DYP-Beynəlxalq Bank, yoxsa «Kapitalbank»?

Bunların hansı qanunları pozaraq vətəndaşlardan «haqq» yığır?

Azərbaycanda yol polisindən şikayətçi olmayan sürücülər, ya təcili yardım maşınlarını idarə edənlər, ya da xidməti dövlət avtomobillərini idarə edənlər olarlar. Sıravi azərbaycanlı sürücülərin böyük əksəriyyəti yollardakı hərəkət qaydalarını məhz yol polisi sistemindəki özbaşınalıqlarla bağlı olaraq «pozmaq məcburiyyətində» qalırlar. Yol polisindən şikayətçi olanlarla bağlı yüzlərlə yazılar yazmaq mümkündür. Lakin bu yazımızda bir məqama diqqət çəkmək istəyirik. Yol polisi sürücünü qaydaları pozduğuna görə cərimələyir. Cərimə tətbiq edildikdən sonra vətəndaşdan sürücülük vəsiqəsi alınır və ona talon verilir. Talonu alan sürücü onu cərimələyən yol polisi idarəsinə yollanır. Bir qədər prinsipial vətəndaş günlərlə növbədə dayanır. İsrar edərək cəriməni hansısa idarədəki mülki geyimli dəllala deyil, dövlətin büdcəsinə, yəni müvəkkil seçilmiş banka ödəmək istəyir. Uzun bürokratik əngəllərdən sonra sürücüyə cəriməni ödəmək üçün müvəkkil banka ödəniş vərəqəsi yazılır. Qeyd edək ki, Dövlət Yol Polisi İdarəsi əsasən Azərbaycan Beynəlxalq Bankı və «Kapitalbank»la əməkdaşlıq edir. Müvafiq rayon yol polisi idarələri də yaxınlıqdakı bu iki bankdan birinin fililalı ilə işləyir. Məsələn, Nərimanov rayon DYP-si Beynəlxalq Bankın bu rayon ərazisində yerləşən «Sənaye» Filalı ilə əməkdaşlıq edir. Cəriməni ödəmək üçün sürücülər bu filiala müraciət edirlər. Tutaq ki, cərimə qayda pozuntusuna görə 40 manatdır və sürücü də bu məbləği ödəyir. Bunun ardından dərhal xəzinədə oturan şəxzs daha 20 qəpik də tələb edir. Bu rəqəm hər filiala görə fərqlidir. Məsələn, «Kapitalbank»da «komissiya haqqı» olaraq 1 manat, ABB-nin Səbayel rayon filialında 0.80 manatdır. İlk baxışdan bu məbləğ 40 manatı ödəyən vətəndaş üçün o qədər də böyük görünməsə də, hər halda kobud qanun pountusu kimi göstərilir. «Banklar haqqında» qanunun müvafiq maddələrinə görə, müvəkkil seçilmiş banklar xidmət haqqını və ya xidmət haqqına görə faizləri müştərilərdən deyil, sifarişçidən alırlar. Buna görə də, DYP-nin hesabına ödənilən məbləğə görə, məhz elə DYP də müvəkkil banka müvafiq faiz ödəyir. Bu faiz göstəriciləri isə hər bir bankın filial rəhbərinin arzusuna və istəyinə görə deyil, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi kredit faizləri üzrə uçot göstəricilərinə uyğun olaraq tənzimlənir. Yəni ödənilən məbləğə uyğun olaraq faizləri 0.3 faizdən çox olmamalıdır. DYP-nin hesabına pul ödəyən vətəndaşlardan isə ödədikləri məbləğdən asılı olmayaraq, konkret hər bir dəfəyə görə komissiya haqqı kimi pul tutulur. Ekspertlərin rəyincə, bu, birbaşa vətəndaşlardan tutulan «haqq»dır və burada konkret olaraq qanun pozuntusu halı baş verir. Bəs görəsən bu pozuntu faktını kim aradan qaldırmalıdır? Sifarişçi DYP, müvəkkil seçilmiş bank, yoxsa vətəndaş?

Qeyd edək ki, DYP sistemində ödəmələrlə bağlı olaraq pozuntu halları kifayət qədər çoxdur. Məsələn, avtomobilin park olunmasını qadağan edən yerdə saxlanılmasına görə, DYP-nin «Siqnal» idarəsinin əməkdaşları avtomaşını evakuasiya edərək cərimə meydançasına aparırlar. Cəriməni ödəyən vətəndaşdan əlavə olaraq dayanacaq pulu tələb edilir. Bunu ödəmək istəməyəndə isə dayanacaqda işləyən mülki geyimli şəxslər avtomobili sahibinə vermirlər. Bu da olur özbaşınalıq…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button