Düşüncələrimdəki uzaq adam…

Hərənin öz dünyası…

 

Gültəkin Mustafayeva

 

Səni tanıdığım gündən bəri sənə qarşı ürəyimdə olan hisslərin adını hələ bilmirəm. Sevgimi, bağlılıqmı, həsədmi, yoxsa arzumu? Axı sənin kimi birinin həyatımda olmağını dəfələrlə arzu etmişəm. Amma kim qismində – həyat yoldaşımı, dostmu, qardaşmı, atamı?! Bilmirəm. Bildiyim bir neçə həqiqət var. Sən mükəmməl insansan. Diqqətcil, duyğusal, sərt, sözü bütöv, canıyanan, bacarıqlı, mehriban, ünsiyyətcil və s. Tanıdıqlarımdan çox üstün cəhətlərin ilə fərqlənirsən. Və qorxduğum bir şey var – Səni itirmək.

Boynuma alıram, səninlə kobud danışıb qəlbini dəfələrlə qırmışam. Hətta elə sözlər işlətmişəm ki, o, mənə qarşı olsaydı, o insana tüpürüb keçərdim və əsla bağışlamazdım. Amma sən elə etmədin, əksinə, mənə haqq qazandırdın. Bu hərəkətinlə yenə də qalxdın yuxarı pilləyə və məni özün də bilmədən endirdin öz gözümdə taaa… aşağı mərtəbəyə. Hər mübahisədən sonra özümü danlamışam nə qədər. Neçə gün yeməkdən kəsilib ağlamışam xısın-xısın. Səndən bəlkə o zaman üzr istəməyə də utanmışam. Sən məndən inciməli olduğun halda mən səndən incidim, küsdüm, danışdırmadım. Amma sevgim azalmadı. Bəlkə də istəyirdim çıxıb gedəsən, daha həyatımda olmayasan. Ağlıma, yuxularıma gəlməyəsən. Amma cəsarət etmirdim səndən ayrılmağa. Yaşaya bilməzdim həqiqətən də. Nolsun cismim gəzəcəkdi, yemək yeyəcəkdi, amma ruhum ölmüş olacaqdı – sən nida qoysaydın bu ünsiyyətə.

Sən axı ən gözəl dostum idin. Kimsəyə deyə bilmədiyimi sənə açıq-aşkar dediyim dostum. Həm də həyat müəllimimdin. Bilirsənmi, səni tanıdıqdan sonra nə qədər şey öyrəndim. Anladım ki, hələ də təmənnasız yaxşılıq edən var. Hələ də səmimilik var, hələ də insanlıq ölməyib. Hələ sevgi yaşayır. Bütün mənalarıyla. Sən həm də mənim həkimim idin. İstənilən dərdimə dərman idin. Loğmanların sağalda bilmədiyi yaraya sözün məlhəm idi. Bir addımlığımdakı “qohum”larım təsəlli etməzkən, sən dünyanın bir başından məni təsəlli edirdin. Atamın, dayımın, əmimin, oxşamadığı saçımı sən ata kimi, dayı kimi sığallayırdın. Bilirsənmi, səni bəzən qısqanırdım – gülməli olsa belə. Amma bu qısqanclıq etibarsızlıqdan yaranmamışdı. Əksinə, kimsəyə güvənmədiyim qədər güvənirdim. Özümün heç vaxt “etmərəm” dediyim bir şeyi zamanın pis vaxtında edəcəyimə inanırdım, amma sənin əsla dediyin sözə dönük çıxmayacağını bilirdim. Bu, qorxudan yaranmış hiss idi.

Sən yaxşı bir insan olduğun üçün sənə çoxunun sahib olmaq hissi var idi. Bu, açıq-aydın sezilirdi sənə yaxın olan insanların gözlərindən, danışığından. Əslində, mən də sahib deyildim sənə. Həm də ki, axı sən əşya deyilsən ki, kimsə sənə sahiblik eləsin. Sənin haqqında düşünəndə bəzən elə bilirdim, sən sadəcə yuxu, şirin bir xəyal, əlçatmaz arzusan. Gerçək olmayan, doğulmayan fikrimdə təsvirini cızdığım birisən. Amma deyəsən, mən səni təsvir etsəydim belə mükəmməl və uzaq olmazdın. Yaxında olardın bir qonşu kimi. Hər gün bir bəhanə ilə mütləq küçənizdən keçib salam verərdim. Sırf səni görmək üçün.

Nədənsə səni yanımda xəyal etməmişəm. Qorxmuşam hisslərin müqəddəsliyinin itməsindən. Sən öz düşüncəmdə belə uzaq olmusan. İndi olduğun kimi.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button