Dünyanın gözü önündə

Zərdüşt Əlizadə

1998-ci ilin fevral ayında sizin həqir bəndəniz Nyu-York şəhərində məşhur Holokost müzeyini ziyarət etdi. Sovet və dünya ədəbiyyatından az-maz xəbəri olan bir kəs kimi güman edirdim ki, muzeyin 80%-i faşistlərin, 10%-i bolşeviklərin, qalan 10%-i qalan dünyanın məzlum yəhudi xalqına etdiyi haqsızlıqdan danışacaq. Diqqətlə baxdım və gördüm ki, yanılırmışam.

Müzeyin 80%-i katolik kilsəsinin yəhudilərə zülmünü təsvir edirdi. 10% faşistlərə, qalan 10% qalan dünyaya həsr edilmişdi.

Source: Meydan.TV

Müasir zəmanədə neçənci Roma papasıdır ki, yəhudi xalqından üzr istəyir. Üzr istəyib soruşur ki, “bəsinizdir”? Yəhudilər deyir: “Xeyr, əsla, kifayət deyil”.

Növbəti Roma papası da fəaliyyətini yəhudilərdən üzr istəməklə başlayır.

Federal Almaniyanın kanslerləri İsraili ziyarət edəndə mütləq gərək Qüdsdə Ağı divarının önünə gəlib diz çökməli, yəhudu xalqından alman xalqının törətdiyi cinayətlərə görə üzr istəməlidir.

Məncə, katolik kilsəsinin və faşist Almaniyasının yəhudilərə qarşı törətdikləri zülmə görə bu aramsız üzrxahlıq və tövbə mərasimləri tamamilə haqlı əməldir və bəşəriyyət durduqca, katolik kilsəsi, alman və yəhudi xalqları durduqca, davam etməlidir.

Bu tövbə və üzr tək kilsəyə və alman xalqına deyil, bütün bəşəriyyətə insanlıq dərsi kimi vacibdir. Bəşəriyyət bu zülmü heç vaxt unutmamalıdır. Unudulmamaq üçünsə tövbə və üzr təkrar edilməlidir: “Təkrar biliyin anasıdır”.

Gənclik illərində məni dərindən sarsıtmış, qəlbimdə ən dərin iz qoymuş əsər “Anna Frankın gündəliyi” olmuşdu.

Xaçpərəst “sivilizasiyalı” Qərb yəhudi xalqına olmazın zülmü edəndən sonra bu istedadlı, lakin hədsiz inadkar və zirək xalqı başından etmək üçün dərin fikrə gedir.

O zaman bütün dünya Qərb imperializminin ayağı altında idi. Yəhudi başbilənlərindən soruşurlar: “Cənubi Amerikada, Argentinada özünüzə bir dövlət qurmaq istəyərsinizmi?”

Yəhudi başbilənləri oranın təbiətini və vəziyyətini öyrənib çox müzakirə edirlər, çox höcətdən sonra deyirlər: “İstəmənik”.

Qərbin ağaları bu dəfə yəhudi başbilənlərinə Uqanda ərazisini təklif edirlər.

Başbilənlər bu dəfə Uqandanı diqqətlə öyrənib ölçüb-biçirlər və deyirlər: “İstəmənik”.

O zaman yəhudi icmasında bir istedadlı gənc ziyalı hamını qədim vətənə, Sion dağının ətrafına qayıtmağa səsləyir. Teodor Gertslin təbliğatı  yəhudi varlılarının və ziyalılarının ürəyini ovlayır və onlar barmaqlarını xəritədə qoyurlar Fələstinin üzərinə. Fələstin o zaman Osmanlı səltənətinə məxsus idi.

Yəhudi başbilənləri gəlirlər sultanın hüzuruna və deyirlər ki, bu torpağı ver bizə. Sultan deyir ki, biz daima siz yəhudilərə havadar və hami olmuşuq, qapılarımız üzünüzə daim açıq olub, indi də açıqdır, gəlib yaşayın, amma dövlət qurmaq söhbəti olmamalıdır.

Yəhudilər bir-birinə baxıb deyiblər: “Xub, hələlik köçməkdən başlayaq, ardını Yahve verər”.

Yəhudu varlıları pul ayırırlar, kasıb yəhudilər Fələstinə gəlib torpaq sahiblərinə pul verirlər və torpaq alırlar. Ərəb və bədəvi şeyxlər də sevinirlər: “Ay can, ay can, nə gözəl fürsərdir, dünən qara qəpik qiyməti olmayan bu cadar torpaqlar necə də məzənnəyə mindi!”

Qəziyyənin ardını dəxi danışmayacağam, özünüz məndən də yaxşı bilirsiniz ki, indi Fələstində nə baş verir. İsrail dövləti ərəb dövlətlərini 1948, 1956, 1967, 1973 və canım sizə nə desin, daha bir neçə dəfə məğlub edəndən sonra milyonlarla ərəbi doğma yurdundan qovdu və beynəlxalq hüquqa tüpürüb bu torpaqları ilhaq etdi, indi isə xos-xosu düşərgələrə təpişdirilmiş milyonlarla ərəbi gözümçıxdıya salıb onların dövlət qurmaq hüququnu tanımır. Vətənini müdafiə etmək istəyən ərəbə bir dənə yağlı “terrorçu” mayası qoyub ömürlük qazamata salır.

Beynəlxalq hüquq yəhudilərə gələndə işləmir, heç bir beynəlxalq təşkilatın qərarı yerinə yetirilmir. Niyə? İsrailin arxasında ABŞ dağ kimi dayanıb, veto hüququ ilə bütün qərarları qüvvədən salır, İsrailə silah verir, lazım gələndə, hətta qoşun göndərib ərəbləri hədələyir və bəzən də bombalayır.

Siyasət biliciləri İsraili ABŞ-nin 51-ci ştatı sayırlar, deyirlər ki, ABŞ yəhudi dəyənəyi ilə ərəb dövlətlərini itaətdə saxlayır.

2023-cü ilin oktyabr ayının 7-də HƏMAS və onun cığırdaşları nə törətdilər, dünya gördü. 1300 insan öldürüldü, iki yüzə yaxın insan girov götürüldü.  Bu hadisənin gizli pərdəarxası müəmmaları var, lakin onlar heç vaxt açılmayacaq, çünki dünyanın həqiqi ağalarına bu sirrlərin açılması əl vermir.

İsrail özünün qisas müharibəsinə başladı.

Bir tərəfdə ən müasir silahı olan nizami ordu, o biri tərəfdə atıcı silahı olan partizan dəstələri. Bu partizanlar 2.5 milyon sıx yaşayan dinc əhalinin ortasında. Qəzza zolağı dünyada əhali sıxlığına görə birinci yerdədir.

İndiyəcən İsrail ordusu 38 min ərəbi, o cümlədən 18 min uşağı öldürüb. İsrailin Baş naziri Bibi Netanyahu deyir ki, “biz tam qələbəyə qədər dayanmayacağıq”. Tək mənə yox, artıq dünyanın bir çox insanına Netanyahunun bu “son qələbə” sözləri faşistlərin “yəhudi məsələsinin sona qədər həlli”, yəni bütün yəhudilərin fiziki məhvi sözlərini xatırladır. Buna görə ABŞ-nin və Avropanın müxtəlif şəhərlərində yəhudi faşizminin vəhşiliklərini qəbul etməyən insanların, o cümlədən etnik yəhudilərin etiraz nümayişləri keçirilir. Qərb demokratiyası bu etirazı boğur, lakin dövlət zorakılığının həddini bilir və bizdəki kimi zilə qalxmır.

Bir xalq faşizm qurbanı rolundan çıxıb faşist zalımı roluna necə girə bilir? Xalq deyəndə mübaliğəyə varmayaq, yəhudi xalqının içində ərəblərlə barış axtaran kifayət qədər vicdanlı və ağıllı insan var. Onlar əksəriyyəti incik, kinli və qəzəbli olan ərəblərin içərisindən özləri kimi insanlığı unutmamışları tapır və birgə çalışıb barış axtarırlar. Lakin hər dəfə münaqişədən qazanan barışmazlar bir qovğa qoparıb qan tökür, onların zəhmətini yerə vurur.

Bu zaman İsrail dövləti və yəhudi təbliğatı: “biz Holokostun təkrarına yol vermərik”, – deyir. Özləri ərəb soyqırımı törədə-törədə bəraət naminə Holokosta müraciət edirlər.

Möhtərəm oxucu, qəziyyə sizə tanışdırmı? Hansı xalq özü soyqırım törədə-törədə “genosid” harayı salır?

Görünür, beynəlxalq siyasət və təbliğat cəbbəxanası bir o qədər də zəngin deyil, eyni qəliblərdən istifadə həvəskarları öz hərəkətlərinə dürüst qiymət verə bilmirlər. Deyən və bildirən tapılanda isə şivən qoparırlar. Belə bir şivən nümunəsi ilə gələn yazımda tanış ola bilərsiniz.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button