'Əfv sərəncamında bir nəfər də olsun siyasi məhbusun adı yoxdur'

Mayın 25-də prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Sərəncam ümumilikdə 154 nəfərə şamil edilib.

Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Turan”a bildirib ki, əfv sərəncamlarının imzalanması həmişə müsbət bir addımdır: “Həbsdə olan adamlar azadlığa buraxılır, öz doğmalarına qovuşur”.

Eyni zamanda, o, əfv sərəncamında barələrində məhkəmə qərarı olan jurnalistlərin adlarının olmadığına görə təəssüf edir: “Həmçinin siyahımızda olanların heç biri əfvə düşmədi. Bu, çox təəssüfedicidir”.

N.Cəfəroğlu hesab edir ki, Əfv Komissiyasının tərkibində dəyişikliklər olunmalıdır: “Həmin siyahıları komissiya tərtib edir. Jurnalist qurumlarının rəhbərləri və redaktorları, hüquq müdafiəçiləri prezident İlham Əliyev ilə görüşüb ona jurnalistlər ilə bağlı vəziyyət barədə məlumat verməlidir”.

Bu fikrilərə, hələlik, Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvlərindən münasibət almaq mümkün olmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna deyib ki, əfv sərəncamı ilə bağlı ciddi gözləntiləri yox idi: “Gözləmirdim ki, yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan 300-ə yaxın şəxs bu sərəncamla azadlığa buraxılacaq. Amma müəyyən ümidlərim ondan ibarət idi ki, hakimiyyət son dövrlərdə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, siyasi güc mərkəzlərinin ard-arda etdiyi tənqidlərdən sonra müəyyən yumşalmaya gedər. Təəssüf ki, bu, baş vermədi”.

R.Səfərovun sözlərinə görə, ilk dəfədir ki, əfv sərəncamında bir nəfər də olsun siyasi məhbusun adı yoxdur: “Bu əfv sərəncamının ictimai-siyasi, hüquqi mənada Azərbaycan cəmiyyətinin ictimai maraqlarına xidmət etmədiyi qənaətindəyəm”.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button