Ekspert: “”Azərbaycanda su ehtiyatları tükənir” deyib kimi aldadırlar, ölkə başçısını?”

“Su ehtiyatlarının tükənməsi ilə bağlı deyilənlər cəfəngiyyatdır, onlara pul lazımdır”

Son illər baş verən iqlim dəyişiklikləri səbəbindən Azərbaycanda yerüstü su ehtiyatlarının kəskin azaldığı bildirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov danışıb.

Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən Azərbaycanın su ehtiyatlarında 15 faizə qədər azalma var”, – Əkbər Əsgərov deyib.

Azərbaycanın yerüstü su ehtiyatları 30 milyard kubmetrdir. Bunun 30 %-i ölkədə daxilində formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur.

Əkbər Əsgərov. Foto: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bildirilir ki, təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də Azərbaycanın su ehtiyatları həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeister qeyd edib ki, Azərbaycan qlobal miqyasda dekorbanizasiyanın təsirinə birbaşa məruz qala biləcək ölkələrdən biridir və növbəti illərdə həm su qıtlığı, həm də ekstremal isti hava kütləsi ilə üzləşəcək.

Yerli ekspertlər isə Azərbaycanın kifayət qədər yeraltı və yerüstü su ehtiyatlarının olduğunu deyirlər.

Onların fikrincə, su ehtiyatlarının azalması ilə əlaqədar söylənilənlər həqiqəti əks etdirmir, sadəcə, resurslardan düzgün istifadə olunmur.

“Cavandırlar, amma yenilikçi deyillər, dəyişən şəraitə uyğun düşünə, proqnoz verə bilmirlər”

Müstəqil ekspert Vahid Məhərrəmli Meydan TV-yə açıqlamasında Azərbaycanın su ehtiyatlarının tükənməsi ilə bağlı deyilənləri cəfəngiyyat adlandırıb:

“Azərbaycanda su resurslarının nə qədər olduğunu Kür və Araz çaylarına əsasən müəyyən edirlər. Amma bu, doğru deyil. Məsələn, əvvəllər qar yağırdı, dağlarda əriyirdi. Əriyən sular Kür və Araz çaylarına axardı. Artıq qlobal istiləşmə nəticəsində qar yağmır. Əvəzində isə intensiv yağışlar yağır. İnkişaf etmiş ölkələrdə yağış suları xüsusi anbarlarda, su hövzələrində yığılır. İsrail və Türkiyədə bu təcrübədən istifadə olunur. Gürcüstan da daha çox yağış suyundan istifadə etməyə başlayıb. Azərbaycanda dağətəyi rayonlarda süni göllər yaradılmalıdır. Yağış suları həmin göllərdə toplanmalı və boru vasitəsilə təsərrüfatlara ötürülməlidir. Bu işlər böyük xərc tələb etmir”.

Araz çayı. Foto: “science.gov.az”

Ekspert hesab edir ki, aidiyyəti qurumlar və nümayəndələri bu məsələdə maraqlı deyillər:

Bu işə cavabdeh şəxslər kabinetlərdə oturublar, sadəcə, faktların konstatasiya ilə məşğuldurlar; su azalıb, bundan sonra da azalacaq və s. kimi cəfəng fikirlər səsləndirirlər. Cavandırlar, amma yenilikçi deyillər. Dəyişən şəraitə uyğun düşünə, proqnoz verə, düzgün hərəkət edə bilmirlər. Ona görə də biz geridə qalmışıq. Əllərində bəhanə var; ölkə başçısına desinlər ki, suyumuz azalıb, vəziyyət pisdir, nazirliklərə və yaxud da agentliklərə bir az maliyyə resursu ayırmaq lazımdır. Guya bunlar su ehtiyatlarının azalmasının qarşını almaq istiqamətində mübarizə aparırlar, nəsə iş görürlər. Bunlar hamısı boş söhbətlərdir. Su ümumiyyətlə, yoxa çıxmır. Təbiətdə su buxarlanır, sonra yağış, qar və yaxud da dolu kimi təkrar yerə düşür”.

Vahid Məhərrəmli həmçinin deyir ki, Azərbaycanda su ehtiyatları həddindən artıq itkiyə verilir:

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

Azərbaycan postsovet məkanında ən çox su itkisinə yol verən ölkədir. Bu rəqəm hətta 35 faizə qədər artır. Təsəvvür edin, mənbədən 12 milyard kub metr su nəql zamanı 4 milyardı itir. Əhaliyə içməli və təsərrüfat üçün verilən suyun da 50 faizi itkiyə gedir. Sonra da deyirlər ki, su yoxdur. Nə qədər su olmalıdır ki, bunlar onu başlı-başına axıtsınlar. Hara baxırsınız, su var, başlı-başına boş yerə axıb gedir. Su tələbatımız ümumilikdə 5 milyard kub metr olduğu halda, mənbədən 12 milyard kub metr su götürürük. Bundan əlavə də bu gün bizim resursumuz 25 milyard kubmetrdən çoxdur. Yəni bunlar nağıl danışırlar. Kimin üçün danışırlar bu nağlı? Əhali onsuz da su görmür. Kranı açır ki, su yoxdur. Təsərrüfatını suvarmaq istəyir, su yoxdur. Bəs “Azərbaycanda su ehtiyatları tükənir” deyib kimi aldadırlar, ölkə başçısını?”.

Ekspert içməli suyun da keyfiyyətinin çox aşağı olduğunu diqqətə çatdırıb:

Uzun müddətdir deyirlər ki, içməli suyun keyfiyyəti yaxşılaşdırılır. Halbuki Bakıda bütün istehlakçılar əziyyət çəkirlər. Bu kranları nə qədər dəyişmək olar? Su çirkli olduğu üçün istilik sistemi də ildə ik-üç dəfə sıradan çıxır. Suyun təkibində ağır metallardır, qum, gil və nə yoxdur?! Neçə dəfə qiyməti artırıblar. Bəs niyə keyfiyyət yaxşılaşmayıb? Bunlar hamısı boş sözlərdir, onlara pul lazımdır. Xidmətin keyfiyyətini artırmadan həm əhalinin, həm də dövlət büdcəsinin hesabına pul əldə etmək istəyirlər. Bu məqsədlə də boş-boş proqnozlar verirlər: dünya dağılacaq, Azərbaycanda su olmayacaq, bunlar hamısı yalandır”.

“Yalan məlumat yayınca, yaxşı olar ki, həmin çaylardan bir neçəsini birləşdirib su anbarları yaratsınlar”

Ekoloq Telman Zeynalov Meydan TV-yə deyir ki, Azərbaycan su ehtiyatının tükənmə ehtimalı yoxdur:

Telman Zeynalov
Foto: arxiv

Azərbaycanda 8400 çay var. Ölkədə su ehtiyatlarının tükənməsi ilə bağlı yalan məlumat yayınca, yaxşı olar ki, həmin çaylardan bir neçəsini birləşdirib su anbarları yaratsınlar. Azərbaycan heç vaxt su qıtlığı ilə üzləşə bilməz. Belə yalan fikirlər səsləndirmək ayıbdır. Dediyim kimi, xırda çaylardan 4-5-ni birləşdirib, su anbarları yaratsalar, Azərbaycan suyu xaricə satar. Heç kim bu işlə məşğul olmaq niyyətində deyil”.

“Kənd yerlərində camaata təsərrüfatını suvarmaq üçün su vermirlər. Suyu maşınla, özü də od qiymətinə satırlar. Əgər su yoxdursa, maşınlar həmin suyu haradan tapır?”, – ekoloq deyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button