Ekoloq Ağdaşda ağacların budama adıyla məhv edildiyini deyir

Yayımlandı: 26 Dekabr 2022 13:59

Rayon sakinləri Eldar şamı ağaclarının kütləvi qurumasından narahatdır

“Ağdaş Bayraq Meydanının yanında ağaclar məhv edilib, yerində çayxana tikilir”.

Bu barədə Meydan TV-yə “Ecofront” təşkilatının rəhbəri Cavid Qara məlumat verib. Onun sözlərinə görə, ağaclar guya budanıb, amma budama bu vəziyyətdə aparılmır:

“Ağaclar sadəcə olaraq, məhv edilib. Bu görüntülər ağaca verilən dəyərdir, barbarlığın rahatçılığıdır. Bunu edən problem yaşamayacağına arxayındır. Çayxana təyinatlı obyekt bu ölçüdə ağacların yerində tikilib”.

Ekofəal qeyd edib ki, ağacların budanması ilə bağlı ekoloji rəy verilib. Ümumiyyətlə, son vaxtlar ağacların məhvi ilə bağlı şikayət və araşdırmalarda ekoloji rəy olduğu bəlli olur.

Ağdaş sakinləri isə Meydan TV-yə bildiriblər ki, təkcə Bayraq Meydanında deyil, Ağdaşda yol kənarlarındakı Eldar şamı ağacları da kütləvi məhv olur, günü-gündən quruyur:

“Əvvəllər Ağdaşın mərkəzində yaşıllıq ərazi, o cümlədən ağacların sayı çox idi. İndi isə yaşıllıq ərazilərdə obyektlər tikilir. Eldar şamı ağacları isə quruyur, baxan da yoxdur”.

Ağdaş Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, ağaclar ekoloji rəy əsasında, elə onlar tərəfindən də ya budanır, ya da köçürülür:

“Ekoloji rəy olmadan hətta həyətlərdə belə bir ağacın kəsilməsi yolverilməzdir. Həmin ərazidə də ağaclar obyekt üçün təhlükə yaratdığından ekoloqların iştirakı ilə budanıb”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button