Ekspert: “Jurnalistlərə ev vermək kimi ələbaxımlı siyasətin qarşısı tamamilə alınmalıdır”

Jurnalistlərə 2-ci binanın tikilməsi artıq yekunlaşıb. Mənzilin verilməsi üçün redaksiyalarda ev davaları başlayıb. Prosesdə iştirak edən, ev tələb edən təxminən 4.000 jurnalistin olduğu haqqında xəbərlər dolaşmaqdadır. Amma başından bu işin yanlış olduğunu, jurnalistə ev verməyin onu rüşvətlə susdurmaq demək olduğunu deyənlər və prosesə müqavimət göstərənlər də var. Belə şəxslərdən biri, tanınmış ekspert Ənvər Borüsoy “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının keçirdiyi sorğuya münasibət bildirib. “Media adına saxta məmurluqlar sisteminin gerçək üzü ifşa olunmalıdır ki, bu prosesin gerçəklikləri, eyni zamanda alternativ düşüncə sisteminin leqallaşması üçün imkanlar öz yerini bula bilsin” deyən ekspert bildirir: “Mən hakimiyyətdən heç bir zaman ev-mənzil, imtiyaz və digər istəklərdə heç bir zaman təşəbbüs göstərməmişəm. Halbuki Azərbaycan mediasında azından 35 illik təcrübəm var. Nə keçmiş Sovetlər Birliyi, nə Azərbaycan Xalq Cəbhəsi, nə də YAP iqtidarında kimsədən mənzil təmənasında olmadım.” Xural.com Ənvər Börüsoyun düşüncələrini və mediada böyük dəyişimin olması haqqında təkliflərini təqdim edir:

Jurnalistlərə ev vermək kimi ələbaxımlı siyasətin qarşısı tamamilə alınmalıdır. Bunun üçün:

1. Ölkədə reklam bazarı liberallaşmalıdır.
2. Media holding sisteminə keçilməlidir.
3. Bir-birinin bənzəri olan media quruluşları birləşməlidir.
4. Alternativ media təsisləri yaradılmalıdır.
5. Media anlayışı Ədliyyə Nazirliyində qeydiyyata alınma anlamından tamamilə uzaqlaşdırılmalıdır.
6. Sadəcə vergi sistemi tərəfindən nəzarətdə olan media anlayışının ən üst səviyyədə formalaşması prosesi olmalıdır.
7. Hakimiyyət tərəfindən açıq və ya dolayı yolla dəstəklənən media anlayışı tamamilə dayandırılmalıdır.
8. Hər hansı bir siyasi gücün ruporuna çevrilən media sistemi birdəfəlik ləğv edilməlidir.
9. Media düzəni sadəcə ölkə qanunları çərçivəsində fəaliyyətlə nizamlanmalıdır.
10. İstər virtual, istərsə də vizual media sisteminin hüquqlarını müdafiə edən tam bağımsız şəbəkələşmə sisteminin institutları yaradılmalıdır.
11. Oliqarxların dəstək verdiyi media şəbəkələri və çetesi tamamilə boykot edilməlidir.
12. Bütün bunlar baş verdiyi təqdirdə, “jurnalistlərə ev verilməsi” anlayışı da öz effektini itirəcəkdir.

P.S.

Bunun üçün Azərbaycan dünyanın çağdaş dövlətləşmə düzənində “ya xalq dövləti yaşatmalıdır” (demokratik-laiq düzən), ya da “dövlət xalqı yaşatmalıdır” (avtoritar və ya diktatura) sistemlərindən birini təmsil etdiyini etirafda bulunmalıdır

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button