Elçibəy kimi oğullar-ELÇİBƏY YAZI MÜSABİQƏSİ

1938-ci il iyun ayının 24-i idi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində Qədirqulu kişinin ailəsində sevinc dolu anlar yaşandı. Dünyaya bir oğlan uşağı göz açdı. O zaman heç kimin ağlına gəlməzdi ki, bu balaca körpə gələcəkdə Azərbaycan Respublikasının görkəmli dövlət xadimi, türk dünyasının tanınmış siması, dövlətimizin sayca ikinci prezidenti olacaq.

İndi isə gəlin Əbülfəz Elçibəyin həyat yolu ilə tanış olaq. O, özünün 1992-ci ildə nəşr olunmuş “Deyirdim ki, bu quruluş dağılacaq” adlı kitabında tərcümeyi-halını belə təqdim etmişdir:

“1938-ci ilin iyun ayında Ordubad rayonunun Kələki kəndində doğulmuşam. Atam – Əliyev Qədirqulu Mərdan oğlu rus-alman müharibəsində həlak olub. Onuncu sinifdə oxuyanda eşitdim ki, ADU-da (indiki BDU) şərqşünaslıq fakültəsi açılacaq. Nizami, Xəqani, Füzuli və başqa şairləri düzgün anlamaq məqsədilə həmin fakültəyə hazırlaşırdım. 1959-cu ildə şərqşünaslıq şöbəsinin ərəb filologiyası üzrə bölümünə daxil oldum. II-III kurslarda oxuyarkən tarixi-siyasi məsələlər məni özünə çəkirdi. Sonra mən Misirdə iki ilə yaxın (1963-1964-ci illər) tərcüməçi işlədim”.

Bu hissədə Əbülfəz Elçibəyin gənclik dövrünə qədərki həyatını sizə nəql etdim. Vətənə qayıtdıqdan sonra 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub. 1975-ci ilin yanvarında Azərbaycan DTK-sı onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs etdirib. Bir il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra – 1976-cı ilin dekabrında  Azərbaycan  EA Əlyazmalar institutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. Sonralar aparıcı elmi işçi, şöbə müdiri vəzifələrinə kimi yüksəlib.

Gördüyünüz kimi, Əbülfəz Elçibəy heç də “bəy” mühitində həyatını keçirməmişdir. Onun həyatı çox keşməkeşli olmuşdur. Onun bu müddət ərzində siyasi fikirləri formalaşmış, həyat təcrübəsi artmış, milli ruhda yetişmişdir. Əbülfəz Elçibəy həyatının ən xoş hadisəsini belə qeyd edir: “Həyatımda ən xoş günlərdən biri 1989-cu ilin 16 iyulunda Azərbaycan Xalq Cəbhəsinin yaranması və onun sədri seçilməyimdir”.

Əbülfəz Elçibəyin rəhbərliyi altında xalq hərəkatı geniş vüsət aldı və artıq ölkəmiz öz müstəqilliyini elan etdi (1991-ci il 18 oktyabr). 1992-ci ilin fevralında Xocalı hadisəsindən sonra Azərbaycanın o dövrdəki prezidenti Ayaz Mütəllibov istefa verdi və keçirilən seçkilərdə Əbülfəz Elçibəy ölkəmizin sayca ikinci prezidenti oldu. O, əsl bir vətənpərvər idi. Vətənini, arzusunda olduğu “Turan elləri”ni, xalqını çox sevirdi. Prezident olduqdan sonra rus qoşunlarının ölkədən çıxarılmasını tələb etmişdi. Onun qətiyyətli mövqeyi sayəsində rus qoşunları qısa müddət ərzində ölkədən çıxarıldı. Bu addım onun necə vətənpərvər bir dövlət xadimi olduğunu bir daha sübut etdi.

Əbülfəz Elçibəy ADU-da müəllim kimi çalışdığından tələbələrin universitetə qəbulu zamanı neqativ halları görməyə bilməzdi. Buna görə də onun hakimiyyəti dövründə Tələbə Qəbulu üzrə Dövlət Komitəsi – TQDK yaradıldı. Qəbul vahid mərkəz tərəfindən test üsulu ilə tam dövlət nəzarəti altında keçirilməyə başlandı. Korrupsiya və rüşvətxorluq aradan qaldırıldı.

Əbülfəz Elçibəy əsl demokrat idi. O, hakimiyyəti dövründə yalnız demokratiyanın yayılmasına çalışırdı. Kəlbəcərin işğal olunması onun hakimiyyətinin zəifləməsinə, qüdrətinin sarsılmasına səbəb olmuşdu. Vəziyyət gərginləşməkdə idi. Sürət Hüseynov, Ələkrəm Hümbətov kimi vətənə xəyanət etmiş şəxslər ölkədəki sabitliyi pozurdular. Ölkədə vətəndaş müharibəsinin başlanacağını hiss edən Əbülfəz Elçibəy prezident vəzifəsindən istefa verdi. Öz yerini könüllü şəkildə ümummilli lider Heydər Əliyevə təslim etdi. Məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. Heydər Əliyev müstəqil Azərbaycanı işıqlı gələcəyə doğru apardı.

1993-cü ilin iyun ayında Əbülfəz Elçibəy doğulduğu Kələki kəndinə gedir. Burada dörd il dörd ay qaldıqdan sonra 1997-ci ildə Bakıya qayıdır.Yenidən Azərbaycan müxalifətinin rəhbərinə çevrilir. Həmin ilin noyabrında “Bütöv Azərbaycan Birliyi”ni yaratdı və ona başçılıq etməyə başladı.

Həyatı gərgin mübarizələrlə keçən, Azərbaycan xalqının rifahı və milli istiqlalı uğrunda mübarizə aparan  Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada əbədi olaraq gözlərini yumdu. Elçibəy ömrü boyunca xalqımızın daha yaxşı yaşaması, demokratiyanı mənimsəmək üçün vuruşmuş və xalqımızın tarixində silinməz dərin iz buraxmışdır. Onun görmək istədiyi müstəqil Azərbaycan sona qədər öz müstəqilliyini qoruyacaq və işğal olunmuş torpaqlarımız tezliklə geri qaytarılacaqdır. Əbülfəz Elçibəy kimi oğulların ruhu şad olacaqdır. Azərbaycan xalqı belə oğulları heç vaxt unutmur, qəlbində yaşadır. İllər ötsə də, Əbülfəz Elçibəyin xatirəsi həmişə yad olunacaq, yubileyləri dövlət səviyyəsində qeyd olunacaqdır.

 

Bəkirov Ümid

Kürdəmi rayonu, Yenikənd kəndi

Qeyd: Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button