Elçin Məmmədin məhkəməsində ziddiyyətli ifadələr…

“Sumqayıt Gəncləri Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin mətbuat xidmətindən redaksiyamıza məlumat daxil olub. Xural.com məlumatı təqdim edir:

Hüquq müdafiəçisi Elçin Məmmədin məhkəməsinin gedişi onun əsassız həbs olunduğunu göstərir. Zərərçəkmiş və icarədarın ziddiyyətli ifadələri, onların fikir yayındırmaları cinayət işinin sifarişli olduğunu təsdiq edir.
Avqustun 26-da hüquq müdafiəçisi Elçin Məmmədin məhkəmə prosesi davam edib. Ona qarşı açılmış cinayət işinə Sumqayıt şəhər məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə baxılıb. Vəkil Fariz Namazlı onun hüqüqlarını müdafiə edib. Qeyd edək ki, Elçin Məmməd bu ilin mart ayında həbs edilib. Ona qarşı oğurluq və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və hesab edir ki, rəhbəri olduğu QHT-nin ofisində axtarış zamanı tapılan əşyalar qabaqcadan yerləşdirilib.
Həmin gün zərərçəkmiş qismində Aysel Mustafayeva ifadə verib. Ona qarşı ünvanlanan suallara cavabında və ifadələrində ziddiyətli məqamlar meydana çıxır. Belə ki, vəkilin “qızıl zinət əşyalarını hardan, nə zaman, və kimdən almısınız” sualına cavabında bildirib ki, həmin əşyaları iki il öncə Moskva univermağından alıb. Ancaq kimdən aldığını deyə bilməyib və sonda ona hədiyyə verildiyini deyib.
Aysel Mustafayeva ifadəsində bildirib ki, bu ilin martın 14-də hüquqi yardım və miqrasiya məsələləri ilə bağlı Elçin Məmməd ilə görüşüb. O, oğurlandığını iddia etdiyi qızıl zinət əşyalarını özü ilə götürüb ki, pulu olmasa da həmin əşyaları satıb guya Elçin Məmmədə verə biləcəyini göstərsin. Lakin hüquq müdafiəçisi görüş yerini tez tərk edib, guya gizli şəkildə götürdüyü həmin əşyaları özü ilə aparıb. Sonradan Elçin Məmməd ilə əlaqə saxlaya bilməyib və polisə şikayət edib. Aysel Mustafayeva həmçinin görüş zamanı deyib ki, hüquqi yardımla bağlı veriləcək pulu yoxdur və ticarəti ilə məşğul olduğu ətirləri satıb ödəyəcəkdir. Ancaq görüş zamanı gətirdiyi qızıllar barədə bildirməyib. Belə olan halda hansı məntiqlə qızılını satıb Elçin Məmmədə verəcəyini göstərmək üçün həmin əşyaları görüşə gətirə bilməsini şikayətçi qadın izah edə bilməyib.
Zərərçəkmiş həmçinin ifadəsində bildirib ki, görüş yerini tərk edərkən taksi çağırıb, ancaq maraqlı odur ki, taksinin gediş haqqını ödəmək üçün çantasından pulu götürən zaman qızıl əşyaların yoxluğu diqqətini çəkməyib.
Aysel Mustafayevanın ifadəsində daha bir ziddiyyətli məqam diqqəti çəkib. Həmin şəxs qızıl əşyalarının yoxluğunu martın 15-də bilib və dərhal hüquq müdafiəçisindən şüphələnib, ancaq martın 24-də polis bölməsinə şikayət edib. O, fikrini belə əsaslandırıb ki, guya 10 gün ərzində dəfələrlə zəng edib və götürdüyü əşyaları xoşluqla qaytarmağı tələb edib. Elçin Məmməd isə bildirib ki, qadın ona ancaq bir dəfə – ayın 17-də zəng edib və təhqir dolu mesaj yazıb. Hətta hüquq müdafiəçisi bu zaman bildirib ki, məsələnin üzərinə birlikdə düşə bilərlər və ona oğurluq hadisəsi ilə bağlı şikayət yazmaqda kömək edə bilər. Lakin Aysel Mustafayeva israrla və qərəzli şəkildə oğurluğun Elçin Məmməd tərəfindən törədildiyini yazıb. Elçin Məmməd zəng siyahısı və mesajı hakimə təqdim edib.
Məhkəmədə Aysel Mustafayevanın başqa polislər tərəfindən xüsusi qorunduğu və onların əhatəsində olduğu diqqətdən yayınmayıb. Aysel Mustafayevanın ziddiyyətli və həqiqətə uyğun olmayan ifadələri bir daha təsdiq edib ki, hüquq müdafiəçisinə qarşı şikayət yalandır. Onun bu hərəkəti sifarişlidir və Elçin Məmmədin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Xatırladaq ki, Aysel Mustafayeva ötən il jurnalist Kriminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində də şikayət verib. Jurnalist bu şikayət əsasında “Bandotdel”də saxlanılıb. Həmin qadın ötən ilin noyabrında Ermənistana keçəcəyi barədə sosial şəbəkələrdə hədələyici tonlarla ölkə başçısına müraciətilə məşhurdur.
Daha sonra hüquq müdafiəçisinin rəhbərlik etdiyi QHT-nin ofisinin icarədarı Elçin Quliyev ifadə verib. Hazırda Sumqayıt şəhər icra hakimiyyətində təsərrüfat müdiri vəzifəsində işləyən icarədarın da sözlərində ziddiyyətlər açıq görünür. Belə ki, Elçin Quliyev bildirib ki, ötən ilin avqustunda dünyasını dəyişmiş mərhum atası ilə birgə ancaq hüquq müdafiəçisi ilə əlaqə saxlayıb. O, qeyd edib ki, atası dünyasını dəyişəndən sonra dəfn işlərinə başı qarışıb və bu müddət ərzində Elçin Məmmədlə əlaqə saxlamayıb, ofislə maraqlanmayıb. Onun Elçin Məmmədlə yazışmaları məhkəməyə təqdim edilib. Maraqlıdır, icarədarın mərhum atasının dəfn işləri neçə müddət gedib ki, belə uzun müddət məsafədə Elçin Məmmədlə əlaqə saxlaya bilməyib? Bundan əlavə, mərhum atasının ölümündən sonra təxminən bir ilə yaxın dövrdə onlara icarə haqları lazım olmadımı? Həmçinin icarədara bu müddət ərzində icarəyə verdiyi ofisdə hansı işlər görüldüyü maraqlı olmadı? Heç Elçin Məmmədlə mərhum atasının hüzr mərasimində də görüşmək imkanı olmadı? İcarədar bu suallara cavab tapa bilməyib və fikri yayındırmağa çalışıb. Buna baxmayaraq, bildirib ki, ofisin əlavə açarı onda da olub və işıq sayğacının göstəricilərini yazıb. Onun sözlərinə görə ayda bir dəfə, iki aydan bir ofisə gələrək sayğac göstəricilərini işıqçıya verib.
Ancaq Elçin Məmmədə bu barədə məlumat verməyib. Qeyd edək ki, hüquq müfafiəçisi barədə cinayət işi martın 28-də açılıb və iki gün sonra həmin ofisdə axtarış aparılıb. Buna baxmayaraq, ofisin icarədarı iki ay sonra, yəni mayın 28-də istintaq şöbəsinə çağrılıb, yəni şahid qismində ifadə verib.
Elçin Məmməd hesab edir ki, axtarış zamanı ofisdə tapılan əşyalar qabaqcadan oraya yerləşdirilib. Bu əməliyyat icarədarın dəstəyi və ya birbaşa iştirakı ilə həyata keçirilib. Elçin Quliyevin suallardan yayınması, ziddiyyətli ifadəsi həmçinin ofisin açarının bir nüsxəsinin də onda olması, işıq sayğacına görə ofisə dəfələrlə xəbərsiz daxil olması şüphələri artırıb.
Növbəti məhkəmə prosesi sentyabrın 2-də hüquq müdafiəçisinin ofisində axtarış aparan polis əməkdaşlarının ifadələri ilə davam etdiriləcək.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button