Elə azərbaycanlı yəhudilər də…

Azər Həsrət

azer@azerhasret.com

www.azerhasret.com

Türkiyənin Orta Doğuda baş verən gəlişmələrdə son dönəmlərdə daha da fəallaşması fonunda İsraillə gərginləşən  ünasibətlərin həm də Azərbaycana dəxli var. O baxımdan, ölkəmizlə yəhudi dövləti arasında bir neçə ay öncə yaşanan yumşaq diplomatik gərginliyi də xatırlamağa dəyər.

İsrail rəsmi təlimat yayaraq öz vətəndaşlarının Azərbaycana səfər etməməsini tövsiyə edirdi. İddia olunurdu ki, bizim ölkəmiz yəhudilər üçün təhlükəlidir. Özlüyündə absurd olan bu iddianı Azərbaycan hökumətindən daha çox ölkəmizin yəhudi icmasının necə qarşılayacağı mənim üçün maraqlı idi. Yəhudi dövlətinin ölkəmizi təhlükəli elan etməsinə yumşaq cavab verən hökumətlə indilik işimiz yox. Ancaq Azərbaycan yəhudilərinin tanınmış siması, Yeni Azərbaycan Partiyasının üzvü və deputat olan Yevda Abramovun açıqlamaları, düzü, bir Azərbaycan vətəndaşından çox, İsrail vətəndaşının mövqeyi kimi səslənirdi.

Yevda Abramov vətəndaşı olduğu dövlətin – Azərbaycanın maraqlarından çıxış etməsə də, heç olmasa obyektivlik nümayiş etdirərək İsrail hökumətini qınamalı idi. Çünki Azərbaycanda nəinki indi, tarixin heç bir dönəmində yəhudilərə qarşı hər hansı düşmənlik olmayıb və Milli Məclisimizdə təmsil olunan bir yəhudi deputat bunu ən uca səslə deməliydi. Ancaq demədi… Yevda Abramov onu da demədi ki, Heydər Əliyevin sağlığında Azərbaycana böyük bir heyətlə gələn ABŞ yəhudi icmasının rəhbəri bir zamanlar ölkəmizi “dünya yəhudilərinin yaşaması üçün ən yaxşı ölkə” adlandırmışdı. Adam hətta doğmaca dövlətləri olan İsraili deyil, demokratiyası və insan haqları standartları ilə ad çıxaran ABŞ və Avropa ölkələrini deyil, məhz Azərbaycanı belə dəyərləndirirdi. Ancaq Yevda Abramov məlum xəbərdarlığı şərh edərkən heç də bu mövqedən çıxış etmirdi.

İndi də İsrail gündəmdədir. Öncə Türkiyənin gündəminə oturan İsrail ardından da təbii olaraq Azərbaycanın gündəminə oturub. Bu dəfə onun gündəmə oturmasını Türkiyə təmin edib. Yaxın Doğuda baş verən olaylarda qardaş ölkənin baş rolu faktiki olaraq ifa etməsi İsraili əməlli-başlı çilədən çıxarıb ki, bu iki ölkə arasındakı münasibətlər qırılma nöqtəsinə qədər gəlib.

İsrail Türkiyə ilə gərginləşən münasibətlər fonunda Azərbaycandan bərk yapışmaq zorundadır. Çünki dünya çapında türk düşməni olmadığını sübut etmək üçün ona ən azından məhz bizim ölkəmizlə münasibətlərin qorunması lazımdır. Ancaq məlum “Mavi Mərmərə” olayında türk düşmənliyini açıq şəkildə göstərən və Azərbaycanı da yəhudilər üçün təhlükəli elan etməklə qabaqdangəlmişlik edən İsrailə bu dəfə ölkəmizin ciddi təpki verməsi lazımdır. Türkiyə Azərbaycandan bu təpkini gözləyir. Lakin təəssüflər olsun ki, ölkəmizin rəsmi hakimiyyət dairələri hələ ki, yumşaq və malalanmış açıqlamalar verməklə məsələni ötüşdürməyə çalışırlar. Eynən Yevda Abramov kimi. Elə bil bunlar da hansısa bağlarla İsrail dövlətinə bağlıdırlar.

Durum belə olunca Türkiyə dövlətinin, ölkəmizdəki səfirinin diliylə Azərbaycanı mövqeyini qəti şəkildə ifadə etməyə çağırması anlaşılandır. Ancaq görünən odur ki, Azərbaycan hökuməti ondan gözlənən hərəkəti sərgiləməkdə heç də maraqlı deyil. Və Türkiyə səfiri də məcbur olub ölkəsinin Ermənistanla sərhədləri açma girişimləri zamanı Azərbaycanın məsələni ictimailəşdirməsini xatırlatmalı olur. Demək ki, rəsmi və qapalı kanallarla Türkiyə bu məsələdə Azərbaycandan dəstək ala bilməyib… Azərbaycan dövləti və ictimaiyyəti indiki dönəmdə mütləq Türkiyənin yanında olmalıdır. Ona görə yox ki, bu ölkəylə bizi milli mənsubiyyət və soy-kök məsələləri bağlayır. Ona görə ki, Türkiyə türkiyəlilərin olduğu qədər azərbaycanlılarındır da! Bəli, bir millətin iki dövlətindən biri olan Türkiyə həm də bizimdir. Bu isə o deməkdir ki, Türkiyəyə atılan daşlar bizə də atılmışdır. Özümüzə atılan daşlara necə cavab verərdiksə, Türkiyəyə atılan daşlara da eyni dərəcədə və ondan daha artıq cavab
verməliyik. Yəni Azərbaycan Türkiyə-İsrail münasibətləri məsələsində birmənalı şəkildə birincinin yanında olmalıdır. Elə azərbaycanlı yəhudilər də öz dövlətlərinə sədaqətlərini sübut etmək üçün İsrailin deyil, Türkiyənin yanında olduqlarını açıq şəkildə ifadə etməlidirlər.

Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button