Ekspert: İrəvanla Ankara arasında münasibətlərdə qısa müddətdə sıçrayış gözləmək lazım deyil

Politoloq Aleksandr İskəndəryan qeyd edib ki, “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində üçüncü qüvvə var – Azərbaycan”.

Xüsusi nümayəndələrin cümə günü Moskvada baş tutan ilk danışıqlarının nəticələrindən sonra Ermənistanla Türkiyə arasında münasibətlərdə ciddi dönüş gözləməyə dəyməz, tərəflər daxili siyasi reallıqlarla məhdudlaşır. Bu fikirləri TASS müxbirinə müsahibəsində “Qafqaz İnstitutu” analitik mərkəzinin direktoru, politoloq Aleksandr İskəndəryan deyib:

“Ermənistanla Türkiyə arasında kifayət qədər mürəkkəb proses başlayıb və tərəflərin iradəsi olsa da, münasibətlərin normallaşması prosesini başqa cür görürlər. Hər iki halda, daxili siyasi reallıqlarla bağlı məhdudiyyətlər var. Müəyyən proses olacaq, amma bu münasibətlərdə ciddi sıçrayış gözləməyin”.

İskəndəryan əlavə edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində üçüncü qüvvə var – Azərbaycan. “Ankaranın mövqeyi əsasən Bakının mövqeyi ilə eynidir ki, bu da Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması imkanlarına müəyyən çətinliklər əlavə edir”.

Xatırladaq ki, Cümə günü Moskvada Ruben Rubinyan və Serdar Kılıç arasında münasibətlərin normallaşdırılması üzrə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü baş tutub. Danışıqlar başa çatdıqdan sonra Ermənistan Xarici İşlər Nazirliyi tərəflərin danışıqları ilkin şərt olmadan davam etdirməyə razılaşdıqlarını bəyan edərək, görüşü konstruktiv və müsbət olaraq xarakterizə edib.

Ümumi sərhədə baxmayaraq, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər tərəflər tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolların ləğv edildiyini elan edib. 2021-ci ildə Ermənistan və Türkiyə nizamlanma məsələləri üzrə xüsusi nümayəndələr təyin ediblər. Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı xüsusi nümayəndə, İrəvan isə parlamentin sədr müavini Ruben Rubinyanı təyin edib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button