Ələsgər Məmmədlinin həbs müddəti daha 3 ay uzadıldı

Yayımlandı: 3 Oktyabr 2024 14:28

Hüquqşünas və vəkilinin etirazı qəbul olunmayıb

“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, media üzrə ekspert Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb. 7 aydır həbsdə olan Ələsgər Məmmədlinin istintaq dövründə həbsdə saxlanma müddəti yanvarın 6-na qədər uzadılıb.

Oktyabrın 3-də Xətai Rayon Məhkəməsində onun haqqında həbs qətimkan tədbirinin uzadılması üçün prokurorun təqdimatına baxılıb. Məhkəmədə müstəntiq təqdimatı müdafiə edib, təmin olunmasını istəyib.

Ələsgər Məmmədli və vəkilləri isə əksinə, təqdimatın əsassız olduğunu bildirib.

Ələsgər Məmmədli deyib ki, o, Bakı Dövlət Universitetinin müəllimi olub, yüzlərlə tələbəyə dərs deyib, indi onun kimi ziyalı bir şəxsi absurd ittihamla həbsdə saxlayırlar. O, ittihamın şər-böhtan olduğunu vurğulayıb. O, həbsini “Toplum TV”-nin fəaliyyətilə əlaqələndirib.

Vəkilləri də təqdimatın əsassız və qanunsuz olduğunu vurğulayıb, təmin olunmamasını istəyib.

Buna baxmayaraq, təqdimat təmin edilib və Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin müddəti yanvarın 6-na qədər uzadılıb.

Xətai Rayon Məhkəməsində oktyabrın 3-də həmçinin III Respublika Platformasının spikeri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Platformanın Qurucu Heyət üzvü Ruslan İzzətlinin də istintaq dövründə həbsdə saxlanma müddətinin uzadılması üçün verilmiş təqdimata baxılıb. Onlar haqqında da təqdimat təmin edilib və həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.

Akif Qurbanov məhkəmədə siyasi sifarişlə həbs olunduqlarını vurğulayıb.

Vəkillər bu qərarlardan apelyasiya şikayəti verəcək.

Martın 6-da “Toplum TV” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında Ələsgər Məmmədli, “Toplum TV”-nin video-redaktoru Müşfiq Cabbar, Akif Qurbanov, Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button