Əlçatmaz güzəştli kreditlər, yüksək faizlər və borc içində üzən kəndlilər…

İqtisadçı ekspert: “Kəndli güzəştli kredit imkanlarına çıxa bilmirsə, bu, bankın deyil, sistemin günahıdır”

Göyçayın Ləkçıplaq kənd sakini Natiq İsmayılov kənd təsərrüfatına biganə münasibətdən narazıdır.

Yeganə qazanc mənbəyi torpaq sahəsi olan kəndli güzəştli kredit almaq istəyir, amma bunun əlçatmaz olduğunu deyir.

Yazlıq əkinlə bağlı qayğılarını Meydan TV-yə bölüşən İsmayılov deyir ki, ötən il ziyana düşsə də, bankdan biznes krediti götürərək 9 min pomidor şitili əkib.

Onun sözlərinə görə, ümumilikdə əkininə 10 min manat xərc çıxıb ki, bunun da yalnız 3 minini kreditlə ödəyə bilib. Yayda yetişəcək məhsula ümidlidir ki, kredit və borclarını ödəsin.

“Güzəştli iri məbləğdə kreditə ehtiyacımız var…”

Deyir ki, dövlət hesabına güzəştli kreditlər kəndlilər üçün əlçatmazdır. Nisbətən əlçatan isə faizi yüksək, şərtləri ağır biznes kreditləridir:

“Güzəştli iri məbləğdə kreditə ehtiyacımız var, ancaq onlar bizim kimi əkinçilər üçün əlçatmazdır. Bu il yazlıq əkin  üçün 3 min manat 15 faizli  kredit götürə bildim. Bir il ərzində 518 manat faiz ödəməliyəm. Hələ bu, güzəştli olandır. Daha iri məbləğ üçün çoxlu zaminlər tələb edilir. Kəndli torpaqdan qazanır, yüksək maaşlı zamini haradan tapsın?”.

“7 faizli krediti bizə 20-25 faizdən verirlər”

Ləkçıplaq sakini deyir ki, istixanaların qurulması, əkilməsi, altı maşın odunun alınması, şitilin qiyməti və digər işlər üçün indiyədək 10 min manat xərc çəkib:

“Mayda yetişəcək məhsula hələ 7-8 min manat da xərcləməliyəm. Çünki pestisidi, gübrəsi, fəhləsi, ipi, sellofan örtüyü bahadır. Kreditimin yarısı öz adımadır, yarısı qohumlarımın və dostlarımın. Çünki yüksək maaşlı işin, çoxlu qızılın, zaminlərin yoxdursa, kredit verilmir. Aşağı faizli yüksək məbləğli kreditlərə elə şərtlər qoyurlar ki, 1 ay sürünürsən, alındıra bilmirsən. Normalda 7 faizli krediti götürüb, bizə 20-25 faizdən verirlər, qazanc da özlərinə qalır”.

“İllərdir ki, eyni vəziyyət dəyişmir. Deyirlər ki, torpaqdan VÖEN aç, vergi ödə, yüksək maaşlı zaminlər tap, qızıl gətir, əmlakını, əkinini də girov götürək. Bütün bu ağır şərtlərdən sonra dövlət xətti ilə  6-7 mindən artıq kredit düşmür. Onu da hələ öz adıma ala bilməmişəm. Pensiya alan anam və I qrup əlillik alan dostum zamin durub götürdük. Yayda məhsulu gərək 3-4 manatdan satasan ki, o krediti ödəyəsən, aşağı qiymət ziyandır. Neçə ildir ki, pomidorun yazlıq qiyməti 1-1.50 qəpik olur. Gəl, indi krediti ödə”, – belə deyir kənd sakini.

“Kredit vermədilər ki, əkini çoxaldım”

Kəndin digər sakini Nurlan Cəlalov deyir ki, kredit götürmək üçün kəndli 700-800 manat civarında maaş almalıdır. Bundan başqa, ona pensiya alan üç nəfər zamin durmalı, ya da hər min manata 32-33 qram qızıl, yüksək qiymətə gedən daşınmaz əmlak və s. girov qoymalıdır.

Onun sözlərinə görə, illərdir ki, rayondakı kredit təşkilatları və banklar özlərinə sərf edən faiz və şərtlərlə biznes kreditləri verirlər:

“Ötən il 8 min şitil əkdim, payızlıq əkin məhv oldu, hələ də ziyandayam. Yenidən 2 min şitil əkdim. Kredit vermədilər ki, əkini çoxaldım. 4 il öncə 2 min manat 20 faizlə kreditə götürdüm, hələ də ödəyirəm. O 2 min manat 3-4 qat məndən çıxdı. Kəndliyə dəstək hamıdan çox lazımdır. Dövlət güzəştli şərtlərlə 10 min manatı kəndliyə versin, biz də əkək, həm də dövlətə xeyir verək. Onu da gərək aşağı faizlə versinlər. Amma 20-25 faizlə verəndə qazanc da ancaq bankın olur, kəndliyə heç nə qalmır”.

“Olmaz ki, kəndliyə dəstək verilsin, təsərrüfatı, əkini artırsın, həm dolansın, həm dövlətə vergi ödəsin? Şəxsən mən neçə dəfə cəhd etdimsə, güzəştli kredit ala bilmədim. Atam götürüb, ailədə hər iki valideynim pensiyaçıdır. Üç pensiyaçı zaminlə, təsərrüfat girov qoyulmaqla 3 illiyə 7 min manat götürdülər. Aylıq 180 manat güzəşt faizi ödəyəcəklər, sonra 400 manatdan ödəməlidirlər. Üç ilin yekununda 3 min əlavə ödəniləcək. Bu isə 25 faiz edir. Faizi guya kampaniya şəkilində aşağı endirirlər, amma əslində əhalini aldadırlar. Kəndli məcburdur ki, kredit götürsün, çünki başqa əlacı da yoxdur”, – deyə Ləkçıplaq kənd sakini vəziyyəti belə izah edir.

“20 minə 12 min pul ödəniləcək”

Mırtı kənd sakini Elməddin İsayev də ailə üzvləri və yaxın qohumları ilə birgə ayrı-ayrı vaxtlarda 24 min manat məbləğində biznes krediti götürüb.

O, “Bank Respublika”nın Göyçay filialından krediti  22 faizdən götürüb. Deyir ki, öncədən xidməthaqqı da alıblar. Ona görə də sonunda 4 min manata əlavə 900 manat da ödəyəcək.

10 min şitil əkdiyini deyən kəndli evini, əkin sahəsini girov qoyub, 3 nəfər pensiyaçı isə ona zamin durub.

Dediyinə görə, ilk üç ay 75 manat, sonra isə 307 manat kredit ödəyəcək:

“Yekunda 20 minə 12 min manat pul ödəniləcək. Bu, artıq isismardır. Ancaq  çıxış yolu da yoxdur. Gəlir yox, iş yox, deyirlər kəndlisən get torpağını ək, dolan, vergi ödə. Ümidimiz yazlıq əkinədir. Yaxşı qiymətə gedən kimi satıb öncə bankın pulunu vermək istəyirik ki, boynumuzda yük kimi qalmasın. Pul olmasa, əkini də etmək olmur”.

3 milyarddan çox güzəştli kredit hara və necə xərclənib?

Azərbaycanda son 20 ildə sahibkarlara 3 milyarddan çox  güzəştli kreditin verildiyi deyilir.

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, ötən il sahibkarlara 193.8 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun  77 milyonu kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün fermerlərə ayrılıb.

2022-ci ildə isə bu məbləğ 2021-ci ilə nisbətən 39,4 % çox, yəni  28.3 milyon manat məbləğində olub. Ümumilikdə isə 2003-2022-ci illər ərzində ölkə sahibkarları  2,83 milyard manat güzəştli kredit imkanlarından yararlana bilib.

Güzəştli kreditlərin  62,2 faizi (1,76 milyard manat) regionların payına düşüb. Həmin kreditlərin yalnız 50,7 faizi kənd təsərüfatı məhsullarının istehsalına yönəlib.

Güzəştli kredit məbləğinin müvəkkil kredit təşkilatları üzrə bölgüsünə nəzər yetirəndə məlum olur ki, “Bank Respublika”, “Kapital Bank” ilk iki yeri tutur.

Son üç yerdə isə “Rabitəbank” , “Paşa Bank ” və “Xalq Bank” durur. Yəni illərdir ki, güzəştli kreditlər bu banklar vasitəsilə sahibkarlara “əlçatan” olur.

Sahibkarlığın İnkişafı Fondunun Partnyorları iş şöbəsinin müdiri İsmayıl Hüseynov jurnalistlərə deyib ki, güzəştli kredit mexanizmində aqrar sektorun payı 55%-dir.

Bankların  güzəştli kreditdən daha çox biznes kreditlərinin təklifinə gəldikdə isə şöbə müdiri məsələni belə şərh edib:

“Bizə fermerlərdən, sahibkarlardan gələn sual o istiqamətdə olur ki, banklar niyə dövlətin dəstəyi ilə, yəni aşağı faizli kredit yox, məhz biznes kreditləri təklif edirlər? Bu, əslində, banklardan kənd təsərrüfatına kifayət qədər dəstəyin olduğuna sübutdur”.

Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi saytında bildirilir ki, fermerlərə bir ildən beş ilədək müddətə faiz dərəcəsi yeddi faizdən olaraq min manatdan 200 min manatadək kənd təsərrüfatının inkişafı üçün güzəştli kredit ayrılır.

Bəs problem nədədir?

Kəndlilər deyirlər ki, kreditə müraciət edənlərdən tələb olunan sənədlər əlçatmazdır. Tələb olunan biznes plandan tutmuş  girov əmlakı və həyat sığortası müraciət edənləri ruhdan salır.

Beləliklə, Agentliyin “inkişaf” deyə təqdim etdiyi güzəştli kreditlərin kəndlinin qabarlı əlləri və zəhməti ilə yetişdirdiyi məhsula heç bir faydası yoxdur, əksinə, bu, elə qurumun və ayrı-ayrı vəzifəli şəxslərin maraqlarına xidmət edir.

“Ölkədə güzəştli kredit mənbələri  məhduddur”

İqtisadçı Rəşad Həsənov Meydan TV-yə deyir ki, kənd təsərrüfatında çalışanlar üçün güzəştli kredit imkanlarından yararlanmaq çətindir.

O, bunu illərdir aqrar sahədə  aparılan yalnış siyasətin doğurduğu nəticə kimi qiymətləndirir:

“Birincisi, faktiki ölkədə güzəştli kredit mənbələri məhduddur. Kənd təsərüfatına yönəlmiş aqrar kredit portfelində 115 milyon manat məbləğində  güzəştli kredit görəcəyik. Sahibkarlığa Yardım Fondu il ərzində 150-200 milyon güzəştli kredit təklif edir ki, bunun da təxminən aqrar sahəyə 80-100 milyonu ayrılır. Hətta son illər bu məbləğdə azalmalar müşahidə olunur. Başlıca səbəb fondların təklif etdiyi kredit məbləğləri, mənbələr məhduddur, yəni maliyyə çatışmazlığı, məbləğin məhdudluğu var. Bazarda 25 milyard manat  kredit varsa da, son illər  ən yaxşı halda bir milyardı güzəştli şərtlər çərçivəsində verilmiş kreditlərdir. İkinci səbəb kəndlilərə münasibətdə hesabatsızlıq var. Ölkədə adi təsərrüfatların fəaliyyəti ilə bağlı uçot getmir. Bu uçotsuzluq  kəndlilərin güzəştli kreditə müraciət imkanlarını məhdudlaşdırır. Bir digər problem də güzəştli kredit mexanizminin əksəriyyəti yükü, məsuliyyəti müvəkkil kredit təşkilatlarının üzərinə yəni bankların, bank olmayan kredit təşkilatların üzərinə qoyur. SİF vəsaiti verir, ancaq o vəsaiti bank vasitəsilə sahibkara, fermerə verir ki, vəsaitin geri qaytarılması ilə bağlı heç bir məsuliyyət daşımasın”.

Rəşad Həsənov. Foto: Şəxsi arxivindən

İqtisadçı deyir ki, qanunvericiliklə bu məsuliyyət banklar və bank olmayan kredit təşkilatlarının öhdəliyinə buraxılır:

“Əvəzində  kreditlərlə bağlı gecikmə olanda hətta onlara dəbbə pulu belə hesablayır. Nəticədə də banklar və kredit təşkilatları seçici yanaşmağa və təminatlı kreditləşməyə getməyə məcbur olur. Onlar kommersiya təşkilatıdır, təbii ki, sosial siyasət marağında olmayacaqlar, biznes maraqları üstələyəcək. Onlar  güzəştli kredit üçün likvid girovu olanları, yəni qısa müddətə nağlaşdırıla bilən girovlar tələb edir. Kəndlərdə daşınmaz əmlaklar isə likvid deyil. Ordakı əmlakları satmaq üçün aylarla, illərlə vaxt lazım olur, kredit təşkilatı da bunda maraqlı olmayacaq. Çox vaxt da onlar daha  likvid girovlar kimi regionda kredit götürənlərdən belə Abşeron yarımadasında, Bakı və Bakı ətrafından daşınmaz əmlak girovu tələb olunur. Əsas səbəbi də regionlarda daşınmaz əmlak likvidliyinin zəif olmasıdır. Güzəştli kredit mümkün qədər hesabatı olan, dəqiq biznes plan təqdim edə bilən, likvid girovu olan subyektlərə güzəştli kredit verir. Nəticədə heç bir uçot aparmayan, likvid girovu və sığortası olmayan kəndli, ailə fermer təsərrüfatı güzəştli kredit götürə bilmir”.

“Kəndlilər üçün ölkədə sosial sahibkarlıq əsaslı maliyyələşdirmə və mikromaliyyə institutları yaradılmalıdır”

Ekspert digər çatışmazlığı aqrar sahədə sığorta mexanizminin inkişaf etməməsi ilə əlaqələndirir:

“20-ci əsrin əvvələrində  aqrar sahənin inkişafı ilə bağlı siyasət aparan hökumətlərin ən prioritet məsələsi olsa da, Azərbaycana bu yarımçıq çatdı. Ölkədə aqrar sektorda müəyyən mənada təbii  risklərdən qismən  qorunma sığortası var, ancaq maliyyə institutu bilmir ki, hava, məhsuldarlıq necə olacaq, zərərvericilər necə təsir göstərəcək, ixraca bağlı nə problem yaranacaq. Ona görə də sahibkarın, fermerin məhsulu batacaq deyə güzəştli kredit vermək istəmir. Aqrar sahədə risklər, itkilər çoxdur deyə dünyanın çox ölkələrində maliyyə sektoru aqrar sahəni kreditləşdirmədə çox maraqlı deyil. Azərbaycanda isə vəziyyət lap gərgindir. Birmənalı kreditlər ancaq məhsula bağlıdır. Kredit ilin əvvəlində verilir, müəyyən faizlər alınır, müəyyən güzəşt dövrü tanımır və məhsul yığım dövründə vəsait geri qaytarılır. Dünyada inkişaf etmiş ölkələr bu problemi sığorta sistemi ilə həll edir, yalnız bizdəki kimi qismən təbii fəlakətlərdən deyil, hətta bazarda qiymətin dəyişməsindən, bazar təhlükəsindən, təsərrüfat sahiblərini gəlirlərin dəyişməsindən, ixrac risklərindən sığortalayır. Belə hərtərəfli sığortalı sistemdə maliyyə sistemi güzəştli krediti yatırmağa maraqlı olur”.

Onun sözlərinə görə, Azərbaycanda, təəssüf ki, maliyyə institutlarına təminat verilmədiyindən bank da pulunu yüksək faizə satmaqda maraqlı olur:

“Son illər Azərbaycan banklarında izafilik artıb. Yəni əlində pul vəsaiti, əmanət çoxdur, ancaq bazarda yerləşdirə bilmir. Sistem əhəmiyyətli iri banklar əmanəti hətta 1-2 faizdən götürürdü, çünki pul çoxdur, bazarda yerləşdirə bilmir. Niyə banklar bu qədər pulu 20-25%-dən deyil də 7-8 %-də güzəştli kredit resursu kimi verməsin? Əgər təsərrüfat sahibləri güzəştli kredit imkanlarına çıxa bilmirsə, bu bankın deyil, sistemin günahıdır. Bankı sahibkar, kəndli düşündürmür, ancaq sistem bunu düşünməlidir. Dünyada hətta aqrar sahə üçün banklara vəsaitlər yerləşdirilir, hətta Mərkəzi Bankın banklara kredit vermək, vəsait yerləşdirmək imkanı var. Azərbaycanda isə əksinədir, bu kimi sahələr inkişaf etməyib, aqrar sahə prioritetsiz sahə kimi kənarda qalıb. Burada nəzarət də artırılmalıdır, üstəlik, birgə pay torpaqlarının nöqsanlı bölüşdürülməsi, texnika, toxum kapitalının, gübrə və pestisidlərin, suyun əlçatanlığının təminatı kimi digər aqrar sahədə vacib rol oynayan problemlər həllini tapmalıdır. Bütün bunlar aqrar sahənin inkişafına və kəndlilərə qarşılıqlı təsir edir”.

“…600-700 min təsərrüfata uyğun güzəştli kreditlər tapılmalıdır”

Ekspert hesab edir ki, vəziyyətdən çıxış kimi əsaslı maliyyələşdirmə və mikromaliyyə institutularının təşəkkül tapmasına şərait yaradılmalıdır. Onun fikrincə, belə olan halda qızıl, əmlak girovu və yüksək maaşlı zaminlər tələb olunmayacaq:

“Kəndlilərə yalnız mikrokreditlərə çıxış imkanları olmalıdır. Bir ailə fermer təsərrüfatı digərinə zamin durmaqla  on minə yaxın kreditlərin verilməsi imkanları genişləndirilməlidir. Mərkəzi Bankın da fəaliyyətində bu institutların çoxalması prioritet olmalıdır. Ucqar kəndlərdə yaşayanların belə o kreditə əlçatanlığı olsun. Kəndlilər üçün ölkədə sosial sahibkarlıq əsaslı maliyyələşdirmə və mikromaliyyə institutları yaradılmalıdır. Mikromaliyyə institutu dövlətə çalışan, yaxud yüksək əməkhaqqı alan zamin tələbi qoymamalıdır, daha çox etibarlılıq əsaslı yanaşmaya hədəflənməlidir. Dünyada artıq bu uğurla tətbiq olunur. Ölkəmizin də hazırda icma əsaslı biznesdə icma üzvlərinin bir-birinə etibar etməsi  əsasında qurulmuş mikromaliyyələşməyə ehtiyacı var”.

“İndiki şəraitdə mövcud kommersiya bankları və dövlətin güzəştli kredit təşkilatları kəndliləri təmin edə də bilməz. Çünki vəsait azdır, sayı bir milyon 700 min nəfərin məşğulluğunu təmin edən 600-700 min təsərrüfata uyğun güzəştli kreditlər tapılmalıdır. Bu qədər çoxlu sayda təsərrüfata, subyektə münasibətdə riskləri minimizə etmədən mühiti dəyişə bilmərik. Aqrar sahədə gəlir imkanları o qədər məhduddur ki, bu sektoru buraxıblar. Əgər dövlətin məqsədi aqrar sahəni,  təsərrüfatları dirçəltməkdirsə qeyd etdiyim üsul əlverişlidir”, – deyə ekspert çıxış yolunu göstərir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button