Ehtiyatda olan zabit Qubadov Zaur: “Prezidenti köməyə çağırıram!”

daxili qoşunlarDaxili Qoşunlar 21 illik zabitini 3 azyaşlı uşağı ilə küçəyə atır…

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Rəşad Sarıyev: “Zabitlər yataqxananı tərk etdikdə qeydiyyatda olduqları rayonun icra hakimiyyəti onları evlə təmin etməli, bu olmadıqda torpaq verməli, əgər vətəndaş ev tikirsə, ona yardım etməlidir”

Daxili Qoşunların Mənzil İstismar İdarəsinin rəisi, Vidadi Məmiyev “Prezident İlham Əliyevin sərəncam Silahlı Qüvvələrə aiddir, biz isə silahlı qüvvə yox, Silahlı Birləşməyik”

xural.com-a ehtiyatda olan zabit Qubadov Zaur Cavanşir oğlunun şikayət ərizəsi daxil olub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Daxili İşlər nazirinə, Daxili Qoşunların Baş İdarəsinə ünvanlanan ərizədə deyilir:

“Mən Qubadov Zaur 6 sentyabr 1975-ci il təvəllüdəm. 23 oktyabr 1993-cü il tarixində həqiqi hərbi xidmətə çağırılmışam və ehtiyata buraxıldığım dövrə kimi olan 21 il ərzində əsgərlikdən zabitliyə kimi xidmət etmişəm. Xidmət müddəti ərzində dəfələrlə böyük rəis heyəti və komandanlıq tərəfindən mükafatlandırılmışam. Azərbaycan Respublikası prezidenti adından Daxili İşlər nazirinin əmri ilə 01 sentyabr 2014-cü ildə 20 ildən artıq qüsursuz xidmət etdiyimə görə, 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşam.

Xidmət göstərdiyim müddət ərzində Daxili Qoşunların Nərimanov rayonunun ərazisində yerləşən 3 nömrəli zabit yataqxanasının 95 nömrəli mənzilində ailə üzvlərimlə birlikdə yaşamışam və hal-hazırda da ailə üzvlərimlə birlikdə orada yaşayıram. 10 ildən artıqdır ki, Daxili Qoşunlarda mənzil növbəsinin qeydiyyatında durmuşam.

Ehtiyata buraxılmağımla əlaqədar mənə ailə üzvlərimlə birlikdə yaşadığım mənzil 01 fevral 2015-ci il tarixə kimi təhvil verməyim barəsində bildiriş göndərilmişdir. Bildirişə əsasən, Daxili Qoşunlar Komandanına 24.11.2014-cü il tarixində yazılı müraciət edərək bildirmişdim ki, hazırda mənim ailə üzvlərimlə yaşamağa başqa mənzilim və özümə ev tikməyim üçün torpaq sahəm yoxdur. Mənim mənzillə və yaxud torpaq sahəsi ilə təmin olunacağım dövrə kimi mənə yaşadığım mənzili tərk etməyim barəsində göndərilmiş bildirişin icrasını təxirə salmağı xahiş etmişdim. Lakin Daxili Qoşunlar Komandanlığı başda komandan olmaqla, müraciətimə baxmadı. 08.01.2015-ci ildə təkrar Daxili Qoşunlar Komandanına müraciət etdim. 24.01.2015-ci ildə mənə cavab verildi ki, mənzil məcəllənin 101.2, 102.1 və 102.2-ci maddələrə, eyni zamanda Daxili İşlər nazirinin Q 3-001-12 nömrəli 7 fevral 2012-ci il tarixli qərarının 2.8-ci bəndinə görə, mən ailə üzvlərimlə birlikdə yaşadığım mənzili tərk etməliyəm, əks halda məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılacağam. Bütün bunlara baxmayaraq, mənim hərbi qulluqçu olduğuma və Daxili Qoşunlar da hərbi qurum olduğu üçün Azərbaycan Respublikasının hərbi qulluqçularının statusu haqqında qanuna istinad olunmur. Həmin qanunun 12.2 bəndini nəzərə almırlar.

DQ-simvolEyni zamanda bildirmək istəyirəm ki, Daxili Qoşunlar Komandanının müavini olan maddı-texniki təminat idarəsinin rəisinin müvafiq göstərişinə əsasən, 28.02.2015-ci ildən etibarən məni ailə üzvlərimlə birlikdə yaşadığım əraziyə buraxmamaq haqqında hərbi şəhərciyin komandirinə və komendantına yazılı göstəriş verilib. Bu da mənim Konstitusiya hüquqlarımın kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 17-ci maddəyə görə, ailə və uşaqlar cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. 24-cü maddəyə görə, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 25-ci maddəyə əsasən, hamı qanun qarşısında bərabərdir. 26-ci maddəyə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 27-ci maddəyə əsasən, hər kəsin yaşamaq hüququ vardır. 28-ci maddəyə əsasən, hər kəsin azadlıq hüququ vardır. 31-ci maddəyə əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 32-ci maddəyə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 43-cü maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 46-cı maddəyə əsasən, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yuxarıda göstərilən maddələri əsas tutmadan mənə və ailə üzvlərimə qarşı qanunsuz tədbirlərə əl atılır.

Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq 18 yaşdan hərbi xidmətə çağırılıb 40 yaşadək Silahlı Qüvvələrdə xidmət etmişəm və xidmətimlə fəxr etmişəm. Lakin ehtiyata buraxıldıqdan sonra 21 ildən artıq xidmət etmiş bir zabitə və onun ailə üzvlərinə bu cür münasibət gözləmirdim. Hal-hazırda mənim ailə üzvlərimlə birlikdə yaşamağa yerim yoxdur. Mənim 5 baş ailə üzvüm açıq-aşkar çölə atılmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Müraciətimin səbəbi də budur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi qərara əsasən, 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillə təmin olunurlar. Mənim də mənzillə təmin olunacağıma böyük ümidlərim var.”

Qubadov Zaurun ərizəsi ilə əlaqədar olaraq, DİN mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. DİN-in mətbuat xidmətindən telefonlarımızı götürmədilər və biz Daxili Qoşunların mətbuat xidməti ilə əlaqə yaratmalı olduq. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Rəşad Sarıyev suallarımıza dolğun cavab verdi və problemlə tanış olduğunu bildirdi: “Qubadov Zaur bu ilin fevral ayından yataqxananı tərk etməlidir, ancaq bu günə qədər bunu etməyib.”

“Axı, 21 il xidmət edən bir zabiti küçəyə atmaq olmaz? Ona qanunun nəzərdə tutduğu kimi ev verilməli, heç olmasa torpaq sahəsi ayrılmalı deyilmi?” sualımıza Rəşad Sarıyev binları bildirdi: “Bəli, zabitlər yataqxananı tərk etdikdə qeydiyyatda olduqları rayonun icra hakimiyyəti onları evlə təmin etməli, bu olmadıqda torpaq verməli, əgər vətəndaş ev tikirsə, ona yardım etməlidir. Biz bu barədə də əlaqədar qurumlara məktubla müraciət etmişik.” R.Sarıyev daha müfəssəl məlumat almaq üçün Daxili Qoşunların Mənzil İstismar İdarəsinin rəisi, polkovnik-leytenant Vidadi Məmiyevlə əlaqə saxlamağımızı məsləhət gördü və biz Vidadi Məmiyevlə əlaqə saxladıq. V.Məmiyev bunları dedi: “Qubadov Zaur yataqxananı fevral ayından tərk etməli olsa da, hələ çıxmayıb. Biz Səbail rayon icra hakimiyyətinə bununla bağlı müraciət etmişik, amma vətəndaşın yerinə gedib ev ala, ya da tikə bilmərik ki. Bundan əvvəl də Zaur Qubadovun yaşadığı ünvan olub. O, Səbail rayon ərazisində, ana-anası ilə birlikdə qalırdı. Bu bir ildə yeni problem olmadı ki, gedib orada da qala bilər. Ancaq Zaur orada şərait olmadığını bildirərək, orada qalmaqdan imtina edir.” “Bəs prezident İlham Əliyevin tapşırığı ilə 20 il xidmət edən zabitlərin evlə təmin olunmaları haqqında sərəncam var axı. Bu sərəncam niyə icra olunmur” sualımıza, V.Məmiyev belə cavab verdi: “Bəli, prezident İlham Əliyevin belə bir sərəncamı var, ancaq həmin sərəncam Silahlı Qüvvələrə aiddir. Biz isə silahlı qüvvə yox, Silahlı Birləşməyik. Ona görə də o sərəncamın bizə aidiyyəti yoxdur.”

“Bəs 5 baş ailəni, 21 ilin zabitini necə küçəyə tökmək olar, onlara heç olmasa müəyyən zaman vermək olmazmı” sualımıza V.Məmiyev “Olar. Zaur Qubadov cənab komandanın adına ərizə ilə müraciət etsə, biz ona 4-5 ay daha zaman tanıya bilərik. Amma Zaur Qubadov mütləq yataqxanadan çıxmalıdır. Ora hərbi şəhərcikdir və orada artıq hərbçi olmayan adamların qalması mümkün deyil.”

Sonda bir daha Zaur Qubadovla danışdıq və əgər müraciət edərsə, daha 4-5 ay yataqxanada qala biləcəyini, son durumun nə yerdə olduğunu soruşduq. Z.Qubadov bunları dedi: “Mən 1 il də istəsəm, onlar o müddəti mənə verməyə hazırdırlar, amma mənim elə bir müraciət etmək fikrim yoxdur. Onlar məni evlə təmin etməlidirlər. Mənə daha 6 ay zaman verməyin nə mənası var? Mən 42 ildir özümə ev edə bilməmişəm, bunların verdiyi 6 aya ev edəcəyəm? Daxili Qoşunların rəhbərliyi prezidenti aldadırlar və mənə təzyiq edirlər ki, 5 baş ailə ilə, 3 uşaqla evdən çıxım. Bəs mən hara gedim? Mən 21 ildir bi ölkəyə ona görə qulluq eləmişəm?! Prezidenti köməyə çağırıram. Mənə kömək edin!”

xural.com

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button