ELÇİBƏYİN YURDU – KXCP

Əvəz Zeynallı

Kütləviləşən 30 İyun

«Mıxı mismar edən Tanrı» misali, mən bu il 30 İyunda Ramiz Mehdiyevin sayəsində geri addım atmağı düşünərkən, günü-gündən kütləviləşən bir olayla qarşı-qarşıya gəldim. Ard-arda 30 İyunun müxtəlif yerlərdə və məkanlarda keçiriləcəyi xəbərlərini aldım və ilk dəfə idi ki, mənim bunların bəzilərindən – əslində, heç birindən xəbərim belə yoxdu. Tam düşündüklərim və illər sonra baş verəcək 30 İyunun ilk qaranquşlarının şahidi oluram. Bir zamanlar tam ürəklə və səmimiyyətlə demişdim ki, vaxt gələcək 30 İyun bütün dünyada – təbii ki, həm də Azərbaycanda ən önəmli bayramlardan biri olacaq. Biz Faiq Ağayevlə ilk dəfə toqquşanda ondan pul qazanmaq istəyirsə 30 İyunda qazanmasını xahiş etmişdim. Bizim üzərimizə kükrəyən və redaksiyamızı xuliqanları ilə işğal etdirəcəyini bəyan edən Faiq Ağayev isə inad etmiş, xarakter nümayiş etdirmişdi. Amma həmin Faiq cəmi 2 il sonra, Tarkan 30 İyun – Sevgililər Günü münasibətilə Bakıya konsert verməyə gələndə, qaçaraq «Royal» şadlıq evində konsert verməyə qalxışmışdı. Həm də 30 İyun – Sevgililər Günü münasibətilə. Biletin qiyməti də az deyildi – 100 ABŞ dolları.

***

30 İyun bizə çox məşəqqətlər yaşadıb. Nüşabə Ələsgərli ilə bu günün uğrunda məhkəmə çəkişməsinə çıxmışıq. Nüşabə 2007-ci ildə Sevgililər Gününə həqarətli münasibət göstərdiyi üçün aldığı cavablardan sonra məhkəməyə qaçıb. Məhkəmə məni 100, «Xural»ı da 100 manat cərimələyib. İllər sonra ödənilməmiş bu 100 manatlara görə həmin ədalətsiz məhkəmə məni Ramiz Mehdiyevin də işə qarışması səbəbindən 3.000 manat cərimələdib. Beləcə, 30 İyuna görə birbaşa ölkənin ali rəhbərliyinə daxil olan və Milli maraqların əleyhinə fəaliyyət göstərən bir məmur öz vadınca məni 30 İyuna görə cəzalandırmaq istəyib. Bu il başıma açılan bu oyunlar da bununla bağlı idi. Ona görə də Ramiz Mehdiyevin «Xural»a göstərdiyi münasibəti nəzərə alaraq, mən bu il hər şeyi bir tərəfə qatladım. Amma… «sən saydığını say, gör fələk nə sayır» deyiblər…

***

Hər şey bir tərəfə. Gözlərimin qarşısında artıq bu gün millətimizin əziz bayramlarından birinə çevrilir. Bir qrup gənc bir araya gəlir. 30 İyunda böyük şölən təşkil edir. İndiyə qədər belə şölən təşkil edənlər çox olub. Sağ olsun, xalq artisti Aygün Kazımova ilk dəfə böyük konsert təşkil edib. Kamran Həsənli ilk televiziya verilişi hazırlayıb – özü də canlı yayımda. Lənkəran ilk dəfə 30 İyunu kütləvi şəkildə qeyd edib. Gəncə son iki ildə 30 İyunu şəhər icra hakimiyyətinin başçısı səviyyəsində keçirib. Bilmirəm, bu il yıxıcı Elmar Vəliyev nə edəcək, amma günün əhəmiyyəti çığ kimi böyüyür.

***

Önəmli tədbirlərdən birini bazar ertəsi «Divani-Hikmət» Mədəni Məclisində təşkil ediblər. Hörmətli həmkarımız Kamil Nehrəmli və dəyərli sənətkarımız Şəmistan Əlizamanlının təşkilatçılığında bu il Sevgililər Günü tam ziyalı sözüylə tarixin yaddaşına köçəcək. Hər zaman arzuladığım bir tədbir olacaq. Mən hər zaman Sevgililər Gününün ideoloji planda dartışılmasını və önəminin dönə-dönə vurğulanmasını istəmişəm. Biz günün əhəmiyyətini yorulmadan, dayanmadan gənclərə və dünyaya anlatmalıyıq.

Elə həmin tədbirdə Sevgililər Günü üçün hazırladığımız və artıq işıq üzü görən «İlham-Fərizəm lay-lay» diskinin də təqdimatını keçirəcəyik. Əməkdar artist Ağalar Bayramovun təqdimatında ən gözəl sevgi şeirlərinin və sevgi nəğmələrinin yer aldığı bu disk həqiqətən İlhamla Fərizəyə layiqdir və dinləyənlər də əminəm ki, bununla razılaşacaqlar.

Sonra 30 İyun Sevgililər Günündə, saat 11.00-da gəzintimiz olacaq. Axşam isə Sevgililər Günü münasibətilə «Kapriz» restoranında gənclərin tədbiri keçiriləcək. Və… maraqlı daha bir 30 İyun mərasimi var. Gəncədə məhz 30 İyunda toy edən cütlüklə 30 İyun axşamı canlı bağlantı yaradacaq və onları təbrik edəcəyəm. Bu, onların səmimi istəyidir – Sevgililər Günü münasibətilə. Mən bu maraqlı ənənə ilə bir neçə dəfə qarşılaşmışam. İstedadlı həmkarlarımız Şövqi Vaqifoğlu və Nicat Dağların bir zamanlar çox möhtəşəm bir layihələri vardı. Onlar yaxşı və gözəl toy proqramları tərtib edirdilər. Biri 30 İyuna dənk gəlmişdi. Məni dəvət etdilər. Bəylə gəlini təbrik etdim və yeni evlilərə «Tanrı Günü – 30 İyun Sevgililər Günü» kitabını hədiyyə etdim.

Ötən illərin birində Moskvada yaşayan bir soydaşımız toy mərasimini məhz 30 İyun tarixinə saldı. Moskvadan ta… Bakıya qədər gəldi və israrla qəzetə gəldi və toyda iştirak etməyimi xahiş etdi. O gün daha bir neçə elə toy vardı… Maraqlı və duyğuludur. Mənsub olduğumuz millət o qədər möhtəşəmdir ki…

Bunların hamısını, bu sevincli duyğuların bütününü Əziz İlhamla Əziz Fərizəyə ərməğan edirəm. Bu 9 ildə onlar öz işlərini özləri gördülər. Heç kimə də ehtiyacları olmadı. Hamıdan fədakar, hamıdan cəfakeşdirlər…

***

Qalır Azərbaycan mətbuatına. Önümüzdəki günlərdə gərək mövzunu elə işləsin ki, ölkənin ali rəhbərliyi də bir şeylərə qərar versin. 30 İyun artıq Azərbaycanın Milli bayramlarından biri olmalıdır…

Hamının 30 İyun Sevgililər Gününü təbrik edirəm!

Bütün Oxucularımızı 30 İyunda, saat 11.00-da Şəhidlər Xiyabanının qarşısındakı meydanda Sevgililər Gəzintisinə gözləyirəm!

Təhlükəli manıslar

Ölkədə təhlükəli axımlar meydana çıxıb. Eynulla Fətullayevin sözü olmasın, bir YAParteid rüzgarı əsir. Bir müddət əvvəl də bir neçə manıs YAP-a girmişdi. Nə idüyü bəlli olmayan Tolik, Qaçaq Nəbinin qohumu olduğunu söyləyərək özünü və Qaçaq Nəbini biabır edən Xatirə İslam, nə bilim daha kim. Bunlar onsuz da bütün kriteriyaları itiriblər. Bir partiyanın ki, icra katibi bir zamanlar Heydər Əliyevin haqqında ən sərt yazıların müəllifi olan Əli Əhmədov ola. Təsəvvür edin ki, parbiletləri də Əli Əhmədov şəxsən özü təqdim edir.

İndi də bir sürüsünü qatıblar YAP sıralarına. Belə şeymi olar? Bu, nə məntiq, bu, nə zehniyyətdir? Utanmaq yox, qızarmaq yox. Dünyanın hər bir demokratiyasında sənətçi partiyalardan uzaq, daha doğrusu, onun fövqündə durur, bizdə Əli Əhmədovun da qızışdırması ilə bu manıs bumu YAP-a girmək uğrunda qırğındadırlar. Sevda adlı birisi İlham Əliyevi sevdiyi üçün YAP-a girdiyini deyir, Gülyanaq YAP-dan nəyisə xahiş etsə, dərhal yerinə yetirəcəklərini söyləyir, Azər Axşamı lap biabırçı. Təsəvvür edin ki, hakim partiyanın gənclik simvolları Turan İbrahimov, Azər Axşam kimi tiplər olur…

Dünyanın heç bir yerində belə şey olmur. Əgər bir ölkədə yerindən duran manıs hakim partiyanın sıralarına keçirsə, partbileti də partiyanın de-fakto birinci siması verirsə, o zaman o ölkənin idarəetməsində ciddi bir problem var demək ki. Kimdir axı Sevda, Gülyanaq, Azər Axşam, Tolik, Xatirə İslam, hə?! Bunlarla nə YAP idarəsi, nə ölkə idarəsi?! Ölkə siyasətindən heç nə anlamayan, qəzet oxumayan, yalnız şou-bizneslərə baxan və «dövlət tədbirlərində» oxumaq üçün yaşayan manıs tayfasından nə gözlənə bilər ki? Bununlamı gedirlər gələcəyə? Məlik Gökçək demiş, tükürürüm mən belə idarəetməyə, gələcəyə də…

Passiv dayanmaqdan yana deyiləm. Bu yanlış ənənəni hökumət daha da həvəsləndirir. İctimaiyyət də belə manıslara təpki göstərməlidir. Onları toylara çağırmayın! Onları mətbuat da işıqlandırmasın! Qoy gedib İlham Əliyevi sevsinlər bunlar…

Bu manıs tayfasını başa salmaq lazımdır ki, özlərini siyasətə alət etməkləri, heç də gələcəklərinə yatırım qoymaq deyil. İnanın, 1-2 toyda bu müğənnicikləri hoydu-hoyduya götürdünsə, bitdi bunlar. YAP da onlar kimi. Bu boyda partiya gör nə günlərə düşdü…

Tolikə, Azər Axşama, Xatirə İslama ehtiyacları var…

 

Elçibəyin yurdu – KXCP

 

Klassik Xalq Cəbhəsi Partiyasının 2-ci qurultayında iştirak edən hər kəs ilk bir saatın tamamında bu fikrə gələ bilərdi – burası Elçibəyin yurdudur! Mən əslində həmişə elə düşünmüşəm. Mirmahmud Mirəlioğlunun hər zaman aurasında bir Elçibəyçilik yaşadığının şahidi olmuşam. Elə KXCP də Onun – Elçibəyin ruhunun adamlarının toplaşdığı məkandır. Qurultayda da bunu gördüm. Mübariz Əhmədoğlu peşiman oldu 1-2 guya ağıllı söz deməyinə – ha əlləşdi, ha vuruşdu keçirə bilmədi. Hələ bir çaşıb «ümummilli liderimiz Elçibəy» deyəndə bütün zal dimdik ayağa fırladı. Qulaqbatırıcı «Elçibəy» sədaları Bayıla qədər yayıldı. Bu insanlarla nələr etmək olmaz ki? Bu qədər basqı və iftira fontanının qarşısında hələ dayanan, dözən, vuruşan və mubarizə aparan insanlar var.

Xalq Cəbhəsi mövzusunda çox yazmışam zamanında. Bu qurumları «dostdoğrayan maşın» da adlandırmışam, «bitsin bu sevda» da hayqırmışam. İllər keçdi, mənim də maraq dairəmdən düşdü bu məsələlər. İndi mən qurultaya yalnız Mirmahmud Mirəlioğluna bəslədiyim sayğıya və hörmətə görə getmişdim. Biz nə qədər birləşmək təranələrindən yazsaq da, bunlar bildiyini edir. Məsələn, AXCP sədrinin müavini Nurəddin Məmmədli «gəlin birləşək» dedi. Əslində, ciddi və qaydaların hökm sürdüyü ölkədə yaşasaydıq, mən Nurəddin bəyin bu sözlərini manşet xəbər etməliydim. Amma bilirəm ki, Əli Kərimli heç bir halda birləşmə məsələsində özünün birinciliyi olmasa, razılaşmaz. Deməli, təklif səmimi deyil. Mirmahmud Mirəlioğluna gəlincə, onun birinci olduğu Cəbhə zənnimcə heç nə edə bilməz.

Əslində, bizim müxalifətin öndə gələnlərindən bir şey gözləmək də yanlışdır. Fərqinə varıram ki, daha çox indi bizim özümüzdən gözləyirlər. Daha kimisə tənqid etmək niyyətim də yoxdur. Zaman bizi – bizim nəslimizi yükün altına aparır. Bu siyasi nəsil – Mirmahmud Mirəlioğlunun da mənsub olduğu nəsil bizə ağır və qaldırılması çox çətin olan bir yük, ağır bir miras buraxır. Zülüm bizi gözləyir.

***

KXCP-nin qurultayında çox çıxışlar oldu. Biri daha oldu ki, o haqda yazmasam, Oxucunun bağrı çatlayar. Bir saxtakar var – Əjdər Tağızadə. Bir neçə ay bundan əvvəl bu mübarizciyin Azərbaycanın ünvanına danışdığı hərzə-hədyanları yazmışdım. Nə tələb etdiyim açıqlamanı verdi, nə də mənsub olduğu DAK rəhbərliyi bu mövzuda bir açıqlama yapdı. Gözləniləndi. Bunların əksəriyyəti üzdə bir, arxada başqa cürdür. Mən bunların əksəriyyətinin Vətən sevgisinin saxta olduğuna inanıram. Əjdər Tağızadə də onlardan biridir. Bəlağətli, səs-küylü bir çıxış yapdı. Yaxşı da nitqi var. Tanımayan hətta təsirinə düşə bilər. Amma yox, bu Əjdər Tağızadə ilə bir telefon danışığında onun bütün içalatını görə bilərsiniz. DAK-dan pul qazanmaq məqsədi daşıyan bir zehniyyətə sahibdir bu adam. Tez-tez sitat gətirdiyi «Azərbaycan məmurları» ilə yaxşı biznes əlaqələri var. O və ailəsi bizim yaşadığımız kimi yaşamır, bu dəqiqdir. Hələ KXCP-nin qurultayında nə işi vardı, nə yaxşı icazə vermişdilər, bilmirəm.

Bir xeyli salonun nəbzinə xitab edən Əjdər adlı saxta vətənpərvər sonunda bombayı lap partlatdı. Eynilə beləcə dedi: «Mən Bakıdakı evimdə Məhəmməd Əmin Rəsulzadənin, İsveçdəki evimdə isə Əbülfəz Elçibəyin şəklini divardan asmışam.»

Saxtakarlığın miqyası aydınca görünür. Niyə Bakıdakı evində Əbülfəz Elçibəyin şəklini asmırsan?! Hə?! Buradakı evində ona icazə vermirlər?! Kəmaləddini, osu, busu görər, hə?!

Səni saxtakar, səni…

Mirmahmud Ağaya borcum…

Bütün hallarda KXCP-çiləri və Mirmahmud Mirəlioğlunu təbrik edirəm. Əminəm ki, Mirmahmud Mirəlioğlunun sözünə və əxlaqına ehtiyacı var Azərbaycan siyasətinin. Bu ağır, sanballı, özünün qaydaları və prinsipləri olan Türk Kişisinin getdikcə ağırlığının artması üçün nə lazımdırsa etmək lazımdır. Siyasətdə inanılacaq insanların olması və onların ətrafında mənəvi tellərlə bağlanmanın böyük əhəmiyyəti var. Zaman gələr topların-tüfənglərin həll edə bilmədiyi işləri belə adamların bir kəlməsi həll edə bilər.

Mənim onsuz da Mirmahmud Mirəlioğluna bir portret borcum var…

Borclu isə borclunun sağlığını istər…

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button