Eheyyy, Səlim Müslümov!

Nurəddin Xoca

Ölümü arzulayan qladiatorlar – Qarabağ əlilləri!

Niyə bizi çörəklə, dərmanla imtahana çəkirsiniz?

Bu günlərdə bizim sosial müdafiəmizlə məşğul olan Səlim Müslümov cənabları bir sualı cavablandırdı. Sualla təbii olaraq  maraqlanacaqsınız. Amma bu sualı və cavabını sizə bildirməmiş bir-iki sözüm var. Bu gün Qarabağ əlilləri demək olar ki, ən hüquqsuz zümrədirlər. Təbii, kimlərsə etiraz edəcəklər. Deyəcəklər ki, axı onlar pensiya alırlar. Bəli, alırlar. Amma onu deyim ki, bu gün hamı pensiya alır. Hətta 15 il zindanda yatan da, ömür boyu heç yerdə işləməyən də pensiya alır.Yəni yaşın uyğun oldu, get doğru-yalan özünə pensiya düzəlt və al. Amma Qarabağ əlilləri yeganə insanlardırlar ki, yaşından asılı olmayaraq müharibədə aldıqları xəsarətə uyğun olaraq əlilliklərinə görə pensiya alırlar. Bundan başqa, bütün dünyada dövlət tərəfindən bu kimi insanların yaşamasına kömək etməyin iki növü var.

Bir, orta əmək haqqına bərabər olan pensiyadan əlavə, dövlət onun və ailəsinin bütün kommunal və sosial xərclərini qarşılayır.

İki, orta əmək haqqına bərabər pensiyadan başqa, onun və ailəsinin kommunal və sosial xərcləri hesablanır və pensiyasına əlavə edilir. Bu, bütün dünya dövlətlərinin praktikassında var.

Təkrar edirəm, bu, MÜHARİBƏ ƏLİLLƏRİ üçündür. Vətən və dövlət ona öz təşəkkürünü belə bildirir. Xalq isə onlara öz minnətdarlığını xsusi vəqflər və fondlar vasitəsi ilə bildirir. Axı onlar ümumi kateqoriyalara aid deyillər, bu dövlətin və xalqın yolunda əlil olublar. Onlar MÜHARİBƏ ƏLİLLƏRİDİRlər. Onlar işdə pul qazananda əlil olmayıblar, onlar anadan da əlil doğulmayıblar, onlar vətən, dövlət uğrunda savaşda əlil olublar. Onlar bəziləri kimi gizlənsəydilər, qaçsaydılar bəlkə heç əlil də olmazdılar. Onların hər biri bu millətin igid, mərd oğullarıdır. İndi haradansa pul qazanıb harın-harın dolanardılar. Ailələri xarici ölkələrdə dincələr, balaları xaricdə təhsil alardı. Villalarda yaşayıb lüks maşınlar sürərdilər. Amma onlar vuruşdular və əlil oldular. Onlar işləyə, qazana bilmirlər. Uğrunda vuruşub əlil olduqları dövlət isə onlara “dilənçi payı” verir. Özünüz deyin, aşağısı üç və ya dörd baş ailəni 130+70 manatla necə dolandırasan?! Bunun kommunal xərclərini verəsən və dərman alasan, qurtardı!.. Elələri var ki, bu pul onların heç dərman pullarını eləmir. Bəs ailə, uşaq, yemək, içmək, paltar və daha nə bilim, ailədə olan digər xərclər?!

Qanuna görə hər bir müəssisə işə müəyyən kvota ilə əlil götürməlidir. Amma siz gedib bir müəssisə qapısını döyün və deyin ki , Qarabağ əlilisiniz, sizi heç it yerinə də qoymayacaqlar. Azmı mətbuatdan eşitmisiniz, əlil insanların başına nə oyunlar açıblar? Döyüblər, söyüblər, lağa qoyublar!!! Mən də Qarabağ əliliyəm. Mən də bütün bu yazdıqlarımın şahidi olmuşam. Ən yaxşı halda deyirlər, “Get, səni kim davaya göndərib, o da iş versin”.

İnsi isə keçək Səlim Müslümovun sual-cavabına. Ona sual verirlər ki, “Bəs bu pensiya islahatları və artımlar Qarabağ əlillərinə şamil ediləcəkmı?”

O isə “Yox, onlar da ümumi qaydada pensiya alacaqlar” cavabını verir. Yəni hamı necə, onlar da elə. Bax belə dahiyanə cavab…

Bəs onda bu insanlar əlil olanda hamı harada idi, cənab Müslümov?! Mən bu sualı millət vəkillərinə və möhtərəm Prezidentimizə də vermək istəyirəm. Bəli, biz vuruşub oləndə, əlil olanda niyə hamı yox idi?!  İndi isə bizi hamı ilə eyni tutursunuz?! Nəyin intiqamını bizdən alırsınız?! Niyə bizi çörəklə, dərmanla imtahana çəkirsiniz? Bu qədər əlilin bir bərpa mərkəzi var. Adından göründüyü kimi ora bərpa mərkəzidir. Bəs bu əlillər harada cərrahi əməliyyat olunsunlar, harada xəstəliklərini müalicə etsinlər? Hansı pullarla bu günkü reallığımız olan rüşvətləri versinlər?! Bəli, “əlillərə qayğı” adı altında onlara maşın verirlər. Bunu elə təmtəraqla edirlər ki, guya onların öz halal mallarını özlərinə vermirlər və ya öz ciblərindən nəsə verirlər. Bütün günü TV-lər bunu göstərəcək. Bəs sonra? Bu əlil maşınının benzinini, yağını, təmirini necə etsin?

Biz özümüzü Qarabağda ölmədiyimizə görə lənətləyirik!..

İ.S. Görəsən, bu dövlətdə aşağıdan-yuxarı bu səlahiyyət yiyələrinə Qarabağ əlilləri nə pislik ediblər ki, onlardan belə intiqam alırlar? Axı əgər onlar ölməlidirlərsə, birdəfəlik öldürün, qurtarsın getsin. Niyə onlara bu qədər əzab-əziyyət verirsiniz, ataları uşaqların yanında, ərləri arvadlarının yanında başıaşağı edirsiniz?! Bəlkə onlar sizin yatmış vicdanlarınızı oyadır və bu sizə gecələr rahatlıq vermir? Onda yenə deyirəm, onları oldürün! Sizin zindanlarınız və onları məhv etmək üçün cəza aparatınız var. Onlar onsuz da bu lənətəgəlmış, xəbis, yaramaz, vicdansız, bivec dünyadan və bu dünyanın haqsızdıqlarından beziblər.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button