Düşünən bir beyin, can alan tankdan daha güclüdür-ELÇİBƏY YAZI MÜSABİQƏSİ

Xaos, çaşqınlıq, səriştəsizlik, satqınlıq, bütün bunların yeganə qurbanı olan millət və xilas olmağı gözləyən Vətən. Bütün bu sadaladıqlarım 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki Azərbaycanın real siması idi. Vətən üçün günəş gec, ya da tez doğmalı idi, ya da… Bir az fasilə verib tarixin tozlu səhifələrini vərəqləsək, görərik ki, Azərbaycan bu günə qədər çox uzun, keşməkeşli, lakin bir o qədər də qürurverici yol keçib. Vətənin ən dar anında onu dibdən çıxaracaq bir xilaskar hər zaman tapılıb. Bu toza-dumana qarışmış dövrün də axtarılan xilaskarı tapıldı. Əbülfəz Qədirqulu oğlu Əliyev, tarixin səhifələrinə qazınmış adı ilə desək, bəy, Əbülfəz Elçibəy.

1938-ci il, 24 iyunda dünyaya gələn bu türk oğlunun yeganə amalı vətənini azad görmək idi. O, hər zaman öz tarixi, dili, millətini heç bir halda tərəzinin gözünə qoyub, müqayisə aparmadı. Rus işğalında olmaq, rus dilində danışmaq, rus ideologiyası ilə yaşamağı özünə və millətinə ar bilən Elçibəy lap tələbəlik illərindən meydanlardan yığışmayıb. Gizli təşkilatlar yaradıb, çıxışlar edib, mitinqlərin cəsarətli iştirakçısı olub. Elə buna görədir ki, vətən, millət, din, dil anlayışlarını xalqımıza qadağa qoyan sovet hakimiyyəti tərəfindən, daha dəqiq desək, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən 1975-ci ildə millətçi və antisovet təbliğatçısı kimi damğalanaraq həbs olunur. Onsuz da damğalayıb həbs etmək, sürgünə göndərmək rusların köhnə şakəri idi. 20-30-cu illərdəki qanlı-qadalı repressiya, düşünürlərimizin damğalanaraq heç nəyə qurban getmələrinin ağrısı onsuz da canımızdan çıxmayıb. Bir ilə yaxın həbs həyatından sonra bir sıra yüksək vəzifələrə təyin olunan Elçibəy, həmin çətin illərdə Bütöv Azərbaycan fikrini səsləndirən yeganə adam idi.

Onun həbsindən sonra tapılan istintaq materiallarında Elçibəyin “Şimali Azərbaycan SSRİ-nin, Cənubi Azərbaycansa İranın tərkibindən ayrılıb Bütöv Azərbaycanın tərkibində birləşməlidir” fikirləri öz əksini tapıb. Nəzərə alsaq ki, həmin dövrlər Sovet rejimi elə bir vəziyyət yaratmışdı ki, heç kim “mənim ölkəm”, “mənim dilim”, “mənim millətim” ifadələrini işlədə bilməzdi.

Əbülfəz Elçibəy Azərbaycan tarixinə öz ilkləri ilə əbədi imzasını qoyub. Əvvəlcə onu qeyd edim ki, 1992-ci ildə prezident seçilən Elçibəy, ölkəmizdə demokratik seçki yolu ilə hakimiyyətə gələn ilk prezidentdir.

Elçibəysevərlər bir az arıq, bir az da qarabaq görünümlü bu şəxsiyyətin başına nə gəldisə vətənininə olan sevigisindən gəldiyini hər zaman diqtə edirlər. Bəlkə də həqiqətən elədir. Əvvəllər mən də onu öz vəzifəsini qoyub getdiyinə görə qınayırdım, lakin indi düşünürəm ki, onu anlamaqçün onun yerində olmaq lazımdır. Bəlkə də həqiqətən ona hansısa qüvvələr, hansısa yad əllər mane olub. Elə bəlkə də həmin dövrün sapı özümüzdən olan baltaları onun quyusunu qazıb.

Düşünürəm ki, nə qədər çalışsalar da ildən-ilə çiçəklənən vətənimizin uğurlarının təməl daşını qoyan Elçibəyi tarixdən silə bilmədilər, bilməyəcəklər də.

Elçibəyin özəl mətbuat katibi olmuş Ədalət Tahirzadə “Onun hakimiyyəti bir çox dairələrə sərf etmir. Bir dəfə Elçibəy Boris Yeltsinin kürü daşıyan gəmisini həbs etdirir. Sonradan bilmişəm ki, kürü müfiyasının başçısı Yeltsindir. O, həbs olunan gəmiyə görə Elçibəyə özü şəxsən zəng vurub. İstər Klinton, istər Marqaret Tetçer, hətta Süleyman Dəmirəl belə onun hakimiyyətdə qalmasını istəmirdilər”- deyərək, əslində Elçibəyin düşmənlərinin erməni, rus, iranlı olmadığını söyləməyə çalışırdı.

Gəncliyin, gənclərin dostu olan Elçibəy heç zamandan onları özündən uzaqlaşdırmadı. Hətta mümkün qədər gənc fəalların fikirlərindən, təkliflərindən istifadə də edirdi. Onu tənqid edənlərə qarşı da açıqürəkli, açıqsözlü davranan bu adam, onu tənqid edənlərə stimul vermək üçün bu cür də davam etməsini də məsləhət görürdü.

Hər zaman ağlına güvənən Elçibəy millətin idarə etdiyi dövlət modeli yaratmağa çalışırdı. Canından çox sevdiyi millətinə demokratiyanın, unudulan azad cəmiyyətin necə bir şey olduğunu xalqına yenidən yaşatmaq istəyirdi. Bunun üçün hakimiyyətə gələn kimi, ordu quruculuğu işini yoluna salmaq, ona qədər itirilmiş torpaqların alınaraq əsl sahiblərinə geri qaytarmaq üçün işə başladı. Elçibəyə qədər Azərbaycanda sabit ordu yox idi, sadəcə könüllü batalyonlar fəaliyyət göstərirdi. Buna görə də könüllü batalyonlardan nizami orduya doğru ilk addım atıldı və qismən hərbi səfərbərlik, orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında olan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi.

Bəlkə də uzun zamandır arzusunda olduğu bir şeyi də reallaşdırdı. Əli xalqımızın qanına bulaşmış rus ordusunun torpaqlarımızdan çıxarılmasına nail oldu. Nəzərə alsaq ki, Rusiya ordusu Azərbaycanı tərk etməyə məcbur olanda hələ Şərqi Almaniya və Polşanı tərk etməmişdi. Xüsusilə də son illərdə Rusiya ordusunun Gürcüstan və Ukraynada etdiklərini gördükdən sonra hər bir azərbaycanlı Əbülfəz Elçibəyin öz hakimiyyətini itirmək bahasına da olsa, nail olduğu bu uğurun önəmini qiymətləndirə bilməlidir.

Bundan əlavə, bir sıra yeni qurumların faliyyətə başlamasına da imkan yarandı. Bundan sonra Dövlət Sərhəd Xidməti, Dövlət Ləl-Cəvahirat Fondu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi fəaliyyətə göstərməyə başladı.

Elçibəyin təhsilə, tərəqqiyə, müəllimə verdiyi dəyər də onu tanıyan insanların yaddaşında silinməz iz qoyub. Onun özəl mətbuat katibi olmuş, Elçibəylə bağlı 7 kitabın müəllifi, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, professor Ədalət Tahirzadə onunla bağlı xatirələrindən birində Elçibəyi ən çox narahat edən məslələrdən birinin dərsliklərlə, məktəblərdə istifadə olunan kitablarla bağlı olduğunu bildirdi. Elçibəy hətta ordudan daha çox təhsilə maliyyə ayrılmasının tərəfində imiş. Belə ki, dövlət büdcəsində maliyyənin az olduğu bir vaxtda o, Sovet dövründən qalma dərsliklərin ləğv edilməsi üçün Azərbaycandakı ən savadlı müəllim, alim və metodistlərdən ibarət Fövqəladə Metodiki-Elmi Şura yaratdı. 110 milyon manat vəsaitin hesabına çox qısa bir zaman – 4 aya  yeni dərsliklərin yazılmasına nail olundu. Məhz onun prezidentliyi dövründə uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidin əsası qoyulur. Bundan əlavə, indi də uğurla davam etdirilən təhsil sisteminin əsası qoyulur. Yəni hər il keçirilən test üsulu ilə imtahanların əsası Elçibəyin hakimiyyəti dövrünə təsadüf edir. Eyni zamanda ilk dəfə təhsil sahəsində özəl müəssisələrin açılması da təhsilin inkişaf dinamikasını sürətləndirməyə hədəflənmişdi. Düşünürəm ki, bu qədər təlatümlü bir dövr üçün bütün bu yenilikləri sadəcə inqilabi çevriliş adlandırmaq olardı.

Cəbhədə vuruşan kommunist şüurlu əsgərdən hansı vətənpərvərlik, hansı qəhrəmanlıq gözləmək olardı? O, qarşısındakını vətəninə soxulmuş br düşmən olaraq qiymətləndirə biləcək ruhda deyildi axı. Elə bu düşüncə idi ki, Elçibəyi orduya yox, məhz təhsilə miyonlar ayırmağa vadar etmişdi. Təşkil olunmuş bu Elmi-Metodiki Şuranın gecəli-gündüzlü çəkdiyi zəhmət hesabına idi ki, 82 yeni kitab nəşr olundu. Bu addımına görə hətta Elçibəyi tənqid edənlər də az olmadı, lakin mənim fikrimcə də düşünən bir beyin, can alan tankdan daha güclüdür. İnsanlar müharibəni çox zaman silaha, tanka görə yox, fikir bildirmək iqtidarında olan beyinlərinə görə udurlar.

Müharibə, digər ölkələrin təzyiqləri, ölkə daxilindəki anlaşılmazlıqlar, satqınlıqlar ölkə iqtisadiyyatının tamam zəiflətmişdi. Elçibəy iqtisadi sahəni də dirçəltmək üçün bir çox yeniliklərə imza atdı. Belə ki, bu məqsədlə 34 qanun qəbul edildi, dövlət əmlaklarının özəlləşdirilməsi, xarici investisiyaların qorunması, bank sistemi, torpaq vergisi haqqında və digər bu kimi sahələrlə bağlı qanunlar qəbul olundu. Bu qanunların hesabına dövlət büdcəsində gəlirlər artmağa başladı. İqtisadiyyatda nəzərə çarpacaq bu cür irəliləyişdən sonra xarici ölkələrin neft şirkətləri Azərbaycana sərmayə qoymağa başladılar. Amerika, Norveç,Türkiyə, İngiltərənin neft şirkətləri ilə bağlanılan müqavilələrdən 10 milyar dollara yaxın gəlir əldə olundu.

Məhəmməd Əmin Rəsulzadə ilə müqayisə olunmağı, onun səviyyəsinə qaldırılmağı belə özünə rəva bilməyən bu böyük ürəkli şəxsiyyət satqınlığınmı, təzyiqlərinmi, hər nəyin badına getdiyini bütün çılpaqlığı ilə bilməsə də, ona qarşı böyük haqsızlıq edildiyinə inanıram. Vətəninə bu qədər bağlı, gəncliyini meydan künclərində keçirmiş bir adama axı necə ola bilərdi ki, uğrunda bu qədər əziyyətə qatlanıb dirçəltdiyi bu vətən adlı övladını satqınların qucağına verib gedə bilərdi? “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!” ideologiyasını dilinin əzbəri edən bu böyük lider, zənnimcə, tarix səhifəsində bir epizod deyil də, mahiyyət olaraq qaldı. Vətən, millət devizi ilə gəldi tarix səhifəsinə, Elçibəy kimi tanındı, Bəy kimi də tarixə adını qızıl hərflərlə yazdırdı.

Ruhun  şad olsun, vətən oğlu Elçibəy!

 

Məleykə Ağasoy

 

Yazı “Elçibəy-80”  yazı müsabiqəsinə təqdim edilir

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button