Düşmənin qondarma nazirinə hökm oxundu

Xural.com musavat.com-a istinadən xəbər verir ki. Ermənistan paytaxtının Mərkəz və Yeni Nork icmalarının ümumi yurisdiksiya məhkəməsi bu gün tanınmamış “Dağlıq Qarabağ Respublikasının sabiq müdafiə naziri” Samvel Babayan barəsində 6 il müddətinə həbs qərarı çıxarıb.

Babayan “İqla” tipli zenit-raket sistemi əldə etmək və qeyri-qanuni yolla əldə edilmiş pulların yuyulmasında ittiham olunur.
İkinci ittihama əsasən, o, Rusiyada dövriyyədən çıxarılmış və boya ilə kirlənmiş avro banknotlarını Ermənistanda “tədavülə buraxılmaq məqsədilə təmizlətməyə çalışıb”.

Cinayət işi üzrə ittiham olunan daha 6 nəfər barəsində 2 il şərtidən 3 ilədək həbs cəza tədbiri seçilib.

“Bilirəm, qulaqları haradan çıxır”

Samvel Babayan bu il mart ayının sonunda parlament seçkiləri kampaniyası əsnasında sabiq Ermənistan müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi müxalif seçki blokunu dəstəklədiyi dövrdə həbs edilib.

Lakin bu günədək həbsinin siyasi xarakter daşıdığı barədə heç bir söz deməyən Babayan öz son sözündə bəyan edib ki, qeyri-qanuni silah əldə etmək ittihamı ilə tutulub saxlanıldığı ilk gündən hüquq-mühafizə orqanı nümayəndələri onunla “İqla” barəsində deyil, “siyasətdən söhbət ediblər”.

O, bu işin arxasında kimin dayandığına bələd olduğunu desə də, adlarını aşkar etməyib.
Onun sözlərinə görə, tutulandan sonra onunla bir-iki dəfə siyasət haqqında söhbət edərək, nəyə görə tutulduğunu izah ediblər: “Bu mərhələdə mən buma toxunmaq istəmirəm. Lakin faktlar mövcuddur, şahid var, söhbət zamanı vəkil də olub… Utanın!”.

“Mən bunu özümə bəraət qazandırmaq üçün demirəm. Mən o adam deyiləm ki, sifarişin haradan gəldiyini anlamayım. Yaxşı bilirəm, qulaqları haradan çıxır”.

“Sadəcə, deyirəm ki, qanunun üstündən də azca keçmək olar, lakin onu ayaq altına salmaq olmaz, dövlətin üstünə tüpürmək olmaz – dövlət olmaq istəyirsinizsə”, – o deyib və əlavə edib: “Babayanın bir il əskik, bir il artıq oturması ilə [həbsdə] bu məsələ həll olunmur”.

Bəzi Ermənistan KİV-ləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən sözügedən daşınan zenit-raket qurğusu ilə prezident Serj Sarkisyanın vertolyotunun vurulmasını planlaşdırıldığını bildirmişdilər. Lakin ittihamda bu müddəa yer tapmamışdı.

Babayan heç kəsə “İqla” zenit-raket qurğusunu almaq sifarişi vermədiyini, əksinə, bu silahı almış keçmiş döyüş yoldaşına onu Qarabağ apararaq orada torpağa basdırıb, yerini hərbçilərə deməyi məsləhət gördüyünü bildirib.

Babayan tədavüldən çıxarılmış avro banknotlarını boyadan təmizləyib istifadə etmək ittihamını da qəbul etmədiyini bildirib.
O, pullarla bağlı məsələdə heç bir kriminal hərəkət etmədiyini, ona borcun qaytarıldığını bildirib.

“Mən pulu kim göndərdiyi, kimin gətirdiyi barədə məlumat vermişəm, heç nə gizlətməmişəm. 8 ay heç kəs deməyib: nədir, haradandır? Görəndə ki, mövqeləri zəifdir, bunu sırıyıblar, Babayanı cinayətkar göstərmək üçün”, – o deyib.

Samvel Babayan kimdir?

Erməni mənbələrinin məlumatlarına əsasən, Samvel Babayan 1993-cü ildən 1999-cu ilədək “DQR özünümüdafiə ordusunun” komandanı olub.

1995-1999-cu illərdə ilk DQR müdafiə naziri olmuş, 1996-cı ildə general-leytenant rütbəsini almış, 1997-ci ildə Artsax (Dağlıq Qarabağ) qəhrəmanı adına layiq bilinmişdir.

2000-ci ildə tanınmamış DQR prezidentinə qarşı sui-qəsdə görə 14 il həbsə məhkum edilmiş, 4,5 ildən sonra (2004-cü ildə) əfv edilərək, azadlığa buraxılmışdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button