Ələsgər Məmmədlinin mülki xəstəxanada müayinədən keçəcəyi bildirilir

İyunun 15-də Xətai Rayon Məhkəməsinin “Toplum” internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin mülki xəstəxanada müayinə keçməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etdiyi deyilir.

Bu barədə vəkil Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, bu zərurət Ə.Məmmədlinin qalxanabənzər vəzisində şişin olması ilə əlaqədardır.

Ələsgər Məmmədlinin həbs olunduğu üçün biopsiya müayinəsindən keçə bilmədiyi bildirilir. Yaxınlarının açıqlamasına görə, şiş aşkar olunan günü, martın 8-də o həbs edilib.

Vəkilin sözlərinə görə, qanunda qeyd edilir ki, şəxsin saxlandığı müəssisədə şərait və lazımı avadanlıq yoxdursa, onun müayinəsi belə şərait olan istənilən xəstəxanasında aparıla bilər. Onun vurğulamasına görə, üstəlik, klinikanı şəxsin özü seçə bilər.

A.Layıcın sözlərinə görə, Ə.Məmmədlinin vəzyyəti qənaətbəxş deyil, o boğulmalardan və qan təzyiqindən şikayətlənir.

Müdafə tərəfinin bildirməsinə görə, məhkəmə bütün bunları nəzərə alaraq Ə.Məmmədlinin mülki xəstəxanasında müayinə keçməsi ilə bağlı vəsatəti təmin edib. İstintaq orqanının ( Daxili İşlər Nazirliyinin) vəsatin təmin edilməsinə etiraz etmədiyi bildirilir.

Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli də Azadlıq Radiosuna bildirib ki, bayram günlərindən (Qurtuluş və Qurban bayramı ilə bağlı iyunun 17-i, 18-i və 19-u Azərbaycanda qeyri iş günləridir) sonra qardaşı seçiminə uyğun müayinə üçün mülki klinikaya qısamüddətli köçürüləcək. Daha sonra o, istintaq təcridxanasına qaytarılmalıdır: “Növbəti addımlar müayinə nəticələrindən asılı olacaq”.

Hələlik, bütün bu deyilənləri məhkəmə və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Ələsgər Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Ötən ilin noyabr ayından bəri Azərbaycanda aralarında “ToplumTV”, habelə “Abzas Media” nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button