Ələsgər Məmmədlinin biopsiya analizi açıqlanıb: ailəsi nəticələrə şübhəli yanaşır

Yayımlandı: 8 İyul 2024 18:26

Nəsimi Məmmədli: “Şişin xoşxassəli olması sevindirici olsa da, şübhə üçün ciddi əsaslar var”

İyunun 22-də mülki klinikada biopsiya olunan “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədlinin analiz nəticələrinin açıqlandığı bildirilir.

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli “Facebook” hesabında analizin nəticələrinin etibarlılığına şübhə ilə yanaşdıqlarını yazıb.

“Bu gün (8 iyul) Ələsgər bəy təcridxanadan zəng etmişdi. Səsi yenə də zəif və yorğun gəlirdi. Boğazındakı şiş onun yatmasına əngəl yaradır və yuxusuzluqdan əziyyət çəkir. İsti hava, qapalı şərait, boğulma halı və davamlı baş ağrısı onun səhhətində getdikcə ağır fəsadlar yaradır”, – Nəsimi Məmmədli bildirib.

O, qardaşının iyunun 22-də biopsiya üçün xəstəxanaya gətirilərkən pis rəftara məruz qalmasını xatırladıb:

“Faktiki olaraq məhkəmə qərarının icrasına təhlükəsizlik orqanlarının əməkdaşları imkan verməmişdi. Əməliyyat otağına daxil olan çoxsaylı polis, prokurorluq və digər hüquq mühafizə orqanlarının əməkdaşları Ələsgər bəyin istədiyi və məhkəmə qərarında adı çəkilən doktorların iştirakının qarşısını almışdılar. Hələ o zaman biopsiya nəticələrinin etibarlılığına şübhəsi yaranmışdı. Təhlükəsizlik orqanları doktorun xahişinə baxmayaraq onun sərbəst işləməsinə imkan verməmişdi”.

Nəsimi Məmmədli deyir ki, şişin xoşxassəli olması sevindirici xəbər olsa da, buna şübhə ilə yanaşmalarına ciddi əsaslar var:

“Ələsgər bəy həbsindən 1 saat öncə özəl klinikada ultrasəs müayinəsi olunmuşdu. O zaman qalxanvari vəzinin boyun hissəsində, sol payda 23 mm ölçüdə düyün (50-75% xərçəng ehtimalı) aşkar edilmişdi. Eləcə də qandan götürülən digər analizlərin cavabları da şişin təhlükəli xarakterli olması ehtimalından xəbər verirdi. Cərrah endokrinoloq biopsiya ilə yanaşı 10 tibbi komponent üzrə qan analizinin vacibliyini tövsiyə etmişdi. Təhlükəsizilik qüvvələri (məhz qüvvələri) buna da imkan verməmişdi. Buna görə də biopsiyanın cavabları Ələsgər bəyi və ailə üzvlərini qane etməyib”.

Nəsimi Məmmədli deyir ki, biopsiyanın nəticəsi xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün yetərli deyil.

“Ələsgər bəy boğulmadan əziyyət çəkir. Boğazdakı düyünün ölçüsü böyükdür. Biopsiyanın nəticəsini etibarlı hesab etmir. Təhlükəsislik qüvvələrinin kobud nəzarəti və pis rəftarı ilə təkrar qarşılaşmamaq üçün təcridxana şəraitində cərrahi əməliyyatı həyatına təhlükə sayır. Bu şəraitdə ağrı-acı içərisində təcridxanada qalmağı təhlükəsizlik qüvvələrin ləyaqəti alçaldan pis rəftarına məruz qalaraq müayinəyə aparılmaqdan daha üstün tutur. Ölkənin ən işıqlı aydınlarından biri tamamilə təqsirsiz, sübutsuz, dəlilsiz, qanunsuz və xəstə halı ilə həbsdə saxlanır. Ölkə içərisində bu haqsızlığı dayandıracaq heç bir güc, təəssüf ki, yoxdur”.

Qardaşı həmçinin qeyd edib ki, Ələsgər Məmmədli bu məsələ ilə bağlı iyulun 5-də BMT İnsan Hüquqları Komitəsinə şikayət göndərib.

2024-cü ilin martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Media orqanı ilə bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

2024-cü il iyulun 4-də “Toplum TV işi” üzrə Ələsgər Məmmədli, Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayevin həbs müddəti daha 3 ay uzadılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button