Rubrikalar: ARAŞDIRMA DÜNYA XuralTAC

Dünyanın ən nüfuzlu qadını: Angela Merkel

“Merkel Almaniyanın qapılarını üzümüzə açdı, çünki onun ürəyi bizim necə yorulduğumuzu hiss edir” (İsra İbrahim, suriyalı qaçqın)

“Avropanın ürəyi də tolerantdır, ruhu da. Biz bunu bir neçə əsrdən sonra anlaya bildik. Əvvəllər bir-birimizi məhv edirdik. Öz vətənlərimizi bərbad hala salırdıq. Artıq nifrət, bölücülük və dağıdıcılıq arxada qalıb”, – yaxın keçmişində Holokost kimi ağır cinayəti olan Almaniyanı Avropanın ən arzulanan ölkəsinə çevirən Merkel mühacir böhranından bir il əvvəl belə demişdi.

Almanlar ona “Mutti” (almanca “ana” (“mother”) sözünün əzizləyicisi) deyirlər. Hesab edirlər ki, Merkel hakimiyyətdə olduğu müddətdə xalqa “qayğıkeş ana” kimi yanaşıb. Və bu, şişirtmə deyil. Almaniya məhz onun bacarıqlı idarəçiliyi sayəsində bir neçə iqtisadi böhrandan, o cümlədən qlobal represiyadan salamat çıxıb. Rəqabətədözümlü, güclü iqtisadiyyatıyla Avropanın birincisi olub, sevilən, arzulanan, həsəd aparılan ölkəyə çevrilib.

Amma Merkel özü (əriylə birlikdə) 100 kvadrat-metrlik mənzildə yaşayır və evə ərzağı özü alır. Keçirdiyi sadə həyat tərzi almanlarda ona qarşı güvən hissi yaradır. Hansısa xüsusiyyətlərini bəyənməsələr belə, onu özlərindən biri hesab edirlər.

Tənqidçilərinin astagəllikdə, konkret mövqe və ideologiyaya əsaslanmamaqda suçladığı siyasətçinin yeganə “qibləsi” ictimai rəydir. O, irili-xırdalı bütün məsələlərdə ictimaiyyətin fikrini öyrənməyi vacib sayır. “Der Şpigel” (“Der Spiegel”) jurnalının yazdığına görə, onun dəftərxanası 4 il ərzində 600-dən çox sorğu sifariş edib.

Almaniyanın 4-cü kansleri Helmut Şmidtin dəfn mərasimindəki çıxışı isə sanki onun özü haqqındadır:

“Biz ona etibar edirdik. Ümid edirdik ki, o, situasiyaya nəzarəti ələ alacaq və problemləri həll edəcək. Şmidt hər hansı işin doğruluğuna əmin olandan sonra onu reallaşdırırdı. Bir işi görməyə tam hazır olsa belə, onu ağlının süzgəcindən keçirəndən sonra qərar verirdi. Onun bir kansler kimi möhtəşəmliyi müdrikliyi və fəaliyyətindəki ardıcıllığındaydı. Ən əsas məqamsa budur: Şmidt öz qərarlarına görə böyük itkilər verməyə hazır idi. Çünki məğlubiyyət riskini, hətta kanslerliyi itirmək təhlükəsini də gözə alırdı”.

Avronun xilaskarı

İkinci dəfə kansler olandan 2 il sonra (2015-ci ildə) de-fakto Avropa Birliyinə də liderlik edən Angela Merkel iki ciddi böhranla üzləşdi. Birincisi avroyla bağlıydı və Yunanıstan üçün defolt təhlükəsi yaratmışdı. İkincisi isə bütün Avropanı silkələyən qaçqın problemiydi. Həmin il Merkel hökuməti suriyalı qaçqınların Almaniyaya girişinə icazə vermiş, ölkəyə yüzminlərlə mühacir qəbul etmişdi. Bu, çox cəsarətli qərar idi. Çünki dünyanın başqa bir bölgəsində alovlanmış konflikt 70 il əmin-amanlıq içində yaşamış, buna görə Nobel sülh mükafatına da layiq görülmüş (2012-ci ildə) Avropa Birliyinə transfer olurdu.

2015-ci ili Merkelin karyerasında dönüş nöqtəsi hesab etmək olar. Ovaxtadək Almaniya kansleri hər hansı gərginliyə yol açmayan ehtiyatlı addımlar atmağa üstünlük verirdi. Həmin il verdiyi qərarlar onun ənənəvi üslubuna uyğun deyildi. Dəqiq hesablamaları, praqmatik seçimləri duyğusal qənaətlər əvəz etmişdi. Praqmatizmə qalsa, yüzminlərlə qaçqına “yox” deyilməliydi. Ömrünün 30 ilini keçilməz Berlin divarının “qaranlıq” tərəfində yaşamış Merkelsə hərəkət azadlığının məhdudlaşdırılmasına nifrət edirdi. Üstəlik, çox da uzaq olmayan keçmişdə dünyaya milliyyətçilik, nativizm yayan, 50 milyon insanın ölümüylə nəticələnmiş müharibənin səbəbkarı olan bir ölkənin lideri kimi müharibə qaçqınlarının qarşısına sədd çəkmək ona yolverilməz görünmüş ola bilərdi.

O coğrafiyada əməkdaşlıq üçün əngəllərin aradan qaldırılması və demokratiyanın yayılması üçün Merkel ciddi əmək sərf edib. Hətta AB çərçivəsində bu missiyanın əsas daşıyıcısının elə Almaniya kansleri olduğunu deyə bilərik. Elə 2010-2015-ci illərdə avro böhranını da ancaq Merkel kimi seçici, səbrli və konsensus hədəfli iş prinsipi olan biri həll edə bilərdi. Hərçənd, bu müddət ərzində xeyli tənqidə məruz qalıb. Defolt təhlükəsi yaşayan Yunanıstanla ortaq dil tapmaq cəhdləri sərt taktika kimi qiymətləndirilib. Hitlersayağı bığla karikaturasını çəkənlər, “evin içini qoyub, çölünün hayına qaldığını”, – iddia edərək, “merkelinq” (çeynəyə biləcəyindən daha artığını dişləyərək, qitə miqyasında problem yaratmaq, yanan evinə su tökmək əvəzinə, öz üzərinə benzin tökmək) felini quraşdıranlar da olub.

Halbuki böhranın səbəbkarı Yunanıstan idi. Vaxtilə dünyaya demokratiya bəxş etmiş ölkə indi ona başağrısı yaradırdı. Əvvəlkiləri qaytarmadan AB-dən yeni kreditlər tələb edirdi. Buna qarşı çıxan Merkel 2012-ci ildəki bir açıqlamasında demişdi:

“Mən iqtisadi çöküş yaşamış ölkədənəm. Yunanıstan borcunu azaltmasa, daha Avropa hər kəsin bəyəndiyi və dünyanın hörmət etdiyi, çiçəklənən qitə olmayacaq”.

Bu ölkənin (o cümlədən, Portuqaliya, İrlandiya və İtaliyanın da) rəhbərlərinə bədxərclik etməməyi, olmayan pulları xərcləməməyi məsləhət görən təkcə Merkel deyildi. Amma dominant “bankir” rolunda məhz Almaniya kansleri çıxış edirdi. Bir neçə il davam edən həmin böhran zamanı Merkelin nüfuzu da, mövqeyi də güclənmişdi. Yunanıstana ancaq qənaət taktikasını seçməklə xilas ola biləcəyini deyənlərin sayı artmışdı. Eyni zamanda, Merkel avronun “anadangəlmə” qüsurunu – iqtisadi birliyin siyasi aparatla eyni vaxtda formalaşmaması problemini də həll etməyə çalışmış və zamanla buna nail ola bilmişdi. Amma əsas problem Yunanıstandakı ənənələr idi. Varlıların vergi ödəməkdən yayınması və hökumətin “puldağıdan” olmasıydı. Hakimiyyət dəyişikliyindən sonra da AB-yə (oxu: Merkelə) “xarakter göstərmək” siyasətini davam etdirən yeni rəhbərlik birlikdən qovulmaq təhlükəsilə üz-üzə qalanda, nəhayət, geri çəkilməli və sərt iqtisadi siyasət xəttini qəbul etməli olmuşdular.

“Çox sağ ol, Almaniya!”

Merkel avro böhranını həll edər-etməz mühacir böhranı başlamışdı. 2015-ci ildə Almaniyaya sığınacaq üçün 200.000 nəfər müraciət etmişdi. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çox idi.

Əslində, mühacir problemi Almaniya üçün yeni deyildi. Nasional-sosialistlərin irqi ayrı-seçkilik və genetik saflıq ideologiyasına əsasən, qurduğu faşist dövləti məğlub olandan sonra Almaniya immiqrantlar ölkəsinə çevrilmişdi. İlk dalğada qonşu ölkələrin vətəndaşları ora yerləşmiş, 1960-cı illərdə Anadolu türkləri işləmək üçün Almaniyaya axın etmişdilər. Yuqoslaviyadakı vətəndaş müharibəsindən və Rumıniyadan qaçanlar isə 90-cı illərdə yeni dalğa yaratmışdılar. Təkcə, 1992-ci ildə 440 000 nəfər Almaniyaya (əvvəlki ildən 2 dəfə çox) sığınacaq üçün müraciət etmişdi. Həmin il Bundestaq mühacirlik haqqında qanuna düzəliş etməli olmuş, mühacir statusunu ancaq siyasi təqibə məruz qalanlara vermək qərarı almışdı (ölüm hökmündən qaçanlar dövlətdən maddi yardım almadan Almaniyada qala bilərdilər). Qanuna dəyişiklik statistikanı da dəyişmişdi: 1993-cü ildə müraciətlərin sayı 322.599-a düşmüş, sonrakı iki ilin hər birində isə 128 000 nəfər olmuşdu. 2000-ci illərin əvvəllərinə doğru azalma davam etmiş, 2007-ci ildə 1990-dan bəri ən aşağı göstərici qeydə alınmışdı – 19.164 nəfər.

7 il sonra vəziyyət yenidən gərginləşdi. Suriyadakı vətəndaş müharibəsi yüzminlərlə insanın Avropaya axınına səbəb oldu. 2014-cü ildə əsasən Əfqanıstandan və İraqdan olan 202.800 nəfər AFR hökumətinə sığınacaq üçün müraciət etdi (Həmin dönəmdə bütün dünya üzrə qaçqınların sayı 51.200.000 nəfər təşkil edirdi).

2015-ci ildə mühacir problemi pik nöqtəsinə çatdı. Almaniyaya 890.000 min qaçqın daxil oldu. Əslində bu, onların ikinci qaçışıydı. BMT-nin Suriyadakı vətəndaş müharibəsindən qaçıb qonşu ölkələrə – Livana, İordaniyaya, İraqa, Türkiyəyə sığınan insanlar üçün ayırdığı vəsait azalıb, adambaşına gündə 50 sentə düşdüyü üçün onlar bu dəfə “tox Avropaya” getmək qərarına gəlmişdilər. Bu yoldakı çoxsaylı qəzalar və yüzlərlə ölüm hadisəsi belə onları durdurmurdu.

2015-ci il sentyabrın 2-də üç yaşlı suriyalı Aylan Kurdinin Bodrum sahilində tapılan cəsədi qaçqınlar problemini dünyanın bir nömrəli gündəm məsələsinə çevirdi. Avropa sərhədlərinə toplanmış yüzminlərlə qaçqına ilk qucaq açan ölkələrdən biri Almaniya oldu. Münhen vağazalında yüzlərlə alman onları gül-çiçəklə qarşıladı, suriyalılar xorla “çox sağ ol, Almaniya!” deyə, təşəkkür etdilər. Bir sözlə, idilliya…

Qəbul məntəqələrində böyük sıxlıqlar yarandı. Yerli hakimiyyət nümayəndələri təcili surətdə yeni kamplar açmağa başladılar (mövcud imkanlara uyğunlaşdırılan qaydalar sayəsində 2016-cı ildə Almaniya sərhədlərini keçən qaçqınların sayı 280.000, 2017-ci ildə 173.000 nəfər oldu).

2015-ci ilin sonundakı yeni il müraciətində Merkel əsasən qaçqınlar problemindən danışdı. “Bu adamların çoxu ölümdən dönüb. Təbii ki, biz onlara kömək edəcəyik. Almaniyaya gəlmək istəyənlərə bu imkanı yaradacağıq” dedi.

Sosial Xidmətlər Agentliyi LaGeSo-nun Berlin şöbəsinin mətbuat katibi Silviya Kostner KİV-ə açıqlamasında buna etirazını bildirdi:

“Məncə, Merkel lazım olduğundan artıq dedi. İnsanlar onun sözlərini dəvət kimi başa düşdülər. Halbuki bu, dəvət deyildi. Hökumət axını dayandırmağın yollarını tapmalıdır”.

Merkel artıq bu istiqamətdə çalışırdı. İlk nəticələr də vardı – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AB-nin ayıracağı 3 milyard dollar qarşılığında suriyalılara sığınacaq verməyə razı gəlmişdi.

Amma məsələ təkcə sayda deyildi, bir də adaptasiya problemi vardı. Mühacirlər tamamilə fərqli dünyadan gəlmişdilər, başqa kültürə sahibdilər, Avropa yaşam tərzinə uyğunlaşmağa çətinlik çəkirdilər. Bəzən buna etiraz da edirdilər. Üstəlik, çalışmaq, cəmiyyətə qaynayıb-qarışmaq da istəmir, onlara iş təklif edən yerli hökumət nümayəndələrinə “Biz Angela Merkelin qonaqlarıyıq” – deyə, cavab verirdilər. Daha əvvəl 1 saatı 1 avroya həftədə 20 saat işləməyə razılaşanlar belə yerlilərin saatı 8,5 avroya işlədiyini bilib, fikirlərini dəyişmişdilər. Bundan başqa,  qaçqınlar tərəfindən törədilən cinayət hadisələrinin sayı da durmadan artırdı. 2013-cü ildə bu say 16 min civarında olmuşdusa, iki il ərzində iki dəfə çoxalmış, 2015-ci ilin sonunda 38 minə çatmışdı. Vəziyyəti normallaşdırmaq üçün hökumət ölkəyə qaçaq yolla girənləri deportasiya etməyə başlamışdı.

Haşiyə: 2015-ci ilin iyulunda Merkel tələbələrlə diskussiya üçün “Almaniyada həyat” adlı televiziya verilişinə qatılır. Verilişdə iştirak edən 14 yaşlı fələstinli qız əl qaldırıb, söz istəyir. O, özünün və ailəsinin deportasiya təhlükəsindən şikayətlənir. “Mən təhsil almaq istəyirəm. Başqalarının həyatdan zövq aldığını görüb, onlara qoşula bilməmək çox ağırdır”, – deyir. Merkel duruxur, amma “tapşıraram, baxarlar” kimi ümumi sözlərlə mövzudan yayınmaq variantını da seçmir. Qıza belə cavab verir: “Mən başa düşürəm… Amma deməliyəm ki… Bilirsinizmi, bəzən siyasət çox çətin olur. Siz çox yaxşı insanlarsız, amma Livandakı düşərgələrdə onminlərlə fələstinli qaçqın var. Biz desək ki, hamınız Afrikanı tərk edib, bura gəlin, düz olmaz. Çünki biz hamını yerləşdirə bilmərik”. Bu yerdə Merkel qızın ağlamağa başladığını görür, yanındakılara “mən onu sakitləşdirmək istəyirəm” – deyərək, ona yaxınlaşır.

Neonasistlərin demarşı

Mühacir böhranı ölkədə radikal sağçıların fəallaşmasına səbəb oldu. Neonasist Nasional-Demokrat Partiyasının (NDP) üzvləri Drezdenə 1.100 nəfər suriyalının yerləşdirilməsinə etiraz olaraq qaçqın düşərgəsinin yaxınlığında aksiya keçirdilər (iyul, 2015). Onlar yaxınlıqda mitinq edən əks-görüşlü solçulara daş və şüşə butulkalar atdılar. Yaralanan 3 nəfərdən birini xəstəxanaya yerləşdirmək lazım gəldi. Məsələ bununla bitmədi, NDP-çilər hər bazar ertəsi aksiya keçirməkdə davam etdilər.

Onların bu ilin avqustunda Hemnes şəhərində keçirdiyi aksiya da qalmaqalla nəticələndi. Bir mühacirlə münaqişə zamanı çoxsaylı bıçaq yarası almış şəhər sakininin ölümünə etiraz edən ultra-sağçılar yenə polislərə butulka atdılar. Yaranmış toqquşmada bir polis, iki aksiya iştirakçısı yaralandı (son günlərdə onlar “Facebook” üzərindən də aksiya gerçəkləşdiriblər. Bu dəfə yəhudiləri hədəfə alaraq – Berlində onlara məxsus 70 mağaza, təşkilat və müəssisənin siyahısını öz səhifələrində yerləşdirərək “Yəhudilər bizim aramızdadır” – yazıblar).

Hadisədən 3 ay sonra (noyabr 16-da) Hemnesə gedən Merkel şəhər sakinləriylə görüşdü. “Dəhşətli qətl hadisəsi baş verib və bu, insanları qıcıqlandırıb” – deyərək, onların narahatlığını anladığını bildirdi. Radikalların olaya etiraz şəklini tənqid edən kansler hemneslilərin çoxunun ultra-sağçıları dəstəkləməməsindən məmnun olduğunu dedi, onlara təşəkkür etdi.

Yeri gəlmişkən, həmin görüşdə Merkel mühacir böhranı zamanı federal hökumətin buraxdığı səhvlərə də toxundu. “Bəzi başqa ölkə və bölgələri də təhlükəsiz yer olaraq müəyyənləşdirməklə” Almaniyaya gələnlərin sayını azaltmaq olardı” – dedi.  Amma onun ikinci etirafı daha kədərlidir: “Bu məsələylə bağlı Bundestaqda bu gün də bir irəliləyiş yoxdur”.

Merkel Avropa Birliyini dağıdırmı?

Halbuki bundan 5 ay əvvəl – 2018-ci ilin iyununda AB-nin Almaniyada keçirilən sammitində 15 saatlıq müzakirələrdən sonra 28 üzv ölkənin miqrasiya məsələsində razılığa gəldiyi açıqlanmış, qaçqınların Avropaya axınını azaltmaq üçün AB sərhədləri xaricində təhlükəsiz zonaların müəyyənləşdiriləcəyi bildirilmişdi.

Hərçənd problemin Birlik səviyyəsində həlli də hələ ki, uzaq perspektiv kimi görünür. ABŞ-dan sonra dörd AB dövlətinin – Çexiya Respublikası, Macarıstan, Avstriya və Bolqarıstanın BMT-nin miqrasiya haqqında beynəlxalq paktından çıxması vəziyyətin qəliz olduğunu göstərdi. Bu durum qaçqınlar məsələsində Trumpa opponentlik edən Merkelin “əlini zəiflədir”.

Xoş olmayan məqamlardan biri də budur ki, AB-də parçalanma təhlükəsi yaradanlardan biri kanslerin hökumət ortağı Xristian-Sosialist İttifaqıdır. Təşkilatın sədri Horst Zeyehofer (daxili işlər naziri) tələb edir ki, yerli hökumətlərə başqa bir AB ölkəsində qeydiyyatdan keçmiş və ya Almaniyadan “yox” cavabı almış şəxslərə rədd cavabı vermək hüququ tanınsın. Bu, digər AB üzvlərini qıcıqlandıracaq və ortaq miqrasiya siyasəti formalaşdırmağa mane olacaq, birtərəfli addımlar atmaq istəməyən Merkeli odla su arasında qoymaq deməkdir.

Əsas paradoks bundadır ki, suriyalılara yaşıl işıq yandırmaqla qaçqınlar məsələsini həll etməyə çalışan Merkel daha böyük layihənin – Avropa Birliyinin taleyini sual altında qoyub. Qaçqınların kütləvi köçü bu coğrafiya üçün təhlükəsizlik problemi yaradıb. Böhranın apogey dönəmində (noyabr, 2015) Parisdə baş verən terror hadisələri Fransanı fövqəladə vəziyyət elan etmək məcburiyyətində qoydu. Şengen ölkələri arasındakı “itmiş” sərhədlər yenidən qoruma altına alındı, amma növbəti cinayətlərin qarşısını almaq mümkün olmadı. 2015-2018-ci illərdə Afrika mənşəli şəxslər Almaniya, Böyük Britaniya, İsveç, İtaliya, Finlandiya, İspaniya və Fransada terror aktları törətdilər. Onların Avropada – cəmiyyətə inteqrasiya etməyən etnik gettolarda böyümüş olmaları mühacir probleminin daha bir təhlükəli tərəfini qabartmış oldu. İnsanlarda “yeni gettolarda yeni terrorçular yetişə bilər” narahatlığı yarandı.

Ən sərt həqiqətləri ən yumşaq şəkildə ifadə etmək ustası olan Merkel müsahibələrinin birində durumu belə şərh etdi:

“Bir çox bölgələrdə müharibə və terror var. Dövlətlər dezinteqrsiyaya uğrayırlar. Uzun illər biz bu haqda eşitdik, oxuduq, hadisələri televiziya ekranlarından izlədik. Ancaq Hələbdə və Mosulda baş verənlərin Essen və Ştutqarta təsir edə biləcəyini görə bilmədik. İndi isə biz bununla üz-üzəyik…”

Dünyanın ən ağıllı qadını

Üç il sonra siyasətlə vidalaşacaq bu möhtəşəm qadının bioqrafiyasıyla tam tanışlıq adına birinci məqaləyə qaldığımız yerdən davam edək:

– 2005-ci ildən sonra Merkel daha 3 dəfə kansler seçilib (2009, 2013, 2017-ci illərdə).

– Federativ sistemin təkmilləşdirilməsi; bürokratizmlə mübarizə; səhiyyə sistemində islahatlar; elmi araşdırmalar; ailə, əmək bazarı, enerji, büdcə və maliyyə siyasəti kimi sahələrdə yeni istiqamətlər müəyyənləşdirməklə məşğul olub.

– 2006-cı ilin yayında həmin ilin dünya çempionatı haqqında fikirlərini əks etdirən video-kast yayıb. İndiyə qədər dünya liderlərindən heç birinin istifadə etmədiyi bu üsuldan ilk dəfə o yararlanmağa başlayıb. Hər həftənin 6-cı günü bir aktual məsələylə bağlı mövqeyini açıqlayıb.

– Həmin il 93 faiz səslə yenidən XDİ-nin sədri seçilib. Yenə o il “Forbes” jurnalı onu dünyanın ən nüfuzlu qadını adlandırıb (sonrakı 2007 və 2008-ci illərdə də). “Taym” jurnalı isə 2006 və 2007-ci illərdə Merkeli dünyanın ən nüfuzlu yüz adamı siyahısına daxil edib.

– Merkel 2007-ci ildə Berlindəki ofisində XVI Dalay-Lamanı qəbul edib. Xəbər dünya miqyasında sensasiyaya çevrilib. O, görüşün şəxsi xarakter daşıdığını, Tibetin muxtariyyəti məsələsinə dəstək mövqeyi sərgiləmədiyini açıqlasa da, Çin və Almaniya arasında münasibətlər gərginləşib.

– O, 2007-ci ilin ilk 6 ayında Avropa Birliyinin sədri vəzifəsini də icra edib. Əsas prioriteti enerji siyasəti, iqlimin mühafizəsi, Qara dəniz və Orta Asiya ölkələriylə transatlantik iqtisadi əməkdaşlığın genişlənməsi və AB Konstitusiyasının təsdiqlənməsi olub. İsrar edib ki, müasir multikultural dünyada Avropa öz mədəniyyətini və köklərini unutmamalı, bunun üçün konstitusiyada xristianlıq məsələsi xüsusi vurğulanmalıdır. Bu təklifi yalnız üç ölkə – Polşa, İtaliya və İrlandiya dəstəkləyib. Həmin il imzalanan konstitusiyahökmlü Lissabon müqaviləsində bu məsələ (Portuqaliya) “Avropanın mədəni, dini və humanitar irsi” şəklində ifadə olunub.

– Üçüncü dəfə kansler seçildiyi 2013-cü ildə reytinqi ən yüksək həddə olub. Onun bədən dilini (çıxış zamanı əllərini tutma şəklini) ehtiva edən “Merkel rombu” adlı reklam kampaniyasında, “flash mob”-larda və hətta eyniadlı, yeni “smile”-da Almaniyanın etibarlı əllərdə olduğu vurğulanıb.

– Həmin il internetdə Merkelin nudistlər çimərliyində çəkdirdiyi çılpaq şəkli dərc olunub. Amma bu, onun nüfuzuna xələl gətirməyib, əksinə, ona marağı artırıb, çünki nudizm Almaniyada yayılmış populyar cərəyandır.

– “Böyük yeddilik”in (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, ABŞ və Yaponiya liderləri) 7 iyun 2015-ci il tarixli sammitindən sonra Merkel Rusiyaya qarşı sanksiyaların vacib olduğunu bəyan edib:

“Krımı işğal etməsi, Donetsk və Luqansk hadisələrinə müdaxiləsi göstərdi ki, Rusiya bizimlə eyni dəyərləri bölüşmür”.

– Bundan bir ay əvvəl (10 may, 2015-ci ildə) kansler Moskvada olmuş və Putinlə yanaşı durduğu brifinqdə bu haqda daha sərt ifadələr işlətmişdi:

“Krımın beynəlxalq hüquqazidd, cinayətkar işğalı və Şərqi Ukraynadakı hərbi əməliyyatlar üzündən bizim Rusiyayla əməkdaşlığımız ciddi şəkildə məhdudlaşıb”.

– 2016-cı ilin yerli seçkilərində Meklenburq-Ön Pameraniya bölgəsində ultra-sağçı Almaniya üçün Alternativ Partiyası (AAP) xristian-demokratlardan (onun partiyasından) sonra ikinci yeri tutub. Berlində isə XDİ məğlub olub (Millətçiliyin yüksəlişi həmin il ABŞ-da Trumpın seçilməsinə, Britaniyada “Breksit” referendumunun AB əleyhinə nəticələnməsinə səbəb olub).

– Qaçqın probleminə görə son iki ildə Merkelin reytinqi xeyli azalsa da, 24 sentyabr 2017-ci il seçkilərində XDİ-XSİ və SDP koalisiyası Bundestaq seçkilərində səs çoxluğu qazanıb. ADP (Azad Demokratik Partiya), Sol Partiya, Yaşıllar Partiyası və (AAP) 5 faizlik baryeri aşaraq Bundestaqda təmsil olunublar. Bu, ultra-sağların mandat ala bildiyi ilk seçki olub. Onlar 74 səslə sosial-demokratlardan sonra üçüncü yeri tutublar (Sağçılar Avropanın digər ölkələrində də fəllaşıblar. Polşada konservativ “Qanun və ədalət” partiyası hakimiyyətə gəlib (25 oktyabr 2015), Fransada ultra-sağçı Xalq Cəbhəsinin Milli Məclisdəki mandat sayı 2-dən 8-ə qalxıb. Təşkilatın sədri Marin Le Pensə prezidentlik yarışında Fransua Makrona cəmi 3 faiz fərqlə uduzub (23 aprel 2017). Yeri gəlmişkən, ultra-sağçılıq meyilləri okeanın o tayında da artıb və bir çox ölkələrdə olduğu kimi, onların da “baqajından” Rusiyanın “qulaqları” görünür. Neonasistlərin 2017-ci ilin avqustunda Şarlotsvilldəki (ABŞ) yürüşünün təşkilatçısı, Putinin pərəstişkarı, radikal sağçı Nina Kupriyanovayla evli olmuş Riçard Spenser rəsmi Moskvanın təbliğat ruporu olan “Rusiya bu gün” (“Rossia to day”) kanalının daimi qonağıdır, hətta mərkəzi kanallara çıxdığı da olub).

– Seçkinin nəticələri ona növbəti dəfə kansler olmaq şansı qazandırıb. Amma bu dəfə qeyri-müəyyənlik daha uzun sürüb (2018-ci ilin fevralınadək). Hökuməti formalaşdıra bilmək üçün o, daha çox səy göstərməli olub. Növbədənkənar seçkilər təhlükəsini önləmək üçün iki vacib postu – maliyyə və xarici işlər nazirliklərini sosial-demokratlara güzəştə gedib və 2018-ci ilin martın 18-də dördüncü dəfə Almaniyanın kansleri seçilib.

– 13 illik kanslerliyi ərzində çoxsaylı mükafatlar və fəxri adlar alıb.

– İyunda Merkelin koalisiya tərəfdaşı – XSİ-li daxili işlər naziri Horst Zeyehofer (XSİ sədri) onun immiqrasiya siyasətinə etiraz əlaməti olaraq ilkin istefasını açıqlayıb. Bu, hökumət üçün yıxılma təhlükəsi yaradıb. Kompromis ustası Merkel növbəti dəfə ortaq məxrəc tapa bilib və Zeyehofer istefasını geri götürüb. Bu ilin oktyabrında keçirilmiş yerli seçkilərdə XDİ və XSİ zəif nəticə göstəriblər. Bundan bir neçə gün sonra (29 oktyabr) Merkel belə bir açıqlama verib:

“Partiyanın növbəti qurultayında sədrliyə namizədliyimi verməyəcəyəm. 2021-ci ildə kansler vəzifəsinə də namizəd olmayacağam. O cümlədən, Bundestaq seçkilərinə də qatılmayacağam”.

Məğlub olmadan getmək

Merkelin bu anonsu təkcə, Berlində yox, bütün Avropada əks-səda doğurdu. 15 ilə yaxın Avropa Birliyinə yön verən, Alamaniyanı bir neçə iqtisadi böhrandan çıxaran liderin siyasi səhnədən çəkilməsi gələcəklə bağlı xeyli sual yaratdı: Almaniya AB-də aparıcı dövlət olaraq qala biləcəkmi; XDİ-XSİ birliyinin sosial-demokratlarla koalisiyası davam edəcəkmi, radikal sağçıların yüksəlişini əngəlləmək mümkün olacaqmı; yeni kanslerin idarəçiliyi ölkəni hansı istiqamətə yönəldəcək; Avropada siyasi çalxalanmalar artma tendensiyası göstərərkən, üstəlik, Briyaniyanın başlatdığı “Breksit” prosesi Avropa Birliyinin dayaqlarını sarsıtmaqdaykən AB tarixində “Merkel erası”nın sona çatması quruma hansı perspektivlər vəd edir; aydın və dəyişməz siyasi prinsipləriylə AB-ni Tramp “istilasından” qoruyan Almaniya kansleri siyasətdən gedəndən sonra Birlik öz müstəqilliyini qoruyub saxlaya biləcəkmi  və s. Hələlik, bilinən budur ki, Avropanın siyasi sabitliyi risk qarşısındadır.  Merkelin gedişi problemli qitə üçün ciddi sınaq olacaq.

Onu belə bir qərarı verməyə nə məcbur etdi? “Siyasətdən yarıölü biri kimi getməmək” istəyimi? Son seçkilərdəki səslərin miqdarından Merkelin özü üçün çıxardığı nəticə budurmu?

Ola bilər, çünki yerli seçkilərdəki uğursuzluq ona həm partiya daxilində, həm də federal miqyasda problemlər vəd edir. Buna növbəti qurultayda sədr seçilməmək təhlükəsi də daxildir. Seçki məğlubiyyətinin heyfini ondan çıxmaq istəyəcək XSİ-nin koalsiyanı pozması (hökumətin buraxılması) ehtimalı da. Üstəgəl, cəmiyyətdə yavaş templə də olsa, artan ultra-sağ sevgisi fonunda “qaçqınların kansleri” imicinin möhkəmlənməsi. Uzun və parlaq bir karyera üçün heç də cəlbedici son deyil.

Demək ki, kanslerin bioqrafı Kornelius haqlıymış: “Angela qazana bilməyəcəyi savaşlara girmir”.

Alya Yaqublu, Meydan tv

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
  • GÜNDƏM
  • XuralTAC

Röya xalq artisti oldu

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, sərəncamla…

21 Oktyabr 2019 7:15 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ankaradan Əliyev hakimiyyətinə sərt təpki: “Xalqın səsini eşidin”

“Ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır” Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan…

21 Oktyabr 2019 5:18 axşam
Xural.COM