“Elçibəy İnstitutu” 30 illiklə bağlı

Açıqlama yaydı...

30 il əvvəl 1991- ci ilin 18 oktyabrında Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq  və  “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında”  1991-ci il 30 avqust tarixli Bəyannamə rəhbər tutularaq Azərbaycan  xalqının dövlətçilik  tarixinin ən böyük, şərəfli  hadisələrindən biri olan Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu və bu Aktda  müasir müstəqil Azərbaycan Respublikasının   dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsasları təsis edildi.

Məhz 18 oktyabr 1991-ci il tarixli Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı əsas göstərilərək BMT və dünya dövlətlərinə   Azərbaycan Respublikasının beynəlxalq hüququn bərabər hüquqlu subyekti, beynəlxalq aləmin üzvü kimi tanınması barədə müraciət edildi. 7 noyabr 1991-ci ildə qardaş Türkiyə Respublikasının  Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanımasından  başlanan müstəqilliyin tanınma sürəci  bu Konstitusiya Aktına istnad edilərək həyata keçib hüquqi qüvvəyə minmiş, Azərbaycan Respublikası beynəlxalq birliyin tam hüquqlü üzvü, beynəlxalq hüququn subyekti kimi tanınmış, BMT-yə üzv qəbul edilmiş, dünya dövlətləri ilə diplomatik münasibətlər qurmuşdur.

Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana daxil olaraq, Azərbaycan Demokratik Respublikasının ərazisini zəbt etməsini, Rusiyanın müstəqil Azərbaycana  silahlı təcavüzü, işğalı və ilhaqı,  SSRİ dövründə Azərbaycana münasibətdə yeridilən siyasəti müstəmləkəçilik siyasəti  kimi dəyərləndirdi və müasir Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikası ilə  varislik əlaqəsini   təsbit etdi.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının 1920-ci il aprel işğalından sonra represiya, kütləvi cəza tədbirləri, terror və çoxsaylı qurbanlara baxmayaraq  fasiləsiz davam edən istiqlal mübarizəsinin yekunu olmuşdur. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından dərhal sonra ölkə daxilində başladılmış əvvəl açıq,  daha  sonra gizli yürüdülən istiqlal savaşı komunist rejimi tərəfindən yatırıldıqdan və kütləvi təqiblərlə məhv edildikdən sonra müstəqilliyin bərpası uğrunda mücadilə Məhəmməd Əmin Rəsulzadə öndərliyində, Azərbaycan Demokratik Respublikası  xadimlərinin rəhbərliyi ilə Azərbaycan mühacirəti tərəfindən,  Azərbaycan mühacir höküməti kimi fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzi, onun leqal təşkilatları olan, M. Ə. Rəsulzadə tərəfindən yaradılmış Ankara mərkəzli Azərbaycan Kültür Dərnəyi və s. ictimai və siyasi təsisatlar tərəfindən böyük fədakarlıqla  yürüdülərək davam etdirilmişdir. Mühacir Azərbaycan Höküməti -Azərbaycan Milli Mərkəzi tərəfindən koordnasiya olunan mühacirətdəki istiqlal mübarizəsi  1918-ci ildə qaldırılmış istiqlal bayrağını enməyə qoymayaraq,  müstəqil Azərbaycan dövləti ideyasının və amalının yaşamasında müstəsna rol oynadı.

XX  əsrin 60-cı illərin sonu  70-ci illərin əvvəllərində   kommunist Sovet imperiyasının ən qüdrətli dövründə   Əbülfəz  Elçibəyin Bakıda milli mübarizəyə başlaması ilə istiqlal hərəkatının mərkəzi yenidən SSRİ sərhədləri daxilindəki Azərbaycana keçdi. Ə. Elçibəy    SSRİ-də yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının mili dilinin, milli kadrlarının  siyasi və elmi- mədəni elitadan sıxışdırılması,  onların  karyeraları  üçün süni manelər yaradılması, milli tarixin təlim və tədris olunmaması, xalqların tarix şüurunun təhrif və təxrib edilməsi kimi vasitələrlə ruslaşdırma formasında  assimiliyasiyaya uğradılıb milli varlığının məhv edilməsini göstərərək bunlara  qarşı çıxıb siyasi mücadilə başlatdı. Totalitar kommunist  rejiminin sovet adamlarının fikir, düşüncə və zehniyyətlərinə, hiss və duyğularına hakim kəsildiyi bir mühitdə-dövrdə Elçibəyin təbliğ etdiyi “Şimali Azərbaycan SSRİ-nin, Cənubi Azərbaycan İranın tərkibindən ayrılb müstəqil bir dövlət halında birləşməlidir; Bu dövlət tərəfindən deyil, xalq tərəfindən həll edilmə yolu ilə mümkündür; Dil milləti müəyyənləşdirən amillərdən biridir. Əgər Azərbaycan dili sıxışdırılıb aradan çıxarılarsa və Azərbaycanlıların indiki ərazisi bütov deyilsə (yəni ərazi birliyi yoxdursa) deməli azərbaycanlılar bir millət kimi təşəkkül tapmayacaq, əksinə, öz əlamətlərini itirəndən sonra özü də yox olmağa başlayacaq; Türkdilli  xalqlar birləşib bir Turan dövləti yarada bilər. Onun da mərkəzi Azərbaycan olmalıdır” kimi  ideyalar Azərbaycanda tələbə gənclər və ziyalılar arasında geniş yayılıb  keçən əsrin 20-ci illərindən sonra ilk dəfə   Azərbaycan daxilində  milli hərəkatın təşkilatlanması istiqamətində təşəbbüslərə və real addımlara səbəb oldu.

Ə.Elçibəy SSRİ tipli totalitar cəmiyyətlərdə milli azadlıq, demokratiya, sosial ədalət uğrunda kütləvi hərəkatların bir biri ilə  qarşılıqlı əlaqə forması və taktikası haqqında nəzəriyyəni işləyib hazırlayaraq  istiqlal mübarizəsinin demokratk forma və vasitələrlə, leqal siyasi yolla kommunist totalitar rejiminin idarəçilik mexanizmlərindən də istifadə edərək  aparılmasının mümkünlüyünü və zəruriliyini, milli müstəqilik və demokratik azadlıqların üzvi vəhdətdə olmaqla biri birini şərtləndirib  qüvvətləndirdiyi ideyasını əsaslandıraraq bunu Azərbaycan xalq hərəkatı praktikasında dahiyanə şəkildə tətbiq etdi.  Elçibəyin Azərbaycanın daxilində başlatdığı milli mübarizənin gedişində dövlət müstəqilliyi naminə milli azadlıq hərəkatı demokratik məqsədlər uğrunda hərəkatla birləşdi və milli demokratik hərəkat xarakteri kəsb etdi.

Ə. Elçibəyin Azərbaycanın dövlət müstəqilliyi ideyasını mənimsəyib bu sahədə real mübarizə meydanına atılmış gənclər və ziyalılar 80-ci illərin ikinci yarısında SSRİ-nin totalitar kommunist rejiminə, sosial-siyasi istibdada, istismara  qarşı  çıxaraq, demokratik hüquq və azadlıqlar, sosial ədalət uğrunda mübarizədə fəal iştirak etmiş, habelə  erməni separatçılarının  Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərinə qarşı  milli müqavimətə qalxaraq, Azərbaycan Xalq hərəkatının formalaşıb genişlənməsində əsas rol oynayıb, bu hərəkatda  aparıcı mövqe tutdular. Tariximizə Mili Dirçəliş günü kimi daxil olmuş, milyonlarla insanın cəlb olunduğu 1988-ci il 17 noyabr hərəkatı müstəqilik ideyasının yayılmasında mərhələ xarakterli əhəmiyyətli rol oynadı.

1989-cu ilin 16 iyulunda Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında, “Azərbaycan Demokratik Respublikası haqqında” “Azərbaycanın dövlət suverenliyi haqqında”, “SSRİ-də yaşayan türk xalqlarının vəziyyəti haqqında” proqram statuslu qətnamələrin qəbul edilməsi ilə Elçibəyçi Azərbaycan Xalq Cəbhəsi formalaşdı. 1988-ci ilin əvvələrində SSRİ-də gedən proseslərin təsiri  nəticəsində kütləvi müstəqil ictimai-siyasi təşəbbüslərin təşkilatlandırılması forması kimi meydana gələn Azərbaycan Xalq Cəbhəsinin  Elçibəy ideyalarını qəbul edib milli demokratik  platformaya çevrilməsi,   bu hərəkat- təşkilatın  həqiqətən xəlqi, kütləvi və ümümmilli bir təşkilat və hərəkat kimi uğurlarını təmin etdi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə ümumxalq təşkilatı tərəfindən idarə olunan və yönləndirilən mərhələyə daxil oldu.

1989-cu ilin sentyabrında Azərbaycan Xalq Cəbhəsinin təşkil etdiyi ictimai təzyiq nəticəsində Azərbaycan SSR Ali Soveti SSRİ-də Baltik respublikalarından sonra ilk dəfə olaraq respublika qanunlarının İttifaq qanunları üzərində prioritetliyini bəyan edən “Azərbaycan SSR- in iqtisadi suverenliyi haqqında” Qanunu qəbul etdi. 1990-cı ilin 20 yanvarında İmperiyanın Azərbaycana hərbi təcavüzlə törətdiyi qətliam zamanı xalqın milyonlarla Azərbaycan insanının dünyanın ən güclü ordularından birinə qarşı əliyalın müqavimətində ifadə olunmuş iradəsini əsas götürərək,  öz proqram prinsiplərinə uyğun olaraq,  Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın SSRİ tərkibindən çıxmaqla tam müstəqil dövlət olması uğrunda mübarizəyə başladığını elan etdi.

Totalitar idarəçilik  rejiminin saxlandığı, antidemokratik   şəraitdə demokratik mübarizə formalarından istifadənin nümunəsi olan 1990-cı il Ali Sovet seçkilərindən sonra tarixdə  “Demokratik Blok “ kimi qalmış, əksəriyyətini Azərbaycan Xalq Cəbhəsi üzvü  olan deputatların təşkil etdiyi “Müstəqil Azərbaycan” Deputat Bloku fəaliyətə başladığı ilk andan Azərbaycan Xalq Cəbhəsinin təşkilati və kütləvi aksiyalarda ifadə edilən dəstəyinə arxalanaraq SSRİ tərkibindən çıxmaqla  Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq məsələsini parlament müstəvisinə gətirdi. 1991-ci ilin martında SSRİ-nin saxlanması haqqında referendum keçirilməsinə qarşı parlamentdə aparılan  mübarizə, Elçibəylə birlikdə həmin deputatların bir qrupunun keçirdiyi aclıq aksiyası müstəqillik uğrunda mücadilə tariximizin parlaq səhifələrindən oldu və 43 nəfərdən ibarət bu deputatlar xalq tərəfindən istiqlalçı deputatlar adına layiq görülərək, istiqlal tarixinə  yazıldılar.

1991-ci ilin avqustunda Moskvada imperiyapərəst qüvvələrin SSRİ-ni saxlamaq  məqsədilə həyata keçirdikləri dövlət çevrilişi cəhdinə qarşı  SSRİ-də ilk olaraq Azərbaycan Xalq Cəbhəsinin sədri  Əbülfəz Elçibəy Bəyanat verərək Azərbaycan xalqını demokratiyanı müdafiə etməyə və müstəqillik uğrunda açıq mübarizəyə çağırdı.  Həmin günlərdə Ə. Elçibəyin liderliyində Azərbaycan Xalq Cəbhəsinin mübarizəsi və Moskvada  imperiyapərəst qüvvələrin qiyamının yatırılmasından sonra yaranmış siyasi vəziyyətin təsiri altında  Azərbaycan Respublikasının  Ali Soveti avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannaməni qəbul edərək, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanıb qəbul edilməsi qərarını aldı və 18 oktyabr 1991-ci il tarixində Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilərək Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.

Ə.Elçibəy müstəqil Azərbaycan dövlətinin yaranmasının xalqımızın tarixində yerini, rolunu və əhəmiyyətini aşağıdakı şəkildə dəyərləndirirdi: ”Milli Azadlıq Hərəkatının indiki mərhələdə əsas nailiyyəti olan Azərbaycan Respublikası bu hərəkatın bundan sonrakı uğurlarının əsas şərti və vasitəsidir. Yəni güneyin, həm də digər yurdların taleyi həlledici şəkildə Azərbaycan Respublikasının taleyindən asılıdır. Azərbaycan Respublikası hansı dövlətin ərazisində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli- siyasi sərvətidir. Bu ideya hər bir azərbaycanlının şüuruna hakim olmalıdır. Güclü, inkişaf etmiş, öz vətəndaşına ləyaqətli həyat təmin edən, dünya dövlətləri sırasında  layiqli yer tutan  Azərbaycan Respublikası qələbəmizin mənbəyidir”. 30 illik müstəqillik tarixi bu dəyərləndirmənin əyani sübutudur.

2020- ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Xalqının erməni işğalçıları üzərində tarixi zəfəri, işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsi, erməni ekspansiyasının dayandırılması və erməni faşizminin həlledici şəkildə sarsıdılması Azərbaycan Respublikasının müstəqil dövlət olması sayəsində mümkün olmuşdur. 2020-ci il müharibəsində qələbə həm də Azərbaycan xalqının dövlətqurucu, dövlət yaradan, dövlətini qoruyub saxlamağa, müdafiə etməyə, möhkəmləndirməyə qadir olan xalq kimi qüdrətini və potensialını ortaya qoymaqla, bütün dünyaya nümayiş etdirmişdir.

Elçibəy İnstitutu əziz xalqımızı dövlət müstəqilliyimizin bərpasının 30 illiyi münasibəti ilə təbrik edir və dərindən inanır ki, istiqlaliyyətini bərpa edib müstəqil dövlət qurduğu   kimi, müstəqil dövlət olmanın imkan və resurslarından tam şəkildə yararlanaraq, Rəsulzadə-Elçibəy yolu  ilə ən müasir mədəniyyətlər səviyyəsində inkişaf etmiş, demokratik dəyərlər və azadlıqların bərqərar olduğu, vətəndaşlarının təminatlı rifah içərisində yaşayacağı Azərbaycana da çatacaqdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button