Ehtiyatlı olun, gələn aydan hamımızı güdəcəklər!

Bakıda quraşdırılmasına başlanan izləmə qurğularının hər bir fərdi ayrı-ayrı izləmək imkanı yaratdığı barədə xeyli vaxt idi ki, xəbərlər dolaşırdı. Avtomobil qəzası keçirən dostlarımızdan biri isə bu qurğunun qeydə aldığı faktı əyani şəkildə müşahidə etmişdi: qurğu 200 metr radiusunda hər bir adamın görünüşünü və səsini ayrı-ayrı «səs yollarına» («dorojka») qeyd edir və beləliklə, əhatə etdiyi ərazidə hansısa şəxsin pıçıltısını belə minlərlə adamın içindən fərqləndirmək fürsəti verir.

Ziya Məmmədovun dünənki açıqlamasından belə başa düşüldü ki, yol kənarlarında qazılan, kabelləri yerləşdirilən «əməliyyat» gələn ay başa çatacaq. Nəqliyyat naziri elə bu cür də bəyan etdi: «Bakının hansı küçəsində getsəniz, artıq bizim nəzarətimizdə olacaqsınız».

Bu sözlər təbii ki, nəqliyyat sisteminin təkmilləşdirilməsi adına geydirilir. Ancaq ritorika, eyham, məram və hədə də öz yerində.

«Beyin mərkəzi rolunu oynayacaq qurğu ABŞ-dan gətirilib və yalnız NATO-nun icazəsi ilə satılır. Yəni qurğudan başqa məqsədlə istifadə olunmayacağına təminat verilib». Bu sözləri də Ziya Məmmədoov izah kimi qeyd etdi. Guya NATO-ya «təminat verilməsi» qurğudan başqa məqsədlər üçün istifadə olunmayacağına şübhə yeri qoymur.

İnanaqmı?

Ona qalsa, Azərbaycan beynəlxalq konvensiyalara qoşulub və öz vətəndaşlarının insan haqlarını qorumağa təminat verib. Ölkədə insan haqlarını eşşək yerinə qoyan varmı?

Konstitusiyamızda açıq şəkildə «təminat vermişik» ki, hakimiyyətin mənbəyi xalqdır, azad seçkilərdir; dövlətin görəvi iqtisadi və siyasi müstəvidə hüquq bərabərliyini qorumaqdır; Hər seçki öncəsi beynəlxalq təşkilatlar qarşısında «təminat veririk» ki, bu dəfə demokratik seçkilərə doğru-tərəf-sarı daha bir addım atacağıq. Nəticə nə olur? Əməl edirikmi?

Bu ölkədə seçkilərin saxtalaşdırıldığını, bəzi insanların qanundan çox-çox ucada durduğunu, böyük əksəriyyətin haqlarının addımbaşı tapdandığını bilməyən yoxdur. Dövləti bir qrup mafioz ələ keçirib – iş adamlarını, investorları, azad sahibkarları sıradan çıxarmaq, əmlaklarını mənimsəmək, büdcəni talamaq, rüşvəti idarəetmənin əsas prinsipinə çevirməklə məşğuldur. Hansı «öhdəliyə» əməl edilib ki, NATO qarşısında izləmə qurğusu ilə bağlı verilən təminata da riayət olunsun?

Ziya Məmmədov «heç kimin hərəkəti, işi gizli qalmayacaq» deyəndə, «təminat»ı çürük bir qoz saydığına eyham vurur – şübhəsiz. Hansısa vətəndaşın gördüyü işin «nəqliyyatın intellektual idarə edilməsi»nə heç bir aidiyyatı ola bilməz. Belədə, «hər hansı nəqliyyat xətası», «cinayətkar əməl» və s. ekvivalent ifadələrdən istifadə etmək olardı.

Ziya Məmmədovsa ya bilərəkdən, ya da təhtəlşüuri olaraq həqiqəti dedi.

Ancaq gecikib! Zatən, illərdir azad söz daşıyıcıları, ictimai fəallar, xalqın siyasi-iqtisadi azadlığı uğrunda mübarizə aparanlar izləndiklərini çox gözəl bilirlər və belə «xəbərdarlıq» artıq heç nəyi dəyişmir. Əksinə, bu izləmə qurğularının xalqın özünə daha çox xeyri olacaq. Çünki «intellektual beyin mərkəzi» Bakının küçələrində hamının, hər kəsin bu hakimiyyətin siyasətindən nə qədər narazı olduğunu bircə-bircə qeydə alacaq və ziyaməmmədovların qənşərinə qoyacaq; Bu hakimiyyət nəhayət görəcək ki, xalq nə danışır, nələr danışır və necə danışır! Müşahidə və eşitmə imkanları olacaq ki, Azərbaycan vətəndaşları kimlərə qarğışlar yağdırır, başına uçurulan evlərə görə Allahdan kimlərin başına qaya salmağı rica edir, kimlərin zəlil günə qoyulmasını diləyir, talanan sərvətə görə necə için-için alışır…

Qoy, baxsınlar və görsünlər ki, «beyin mərkəzinə» yığıb yaddaşa köçürmək istədiklərini bu millət çoxdan, lap çoxdan qan yaddaşına yazıb, ürəyinə, beyninə köçürüb və Qiyamətə qədər unudan deyil.

Qoy, görsünlər, bilsinlər ki, belə davam edəcəksə, onlar üçün heç bir yaxşı aqibətin «təminatı» yoxdur – ya bu dünyada, ya da o birində!

Və ya, həm bu dünyada, həm də o birində!

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button