Eheyyy, prezident!!!!???

əvəz zeynallı

Əvəz Zeynallı

Ramiz Mehdiyev bizi boğur!!!

Dunya Miyateviçdən prezidentə…

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana səfərə gəlməsi böyük rezonansa səbəb olub. Bir neçə günlük səfərdə ölkənin iriçinli səlahiyyət sahibləri ilə görüşən xanım təmsilçi Mətbuat Şurasının təşkilatçılığı ilə böyük bir konfrans da keçirib. O konfransa bizi dəvət etməmişdilər. Zatən bizi Mətbuat Şurası hara dəvət edir ki? Mən də getməmişdim – «çağrılmayan yerə getməzlər» prinsipi ilə. Həmin toplantıda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gur-gur guruldamış və yeri-göyü inlədərək Azərbaycanda azad sözün təntənəsindən bəhs etmişdi. Əli Həsənovun azad sözün təntənəsindən bəhs etdiyi və Dunya Miyatoviçin ona mətbuat dərsi keçdiyi sıralarda Ədliyyə Nazirliyinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları «Xural»da icraya gəlmişdilər. Yəni azad sözdən bəhs olunan anlarda mən icraçıların əhatəsində səhərdən-axşama kimi şəhərin o başına-bu başına şütüməkdəydim.

Cənab Ramiz Mehdiyev dünyanın bütün insani dəyərlərinə inad məndən 10 min manatı almaqda qərarlıdır. Elə bil xüsusi cinayətkara qarşı işləyiblər. Bütün ölkə banklarına sorğu göndəriblər. Heç birində adıma və qəzetimin adına hesab olmayıb. Yalnız «Dəmirbank»a 556 manat kredit borcumun olduğu məlum olub. BT-yə sorğu yollayıblar, məlum olub ki, adıma heç nə yoxdur. Bütün yayım firmalarına sorğular göndəriblər – məlum olub ki, «Qasid» firması ayda təxminən qəzetin satışından bizə 250 manat pul ödəyir. Və s. və i. Bununla da yetinməyiblər. Həşəmətli Ramiz Mehdiyevin «nə yeyir, nə içir?», «harada qalır?» hikkəsini də yoxlamaq qərarına gəliblər.

İcraçıların iştirakı ilə qeydiyyatda olduğum ünvana getdik. Ora mənim qayınatamın evidir və mənə aid heç bir şey yoxdur. Beləliklə, Dunya Miyatioviçlə iqtidarın Göbbelsi Əli Həsənovun azad mətbuat varmı-yoxmu dartışmalarının yaşandığı həmin gün mən Ramiz Mehdiyevin əmri ilə icraçıların muhasirəsində idim.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin mətbuat konfransında iştirak etdim. Bizi – həqiqi müstəqil mətbuatı dəvət etmədikləri üçün etirazımı bildirdim və onların mətbuat azadlığından danışdıqları gün «Xural»ın məhkəmə icraçılarının əhatəsində olduğunu bildirdim. Dunya xanım bizim problemlərimizlə yaxından tanış olduğunu və şəxsən prezident İlham Əliyevlə bu barədə danışdığını dedi. Onların konfranslarını keçirdikləri gün bizim polis əhatəsində olduğumuzu isə Dunya xanım heyrətlə qarşıladı və bu barədə məlumatları onlara çatdırmağımızı xahiş etdi. Xanım Miyatoviç bəyan etdi ki, bu məsələlərlə ciddi məşğul olacaq və bizi hər zaman diqqətində saxlayacaq. «Ramiz Mehdiyev və onun komandasının üzvü, Prezident yanında KİV-in İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli ödəyə bilməyəcəyimiz cərimə qoydurur üzərimizə və onu ödətdirmək üçün inzibati metodlardan istifadə edir. Diffamasiya haqqında qanunda bu kimi halların qarşısı alınacaqmı» sualıma da Xanım Miyatoviç cavab verdi: «Verilən cəzalar adekvat və ödəniləbilir olmalıdır.»

Prezidentdən Ramiz Mehdiyevə…

Xanım Dunya Miyoteviçlə görüşdən redaksiyaya gəlmək təxminən 2 saat yarım çəkdi. Xəbərin Ramiz Mehdiyevə çatması an məsələsidir. Zatən onlar Avropadan gələn hər qonağın addımlarını saniyəbəsaniyə izləyirlər. Onun nəticəsidir ki, redaksiyaya girər-girməz – sanki biriləri məni izləyirmiş kimi – icraçılar təşrif buyurdu. Son dərəcə mədəni, son dərəcə sadə və vəzifələrini icra etmək üçün gələn bu ədliyyə əməkdaşları redaksiyada nə varsa qeydiyyata aldılar – Şah İsmayıl Xətainin, Mübariz İbrahimovun, Ramil Səfərovun şəkillərindən dəftər-qələmə qədər… Siyahılaşdırdılar və sonra da siyahıya aldıqları mənim əmlakımı mənə tapşırıb çıxıb getdilər. Yəni məntiqlə hazırda mənim yazı yazdığım bilgisayar belə Ramiz Mehdiyev həzrətlərinindir.

Bunların nəzarəti olmadan biz necə yaşayırıq, özləri də təəccüb qalıb. Mənə Ramiz Mehdiyevin otağında o baş-bu başa var-gəl edərək «bəs bu adam nə yeyir, nə içir?» deyə bağırdığını dedilər. İşə bir bax, bütün Azərbaycanı özlərinin şəxsi malına çevirənlər, evlərinə vertolyotla enənlər bizim başımızı soxacağımız bir daxmamız olmasını istəmirlər. İllər bundan əvvəl bir mətbu qovğada bir baş redaktor haqqında «onun 4 mərtəbəli evi var» demişdi Ramiz Mehdiyev. Mən 3 bilirdim. Sonra həmkarımdan soruşdum, 4 dedi. Deməli, mənim dost kimi bildiyim bir insanın evinin nə boyda olmasını mən belə bilməzkən, Ramiz Mehdiyev bilirdi və onu şantaj edirdi.

İndi işə bir baxın, sən Allah! Biz bunlardan dövlət idarəetməsini gözləyir, insanlara ədalət dağıtmasını istəyirik, bunlar bizim nəzarətdənkənar yemək yeməyimizi, su içməyimizi belə istəmirlər. Ölkənin ən müxtəlif yerlərində Ramiz Mehdiyevin onlarla villası var ki, hər birinin dəyəri ən azı 1 milyon manatdan başlayır…

Parlamenti şəxsi deputatxanasına çevirən, oğlunun, kürəkəninin iş ortaqlarını mənim millətimə millət vəkili kimi sırıyan, milyardlarla manatın sağa-sola çırpışdırılmasında iştirak edən bu akademik mənim 5 köhnə bilgisayarıma göz dikib. Ölkə mətbuatını bədbəxt edib axtalamaqla, jurnalistlərə pul və ev paylayıb başlarını bişirməklə məşğul olmaqları kafi gəlmədi, mən bunlara boyun əymirəm deyə mənim 200 manatımın peşinə düşüblər. Sən bunun ağsaqqal yaşında, 75-də gördüyü işlərə bax. İnsan bu qədərmi kin, nifrət yüklü olar, Tanrım?! Adam məndən baş edə bilmədiyi Sirus Təbrizlinin, onu məsxərəyə qoyan Hafiz Hacıyevin qisasını alır. Nədi-nədi Sirus Təbrizli «Xural»ın redaksiyasına gəlib və bu mübarəkin haqqında bir neçə saat danışıb, Hafiz Hacıyev yumub ağzını, açıb gözünü müsahibə verib. Otağıma dinləmə qurğusu göndərənlərin də arxasında Ramiz Mehdiyev dayanır və mən bu haqda geniş yazılarla çıxış edəcəyəm…

Mən Dunya Miyoteviçə Ramiz Mehdiyev haqqında bir sual verirəm, 3 saat sonra redaksiyanın bütün əmlakı siyahıya alınır. Bununla rejim və onun Xaç Atası hesab edir və mesaj verir ki, o istədiyini edir və edə bilər bu ölkədə. Onun qarşısında dayanan heç kim yoxdur…

Ramiz Mehdiyevdən məhkəmə icraçılarına…

Məhkəmə icraçıları redaksiyaya gələndə otağa yenicə girmişdim. Apar-topar, vaxt vermədən siyahıyaalınma başlayanda mətbuata xəbər verdim. Səsimə səs verən bütün həmkarlarıma təşəkkür edirəm. Hələ az da olsa qalmışıq. Hələ az da olsa səsimizə səs verənlər var. Ölkənin bütün müstəqil mətbuat orqanları öz əməkdaşlarını göndərdi, bir çoxları şəxsən gəlib dəstək verdilər. KXCP-çilər sağ olsunlar, gəldilər, dəstək oldular. Televiziyalar Xəlil Rza Ulutürk demiş, çoxdan ölgün…

Mitinq edə bilərikmi?

Bazar ertəsi, saat 12.00-da RATİ-nin mətbuat zalında mətbuat konfransı keçirəcəyəm. Dostlarla ən müxtəlif aksiyalar barəsində fikir alış-verişində bulunmaq istəyirəm. Aciz və zavallı aksiyaları sevmirəm. Amma 1 günlük aclıq aksiyası keçirmək düşüncəsini müzakirə edə bilərik. Mitinq, piket keçirmək üçün müzakirələr edəcəyik. Bəlkə jurnalistlər olaraq mitinqlərə qərar verək? Hələ bilmirəm… Bildiyim odur ki, ölkənin ən qüdrətli adamı olan Ramiz Mehdiyev ölkənin bütün arsenalını üzərimə salıb. Hələ məni nələr gözlədiyini bilmirəm, amma buradan bütün dünyaya və Azərbaycana müraciət edib deyirəm:

Yanımdan ötən yelin, dırnağıma toxunan daşcığazın da məsuliyyəti Ramiz Mehdiyevin üzərindədir! Mənim, ailəmin, yaxınlarımın, kollektivimin, dostlarımın birinin başından bir tük əskik olsa Ramiz Mehdiyevdən və onun qan qoxuyan komandasından biləcəyəm. Bu, beləcə də bilinə. Sonra kimsə duyduq, duymadıq deməsin…

Bütün bunlarla birlikdə bəyan edirəm:

MƏN RAMİZ MEHDİYEVDƏN VƏ ONUN KOMANDASINDAN QORXMURAM!

MƏN HEÇ RAMİZ MEHDİYEVİN ARXASINDA DAYANAN BAŞAT GÜCLƏRDƏN DƏ QORXMURAM!

HAMI GÖRƏCƏK VƏ BİLƏCƏK!

Çıxışa yerində haşiyə:

Dunya Miyateviç iqtidaryönlü mətbuatın jurnalistlərindən birinin sualına maraqlı bir cavab verdi. Sualın cavabı əslində konfransda verilmişdi. Ona görə də Xanım Miyateviç jurnalistdən soruşdu ki, iki gün əvvəlki mətbuat konfransında iştirak edibmi? Jurnalistin təsdiqləyici cavabından sonra Xanım Miyateviç dedi ki, siz hamınız çıxışından sonra konfransı tərk edən Əli Həsənovun arxasınca çıxıb ondan müsahibə almaq üçün getdiniz və mən sizin indi mənə verdiyiniz suallara o zaman cavab verdim. Xanım fikrini bu sözlərlə bitirdi: «Ümid edirəm ki, mənim növbəti gəlişlərimdə siz nə mənim, nə də Əli Həsənovun arxasınca bayıra çıxıb müsahibə ardınca qaçmayacaqsınız». Bunların yetişdirdiyi mətbuata bax. Çıxışlarından sonra hamısını cücələr kimi ardınca qaçışırlar. Bizim qələmimizi elə belə şeylərə görə qırmaq istəyirlər də… Biz bunların ardınca qaçmırıq axı…

Dunya Miyateviçin çıxışından bu qənaətə gəlmək mümkündür. Jurnalistlər onun dalınca qaçışmaqla Əli Həsənovu, Əli Həsənov da belə «əl quzusu» jurnalistikası yetişdirməklə Azərbaycanı beynəlxalq miqyaslı qonağın qarşısında biabır edib.

UYARI:

İndən sonra bütün toplantılarda iştirak edəcəyəm. Bu ölkədə ağlamayana pəpə vermirlər ona görə… Qoy Əli Həsənov mənim olduğum yerdə də mətbuat və söz azadlığından danışsın…

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button