Elçin Məmmədin cəzası azaldılmadı

İki ilə yaxındır ki, həbsdədir...

Dünən Suraxanı rayon məhkəməsi həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəzlənməsinə dair ərizəsinə baxıb. Hakim Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə hüquq müdafiəçisinin müraciətini təmin etməyib. Bu barədə Məmmədin rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Cəmiyyətinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Elçin Məmməd iki ilə yaxındır həbsdədir və artıq cəzasının 1/3-ni çəkib.

O, məhkəmədən qalan həbs müddətini şərti cəza ilə əvəz etməyi və ya onu məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürməyi xahiş edib.

Vəkil Fariz Namazlı qeyd edib ki, Məmməd cəzaçəkmə müəssisəsində tətbiq olunan rejim qaydalarına əməl edib və barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməyib. Bundan başqa, onun anasının 68 yaşı var və ağır xəstədir, oğul qayğısına möhtacdır. Hüquq müdafiəçisinin 2 azyaşlı övladı da ata qayğısından kənarda qalıb.

Amma Suraxanı rayon məhkəməsi Penitensiar Müəssisənin mülahizəsinə əsasən cəzanı yumşaltmaqdan imtina edib.

Cəzaçəkmə müəssisəsi mülahizəsində qeyd edib ki, Elçin Məmməd “bu dövr ərzində hər hansı qayda pozuntusuna yol verməsə də, ittiham olunduğu cinayətdə təqsirini etiraf etməyib”.

Amma müdafiə tərəfin fikrincə, məhkəmənində bunu əsas götürməsi qanunvericiliyin tələbinə və Ali Məhkəmənin Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyinə ziddir. Elçin Məmməd yerli məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Məmməd hüquqi ayrı-seçkiliyə məruz qaldığını hesab edir, belə ki, son üç ayda onun cəzasını çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən 80-dən çox məhbus vaxtından əvvəl azad edilib.

Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi Sumqayıt Gənclərin Hüquqi Maarifləndirilməsi QHT-nin rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi “oğurluq” və “qanunsuz silah və döyüş sursatı saxlamaqda” təqsirli bilərək, 4 il azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bir müddət əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.

Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.   Amnesty İnternational, PEN,  FİACAT, OMCT, FİDH, CJFE və digər nüfuzlu beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button