Elçin Qəmbərovun getməkliyi

«Azadlıq» və «Xural» qəzetləri hakimiyyətin aylarla üzərində işlədiyi və əlləşib-vuruşduğu daha bir bədnam əməliyyatı puça çıxardı…

«Azadlıq» və «Xural» qəzetləri Turqut Ərin məlum və məşhur kitabına qarşı hakimiyyətin cavab yazdırmasını gündəmə gətirib. Məlumat veriblər ki, Turqut Ərə cavabı Prezident Administrasiyası yetkilisinin sifarişi ilə «AXCP üzvü», «Əli Kərimlinin yaxın adamı» hazırlayıb.

«Yeni Müsavat» qəzeti bu informasiyanı aydınlaşdırmaq üçün araşdırmaya başlayıb. Daha doğrusu, araşdırma aparmağa çalışıb, amma tanınmış vəkil Elçin Qəmbərov imkan verməyib. Adətən, bu tip araşdırmalar belə olur: məlumatda adı çəkilməyən «cızılan obrazı» ilk ağla gələn adamların bir-bir boyuna tutur, ölçü uyğun gələndə həmin şəxslərdən münasibət öyrənirlər; qarşı tərəf nəm-nüm eləyəndə jurnalist keçir hücuma, başlayır ki, bəs, «filan bənzətmədə özünüzü görmürsünüz»? Hədəfə gələn də əks arqumentlə cavab verir və jurnalist digər «boylu»ları danışdırıb, nəticəni oxucunun ixtiyarına buraxır.

Amma bu dəfə yenimüsavatlı həmkarımız tam ayrı, tərs bir duruma düşüb: Elçin Qəmbərov daş atıb başını tutub ki, «Azadlıq»la «Xural» məhz məni nəzərdə tutur, bu informasiya cəfəngiyyatdır və s. Sitat: «Bəlkə bu xəbərdə siz nəzərdə tutulmursunuz, bəlkə başqa bir adam doğrudan da kitab yazır» – sualına E.Qəmbərovun cavabı belə oldu: «Yox, burada ad çəkilməsə də, söhbət məhz məndən gedir. Lakin orada yazılanlar cəfəngiyyatdır».

Sözügedən qəzetlər doğrudanmı elə obraz cızıblar ki, Elçin Qəmbərovun boy-buxununa tam uyğun gəlib və hörmətli vəkil bundan əndişəyə düşüb?

Əvvəlcə, «Azadlıq» qəzetinin «təyinlərinə» baxaq:

1. Kitab «hakimiyyətin nəzarəti altında olan bir müxalifətçinin imzası ilə çıxacaq»;

2. «Bu kitabın müəlliflik hüququ bir AXCP üzvünə veriləcək»;

3. «Həmin şəxsin hakimiyyətlə çox qapalı əlaqələri var».

Elçin Qəmbərov AXCP üzvlüyündən ötən il istefa verdiyini bildirirsə, «hakimiyyətin nəzarətində olan müxalifətçi» deyilsə, «hakimiyyətlə qapalı əlaqələri» yoxdursa, niyə elə hesab edir ki, «Azadlıq» məhz onu nəzərdə tutub?

Keçək, «Xural»ın çızdığı portretə:

1. Turqut Ərin dosyesi Əli Kərimlinin yaxın adamı, daim müxalif mövqeyi ilə seçilən tanınmış vəkillərdən birinə ötürülüb;

2. Həmin vəkil külli miqdarda qonorar müqabilində kitab yazmağa razılaşıb;

3. Tanınmış vəkil… bu kitabda həmmüəllif ola biləcəyini də yaxın ətrafına özü deyib.

«Əli Kərimlinin yaxın adamı olan vəkil» təyinatı nə vaxtdan yalnız Elçin Qəmbərovun boyuna biçilib? Əksinə, Qəmbərov AXCP-dən ötən il getdiyini deyirsə, bu «təyin» Elçin bəyin timsalında simasını itirir.

Ağlı başında olan kimsə «tanınmış vəkil» epitetinin də təkcə E.Qəmbərova aid olunduğu düşünməz – ən azı, bu sırada birnəfəsə 30 vəkilin adını çəkmək olar.

Bəs, nə olub, Elçin bəy? Niyə həyəcanlanmısınız? Nə baş verib?

Elçin bəy bütün ittihamları üstünə çəkir, «hardan bilirsən ki, hakimiyyət Turqut Ərə qarşı yazı sifariş etməyib» sualının doğurduğu çoxmənalı şübhələri nəzərə almadan belə bir kitabın başqaları tərəfindən yazılma ehtimalını qətiyyətlə təkzib edir və deyir: «Rəsmilik bir yana, mənəvi baxımdan da bu hadisələrdən sonra partiyada qala bilmərəm».

Vallah, mən bilmirdim ki, adam partiyadan «rəsmən» çıxanda, «mənəvi»ni keçmiş əqidədaşlarının yanında qoyub qalır. Adətən, tərsinə olur axı: adam mənən qırılır, sonra rəsmən gedir!

Nəsə, Elçin Qəmbərov da beləcə tərs getdi – sözün bütün mənalarında!

Baxmayaraq ki, biz yazdıqlarımızdan bir neçə gün keçmədi ki, mətbuat konfransı keçirdi və Turqut Ərlə bağlı həqiqətən kitab yazmaq istədiyini, Türkiyənin 1994-1995-ci illərdə baş verən hadisələrdə yaxından iştirak etdiyini söylədi, amma bu, daha çox daldan atılan daşa bənzədi. Bir şey dəqiq aydın oldu:

«Azadlıq» və «Xural» qəzetləri hakimiyyətin aylarla üzərində işlədiyi və əlləşib-vuruşduğu daha bir bədnam əməliyyatı puça çıxardı…

Hamımıza keçmiş olsun…

Moderator

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button