmış, heç bir komunikabelliyi olmayan, beton göydələnlərləmi ölçülür? Bəlkə də həftədə bir dəfə dağıdılan yollarla və ya hasara alınmış şəhərlə ölçülən gözəllik şkalası var bizim möhtərəm ixtiyar sahiblərinin? Bilmirəm!

Amma məncə bu gözəllik deyil, sadəcə, işləmək adı altında dövlətin, millətin var-yoxuna sui-qəsd etməkdir.

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button