Elçibəyim! – ELÇİBƏY YAZI MÜSABİQƏSİ

Cəlil Cavanşirin Elçibəy barədə yazısını oxudum. Açığı, bəy barədə dəfələrlə status və şeir yazsam da, bu yazı məhz o yazının, Cəlilin yazısının təsiri idi.

Elçibəy barədə danışanda heç zaman umumi danışmaq istəmədim. Bilmədim nə sirrdisə həmişə sonuna mənsubiyyət şəkilıçisi əlavə edib “Elçibəyim” dedim və əminəm ki, bu, Elçibəysevərlərin çoxunda belədir.

Kim idi Elçibəyim?! Bu yaşa qədər çox insanlar tanıdım, amma cəmi bir insan, Elçibəyim İmam Hüseyndən sonra mənim qəlbimdə, mənim düşüncəmdə qəhrəmanım oldu…

Əfsus ki, mən qəhrəmanımla real həyatda bir kəlmə də kəsə bilmədim. Bəli, düz oxudunuz, real həyatda… Bir dəfə onunla söhbət etmişdim, amma dediyim kimi real həyatda yox, Babək qalasını ziyarət etdiyim üçün fars rejimi məni həbs edib ETTELAAT-a gətirmişdi. Bununla da gözləri doymayan, Türkə nifrəti vulkan kimi püskürən, bu insan cildində olub, amma insan ola bilməyənlər mənim gözümü bağlayıb bir otaqa salmışdılar…

Bütün doğmalardan uzaq, qaranlıq otaq… Açığı, bir az təntitmişdi məni, nə edəcəyimi bilmirdim. Gözü bağlı oturduğum otaqda nə edəcəyimi düşünürdüm. Durub əlimlə yoxlaya-yoxlaya qapını tapıb, döyəcləməyə başladım.

Qapının o tayından kimsə “sakit ol! Nə istərsən?” dedi. Öz dilimizdə eşitdiyim söz bir az ürəyimə su səpsə də, tez-tələsik “Mən hardayam? Niyə gətirmisiz məni bura?” dedim. Amma cavab yox idi. Dəfələrlə bunu etdim, dəfələrlə qarşı tərəfə “Bəs sən kimsən? Niyə cavab vermirsən?” deyə sorsam da, eyni cavabı alırdım, “Sakit ol!”

Yerə oturub nə olacaqını düşünürdüm. Bu vaxt qabağımda kiminsə dayandıqını hiss etdim. Hətta hiss etdim ki, o da mənim kimi yerə çömbəlib oturub mənə baxır. Gözlərim bağlı olsa da, sanki hisslərim gözümü əvəz edirdi.

O, “niyə belə naşükürsən?” dedi.

Qəfil gəlişi və verdiyi sual və düşünmədən verdiyim cavab:

“Mən naşükür deyiləm!

Sadəcə gözlərimin açılmasını istəyirəm.”

O, yenə də eyni təmkinlə dedi:

“Bilirsən? Yox, bilmirsən! Sən bilmirsən necə xoşbəxtsən… Bilmirsən ki, nə qədər insan “Bir dəfə Təbrizi görüm sonra canımı al.” Tanrıya üz tutsa Təbrizi görmədən “Təbriz” deyə-deyə can verən insanlar sənə necə paxıllıq edir. Mən sən yaşda olanda Təbrizi görmək üçün can verməyə hazır idim, amma sən bu yaşda Təbrizi görmüsən. Niyə bu xoşbəxtliyinə qane olmursan?”

Mən yenə “Gözlərimin açılmasını istəyirəm” dedim.

“Bəyəm gözün bağlımı? Bəyəm VƏTƏNİ görməyə gözə ehtiyac varmı ?”

Qəfil “Axı qapı acılmadı, bu adam içəri necə girib?!” deyə düşümdüm. Axı “Siz kimsiz?” dedim.

O adam “Aç gözünü, bax, amma mənə yox, özünə bax. Özünü tanısan, məni tanıyarsan. Məni tanısan xoşbəxt olduğunu anlarsan” dedi. Sanki röyadan ayıldım. Qabağımda kimsə yox idi.

Uzaqdan qulağıma bir şərqi dəyirdi, sanki mənə ürək-dirək verirdi…

“Mavi mavi, masmavi

Gözleri boncuk mavi.

Bir gördüm aşık oldum –

Bu gelen kimin yari?”

Və o zaman anladım, gələn O idi… Gələn Elçibəyim idi. Harada bir Türk dardasa, özünü ona yetirən Elçibəyim.

İnan, O gəlib gedəndən sonra, məhkəmə önünə çıxana qədər onu yanımda hiss etdim.Artıq farsın qabağında özünü tək hiss edən, nə edəcəyini bilməyən bir insan yox. Farsa “Mən Azərbaycan vətəndaşıyam! Mənə olunacaq istənilən pisliyə görə dövlətim qarşısında cavab verəcəksiniz!” deyən dəlisov bir Türk dayanmışdı. Çünki O artıq öz komandirini yanında duyurdu.

Milli yaddaşımla problemim olmasa da, şəxsi yaddaşımda həmişə problemim olub. Dəqiq xatırlamıram hansı il idi, amma dəqiq xatırlayıram insan seli “Motodrom”u titrədirdi və hamı kimi mən də onun çıxısını gözləyirdim. Çünki bizi o meydana onun sehri cəm etmişdi. Amma o bunu etməsəydi o olmazdı ki.

Reqlamentə uyğun ona ayrılmış vaxtı “Məndən də çox danışmaq haqqı olan birinə verirəm” deyəndə içimdə hayqırdım, “Axı kimdir sizdən çox danışmağa haqqı olan?!” dedim.

O isə artıq mikrofonu Milli Qəhrəman Maşallah bəyə vermişdi. Bəli, onun düşüncəsi bu idi. Siyasilərdən çox döyüşçülərin danışmaq haqqı var idi və o, bu haqqı tanıyırdı.Tanımaqla kifayətlənməyib hamıya tanıdırdı. Çünki qəhrəmanına qiymət verməyən millətin torpaqı işğal olar və o yüzminlərin qəhrəmanı olan Elçibəyimin qəhrəmanı səngərdə döyüşən əsgərlər idi…

Yenə tarixi unutsam da məkan yadımdadır .”20 Yanvar ” metrosundan qələbə meydanına yürüşə hazırlaşırdıq, diqqətimi bir kişi cəlb etdi. Hamıya yaxınlaşıb eyni cür tərif edirdi. Bütün liderlərə meydana məhz onun üçün gəldiyini, xalqın tək nicatının o olduqunu deyirdi. Təbii ki, liderlər bu insanın xislətini bildikləri üçün ona o qədər də zaman ayırmırdı, amma Elçibəyim yenə böyüklüyünü göstərib ona inanırmış kimi diqqətlə onu dinlədi. Bəlkə də o insanın öncəki liderlərdən gördüyü soyuqluğu oz isti munasibəti ilə aradan qaldırmaq istəyirdim. Bəlkə də onu təhqir edən jurnalist barədə “əşşi qoy bir nəfər də məni təhqir etməklə balasına çorək alsın” deyən böyük insan “bu dəfə də eybi yox, qoy bu insan öz yalanına inanmasa da, mən onun yalanına inanım” düçüncəsi ilə onu səbrlə dinlədi və sonda “Mən də bu meydana sizlərdən otrü gəldim” dedi. Bunu tək o edə bilərdi. Məhz Elçibəyim millətin hər bir üzvünə eyni sevgi, eyni qayğı ilə yanaşırdı. Hərdən özümə sual verirdim “Necə çatdıra bilər insan bu qədər sevgini?!” Sonda cavabı da özüm verirdim “Elçibəy bunu bacardığı ücün bu gün ona “Elçibəyim”” deyirəm.

Süsən adında bir millətçi, gənc xanım dostum var idi. Bir dəfə o məni Elçibəyi gördüyüm üçün xoşbəxt, amma onunla kəlmə kəsmədiyim üçün bədbəxt adlandırmışdı və əlavə etmişdi ki, mən Elçibəyi görə bilmədim. Buna görə özünü bədbəxt hesab edirəm!

Nədənsə o xanımı hər dəfə görəndə yadıma 1921-ci ildə doğulub 1940-ci ildə “Müsavat”çı adı ilə güllələnən gənc yadıma düşürdü. Bu xanım da görmədiyi Elçibəy barədə elə yanğı ilə danışırdı ki, inanın, həmin anlar əlimdə imkan olsa öz ömrümü Elçibəyin ömrünə yükləyərdim ki, bu xanım onu görüb xoşbəxt olsun.

Bir dəfə Susan xanım “Elçibəy sağ olsaydı, bir ömür boyu onun qulluğunda durardım. Mənim ailəm O olardı, ömrümü ona həsr edərdim” dedi.

Mən “bəy buna razı olmazdı, çünki o öz ömrünü millətə həsr etmişdi. Kiminsə onun qulluğunda durmağına razı olmazdı!” dedim.

Sonda bəy gedişini bəy gedişi edib getdi. Onu insan olaraq yox, onu amal kimi, məqsəd kimi sevən “Cəhbəçilər”in “Bakıya gələk, Sürəti yerində oturdub yenidən cəhbəyə dönərik” deyən əsgərlərə “Sizin missiyanız məni yox, VƏTƏNİ qorumaqdır” deyib getmişdi.

Əslində O getməmişdi, O sadəcə kresloya, vəzifəyə yox, millətə olan sevgisinin isbatı kimi oz kəndinə qayıtmışdı və bəy əmin idi 23 ay boyunca daddığı azadlıq şərbətinin eşqinə meydanları dolduran millət bu dəfə azadlığını kiməsə qurban verməyəcəkdi… Elçibəyim bu azadlığın həm peyğəmbəri, həm imamı, həm də birinci qurbanı idi.

Allah qurbanını qəbul etdi… Rahat uyu,VƏTƏN FƏDAİSİ ELÇİBƏYİM!

Manaf Kərimov (Yetim Qacar)

Yazı “Elçibəy 80” yazı müsabiqəsinə təqdim olunmaq üçün dərc olunur

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button