Dünya Türklərinin həmrəylik günü!

Nurəddin Xoca

Nurəddin Xoca

Şahin Agabəylinin əziz xatirəsinə

2010-cu ili də belə yola saldıq. Ümidlər və ümidsizliklər ili. Təbii, belə də olmalı idi. Puç olmuş ümidlərlə 2010-cu ili yola salırıq. Həmrəylik bayramı… Həmrəylik günü… Dünya Azərbaycanlılarının Həmrəylik günü! Dalınca da yeni təqvim ili, hansı ki, o da dovşan üstündə gəlir. İndi mən bilmirəm, bilicilər bunu necə yozacaqlar. Qorxaqlıq simvolu olan dovşanda nə özəlliklər tapacaqlar? Amma necə ki, meymunu biz boş təlxək kimi tanıyırdıqsa, zatən elə də oldu. Dovşan elə qorxaqdır ki qorxaqdır. Meymun ilinin həmrəylik gününü yola verdik, indi də dovşan ilinin həmrəylik gününü gözləyirik.

Amma qardaşlar, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bayram ediriksə, nədən Dünya Türklərinin həmrəylik gününü bayram etməyək? Nədən bu gün fantastik görünən o uzaq üfüqlərdə şirin dadlı röya kimi olan o günün təməlini atmayaq! Mən iki əlli razı, qoy Dünya Azərbaycanlıların Həmrəylik Günü olsun. Bu, böyük gündür. Bu gün əlamətdar gündür. Amma nədən Dünya Türklərinin Həmrəylik Günü təsis edilməsin. Bu, bir millətin, bu bir irqin təntənə günü olardı. Bu sözlərimlə mən əsla başqa millətləri aşağılamaq, pisləmək istəmirəm. Bir Azərbaycan vətəndaşı olaraq vətənimdə yaşayan hər bir millətin nümayəndəsinə, nə qədər ki, o mənim dövlətimə, bayrağıma, ana yasama, nəhayət ki, qanunlarıma hörmət edir, mən də ona hörmət edir, sevirəm. Çünki o, mənim həmvətənimdir. Lakin mən onun milli kimliyimə də hörmət edirəm. Mən istəyirəm ki, ləzgi ləzgiliyində qalsın, kürd kürdlüyündə, rus rusluğunda, yəhudi yəhudiliyində. Zatən bu gün Azərbaycanda vəziyyət elə belədir. Bircə türkdən başqa… Türk yoxdur. 37-ci ildən sonra bu torpaqlardan türk yox olub. Cinayətkar kommunist rejiminin cızdığı türkü məhv etmə planı hələ də işləyir. Bu torpaqlarda yaşayan hər bir millətin adı var, bircə türkdən başqa. Bir süni millət yaratmaq hələ ki, hec kimə müyəssər olmayıb. İndi bəzi agzıgöycəklər deyəcək ki, bəs Amerika, Amerikan miləti? Xeyr, orada da yek millət yoxdur. Alman, irland, ispan, rus, daha nə bilim, nə əsilli Amerikan vətəndaşı var. Eləcə İsveçrə, Belçika, Kanadanı da göstərmək olar. Orada da vahid bir millət yarada bilməmişlər. Hər kəs öz kökünə, öz milli kimilinə qayıdır.

Bəs süni yaradılmış rus millətini demirlər. Bu da süni yaradılmış bir millətdir ki, faciəli axırını biz görəcəyik.

Hər halda rusların özününküləşdirdiyi Puşkinin, İlyanın və 90 faiz əsilzadələrinin rus olmadığını artıq hamımız bilirik. Bütün bu fiaskoya uğramış “sınaqlara” rəğmən, nədən biz təkid edirik, başa düşmürəm. Bəli, müəyyən vaxt ücün, bəlkə elə indi də Dünya Azərbaycanlıları konsepsiyası lazım idi. Hər halda rəhmətlik Elçibəy, rəhmətlik H.Əliyev bu günü bayram kimi təsis edəndə o günlərin problemlərindən çıxış edirdilər. Mən qəbul edirəm, bu gün də bu Vətənin ogulları harada, hansi millətdən olmaqlarından asılı olmayaraq birləşməli, haqqın, yəni Azərbaycanın yanında olmalıdırlar. Lakin bu, heç də bir millətin kimliyinin yox edilməsi bahasına olmamalıdır. Zatən imperiya oyunlarının ıçındə Azərbaycan və azərbaycanlıların haqq səsi heç hesaba alınmır. Alınsaydı, 150 ildir davam edən erməni təcavüzünə “dur” deyilərdi.

Tarix sübut edir ki, bunun qarşısını yenə də Türk birliyi alıb. 1918-ci ildə 100-lərlə Anadolu türkü qardaşlarının azadlığı uğrunda bu torpaqlarda can verdi. Necə ki, minlərlə Azərbaycan türkü Canaqqalada yeganə Türk dövlətinin yaşaması üçün Atatürkün çağırışı ilə həyatlarını qurban verdi. Bax, əslində o zamandan Dünya Türklərinin Həmrəyliyi var. Biz də o günü bir bayram kimi qəbul edə bilmərikmi?

İ.S. Rəhmətlik Elçibəy Dünya Azərbaycanlılarının Həmrəylik Gününü dilə gətirdi. Rəhmətlik H.Əliyev bunu qanuna bağladı və bayram elan etdi.
Bəlkə Azərbaycanın prezidenti İlham Əliyev cənabları da böyüklük göstərib Dünya Türklərinin Həmrəylik Gününü elan etsin və qanuna bağlayıb onu bayram kimi qeyd etsin?!

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button